pul-korrupsiya

Əliyevin adı dələduzluq olayında hallandırılır

Vətəndaşın 50 min manat pulunu mənimsəyən şəxs arxasında dövlət başçısının dayandığını iddia edir

Ilham Əliyevin adı dələduzluq olayında hallandırılır. Dövlət başçısının bu hadisəyə nə dərəcədə aidiyyatı olduğunu deyə bilmərik. Amma Bakı sakini Kəmalə Cahangirovanın 50 min manatını mənimsəyən Mübariz Əliyev adlı şəxs zərərçəkənə hədə-qorxu gələrək deyib ki, onun arxasında dövlət başçısı dayandığına görə istənilən qanunsuzuluğu edə bilər. Fakt göydən götürülməyib.
Kəmalə Cahangirova “Azadlıq”a ünvanladığı müraciətdə başına gələn “maliyyə müsibəti”nin təfərrüatlarında bu məqamı xüsusi qeyd edib. Cahagirova yazır ki, Z.Xəlilov küçəsindəki evini sataraq yeni mənzil almaq istəyib. Mənzil axtarışında olan qurban Ilqar adlı tanışı vasitəsilə Dürdanə Əhmədova və Mübariz Əliyevlə təmas qurub. Bu şəxslər Kəmalə Cahangirovaya mənzil tapmaqda yardım edəcəklərini bildiriblər: “Dürdanə əvvəlcə məni Binəqədi rayonunda, Novxanı yolunun yaxınlığında inşa edilən binaya apardı. Lakin burdakı mənzillər xoşuma gəlmədi. Axşam Dürdanə məni Mübarizlə görüşdürdü. Mübariz bildirdi ki, onun Mehdiabadda kərpic zavodu var. Guya o, yeni tikilən binalara kərpic verir. Mənə dedi ki, sənə sərfəli təklif edə bilərəm. Mübarizin təklifi bu idi ki, mən pulu ona verim. O da əvəzində mənzil alacağım tikinti şirkətinə kərpic versin. Mən də ona dedim ki, Naxçıvani-3 küçəsində inşa edilən binalardan mənzil almaq istəyirəm. Həmin binaları ”Ismayıl” MTK-nın inşa edib. Lakin orada sahəsi 65 kvadratmetr olan mənzilin qiyməti 52 min manat idi. Mübariz Əliyev dedi ki, problem yoxdur. Mən onlarla müqavilə bağlayacam”.
Mübariz Əliyevə inanan Kəmalə Cahangirova natorial qaydada ona 10 min manat pul ödəyib. Yerdə qalan pulu da hissə-hissə ödəcəyi barədə öhdəlik götürüb: “Müqavilə bağlanmamış mən onlara 20 min dollar da verdim. Dürdanə Əhmədova adına olan mağazanı girov kimi etibarnamə ilə mənə verdi. Sonra mənzili almağa getdik. Mübariz Əliyev şirkətin Ibad adlı sahibi ilə müqavilə bağladı və ev aldıq. Başqa bir müqaviləyə görə isə Mübariz Əliyev həmin şirkəti kərpiclə təmin etməli idi. Bu proses yekunlaşana kimi mən mübarizə üst-üstə 50 min dollar pul verdim”.
Bundan əlavə Cahangirova qızıl-zinət əşyalarını Dürdanə Əhmədovaya verib: “Mübarizin qızının toyu olmalı idi. Toy ərəfəsində Dürdanə qızıl-zinət əşyalarımı istədi. Dedi ki, toyda taxacam. Mən də 17 min dollar dəyərində qızıl-zinət əşyalarımı ona verdim”.
Hələ ki, nə baş vermədiyini anlamayan qurban yalnız aldığı mənzili təmir etdirmək istəyən zaman aldanıldığını başa düşüb: “Mən mənzil aldığım binaya getdim. Şirkətin sahibi Ibad müəllim məni gördü və dedi ki, sizinlə bağlanmış müqaviləni ləğv etməliyəm. Səbəbini soruşduqda dedi ki, Mübariz bizə vur-tut bir maşın kərpic göndərib, sonra da yoxa çıxıb. O müqaviləni məndən alaraq ləğv elədi. Mən Mübarizi tapdım ondan pulumu tələb etdi. Amma o dedi ki, mənim arxamda prezident Ilham Əliyev dayanır, get nə istəyirsən elə. Sonra Dürdanənin yanına getdim ondan qızıllarımı geri istədim. Lakin o da mənə hədə-qorxu gələrək qızıllarımı qaytarmadı. Onlar mənə deyirlər ki, səni yox eltədirərik”.
Kəmalə Cahangirova başına gələnlərlə bağlı Binəqədi polisinə və prokurorluğuna müraciət edib. Lakin maraqlıdır ki, hər iki qurum dələduzluq faktını araşdırmayıb: “Binəqədinin prokuroru hətta mənə dedi ki, sənin pulu batdı. Bu hadisə 2009-cu ildə olub. Iki il ərzində hüquq-mühafizə orqanlarına dəfələrlə müraciət etmişəm lakin məsələ araşdırılmayıb”.
Hüquq-mühafizə orqanlarının bu məsələdə tutduğu mövqe kifayət qədər maraqlıdır. Hər halda hadisədə Ilham Əliyevin adı hallandırılır. Polis və prokurorluq ən azı buna görə baş verənləri ciddi şəkildə araşdırmalı idi. Araşdırmırsa deməli, işin içində iş var və biz növbəti saylarımızda buna aydınlıq gətirməyə çalışacağıq.

Azad Akifoğlu