Şahin Həsənlinin cibinə sursatı rəisin bacısı oğlu qoyub

AXCP funksionerinin üzünə duranların isə narkotacirlər olduğu bildirilir

Şəmkir rayon polis şöbəsinin əməkdaşları tərəfindən şərlənən AXCP funksioneri Şahin Həsənliyə bu gün hökm oxunacaq. Bu arada Şahin Həsənli barədə qurama cinayət işi ilə bağlı şok məlumat əldə etmişik. 

Bu məlumat bir daha təsdiq edir ki, AXCP funksionerinin həbsi siyasi sifarişdir. Sən demə, Şahin Həsənlinin cibindən “tapılan” sursatı ora Şəmkir rayon polis şöbəsinin rəisi polis polkovnki Şükür Mehdiyevin bacısı oğlu Cinayət Axtarış Bölməsinin baş əməliyyat müvəkkili Sərxan Ismayılov atıb. Sərxan Ismayılov xüsusi sifariş əsasında əməliyyatı uğurla başa çatdırandan sonra etibarlılığı şübhə doğuran şəxslərdən hal şahidi “düzəldib”. Məlumatlı mənbə bildirib ki, şahidlərin əksəriyyəti narkotacirlər və narkomanlardır. Həmin şəxslər daim Şəmkir polis şöbəsinin həndəvərində hərlənirlər. Bu adamlar qurama işlərdə şahidlik etməklə çörək pulu qazanırlar. Mənbə yaxın vaxtlarda həmin şəxslər barədə məlumatları təfərrüatı ilə redaksiyamıza təqdim edəcəyini bildirib. Sərxan Ismayılova gəlincə, onun hər yerdə Şahin Həsənli ilə bağlı keçirdiyi “uğurlu əməliyyat” barədə fəxrlə danışdığı bildirilir. Polis rəisinin bacısı oğlu bildirir ki, bu əməliyyata görə vəzifəsi və rütbəsi qaldırılacaq.

Şahin Həsənli Ictimai Palatanın məşhur aprel aksiyaları zamanı Şəmkirdə həbs edilib. AXCP və Ictimai Palata ilk gündən həbsin siyasi sifariş olduğunu bəyan edib. Şahin Həsənli də özünə qarşı ittihamların qondarma olduğunu bildirib. Məhkəmə prosesi zamanı da cinayət işinin saxta olduğu üzə çıxıb.

Ərşad