Iki təpiyin, iki sözün hikməti

Iyulun 19-da Səbail Rayon Məhkəməsində Ictimai Palatanın 2 aprel aksiyası zamanı həbs olunmuş altı nəfərin işi ilə bağlı məhkəmə istintaqı keçirilib.Məhkəmədə elan olunan ittihamda altı nəfərin (Sahib Kərimov, Babək Həsənov, Zülfüqar Eyvazov, Arif Alışlı, Elşən Həsənov, Elnur Israfilov) asayişi pozduğu, polisin tələbinə məhəl qoymadığı, 25 nəfər mülki şəxsə və polisə xəsarət yetirdikləri deyilir. Eyni zamanda, hərəkətdə olan avtobusu dayandırıb üç nəfəri qaçırdıqları, həmin avtobusa 1325 manat ziyan vurduqları da bildirilir (“Azadlıq” radiosu).

Bu xəbəri oxuyandan sonra it kimi peşimançılıq keçirirəm ki, niyə 2 aprel mitinqində heç olmasa müşahidəçi qismində iştirak eləməmişəm. Sən demə, həmin mitinqdə elə maraqlı, elə dramataik hdisələr baş verib ki, Şakaynan Ciminin filmləri belə onun yanında heç nədi. Hərəkətdə olan avtobusa basqın eləyib üç nəfəri qaçırır və sair hoqqalar göstərmək! Nə gözəl mənzərə…

O vaxt Hind filmlərinə baxanda elə bilirdim ki, döyüş səhnələri hamısı uydurma və əfsanədi. Bir yumruğa 10 nəfəri şil-küt eləmək olmaz. Ancaq keçirilən məhkəməyə aid xəbəri, iddianı, ittiham olunanların çıxışlarını oxuyub əmin oldum ki, heç nə yalan deyilmiş. Hətta burda gözümüzün qarşısında daha inanılmaz hadisələr baş verirmiş. Indi dünyanın hansı vətəndaşını inandıra bilərsən ki, nə Cimi, nə Şaka – Arif Alışlı, üçüncü qrup gözdən əlil Elnur Isrəfilov kimi adi azərbaycanlılar nə böyük trüklər göstərib, nə boyda ləşkəri yer ilə bir eləyiblər.

Adamın inanmağı gəlmir ki, bu iki adam (lap 6 olsun) hərəyə avtobusa bir təpik ilişdirməklə həmin avtobusa 1325 manat ziyan vurublar. Mən indi o təpiklərin gücünü, o ayaqların ölçüsünü, o boyda ayağı olan adamın şəhərdə necə gəzdiyini, addımını yerə basanda qopan vahiməli tappıltını, binaların titrəməsini, qalxan tozanağı, o boyda ayaqqabının hansı dükanda satıldığını, onun hər dəfə neçə kiloqramlıq yağla təmizləndiyini, fırçanın heybətini, hələ o boyda ayağın nə boyda dırnaqlarının olduğunu, onu tutan (yəqin ki, dəmirkəsən) qayçını, qayçını tutan məngənə əli, sıxan əzələli qolları və nəhayət, ən əsası neçə ton ağırlığında qüvvəylə avtobusa çırpılmağını təsəvvürümə gətirməyə çalışıram. Təsəvvür eləmək mümkün deyil. Bir yandan da Azərbaycan məhkəməsi yalan-palan şeylərlə adamı silistə çəkməz. Yəqin elə bir hadisə baş verib ki, cinayət işinə tikiblər. Hələ 25 polis nəfərinin xəsarət alması! Intəhası bu mənə o təpiklər qədər inandırıcı gəlmir. Çünki, iki təpiklə ətdən-sümükdən yox, dəmirdən olan avtobusa 1325 manat neçəsə qəpiklik (heyf ki, qəpiklərini hesaba salmayıblar) ziyan vura bilən təpiyin yiyəsi üçün cəmi-cümlətanı 25 polisi zədələmək qeyri-real görünür. Məhkəmənin hesabıyla bu rəqəm 25 yox, ən azı 1325 olmalıydı. Bir təpiyə (az öncə o ayağın təsvirini verməyə cəhd elədik) 662,5 manatlıq zərər vura bilən adam gərək eyni təpiklə 662,5 nəfər polisi o dünyalıq eləyəydi. Nə isə, görünür, “bizim dünyada ən humanist, ən ədalətli məhkəmə” istəməyib ki, müxalifətçilərin cəzası çox alına.

Hə, təpik bir yana qalsın. Məlum olub ki, bir saat ərzində “Azadlıq”, “Istefa” şüarlarının səslənməsi daha böyük tələfata səbəb olub. Avtobusların şüşələrində, dükan vitrinlərində sağ istilah qalmayıb. Indi bilmirəm, hikmət o boyda təpik yiyələrinin səsinin diapazonundadı, ya o sözlərin sehrində. Hər bir halda belə çıxır ki, bu hakimiyyətin ömrü çox çəkməyəcək. Bu qədər güclü təpiyi, bu qədər sehrli sözləri olan müxalifətin qarşısında heç bir qüvvə duruş gətirə bilməz. Belə güclü adamların əlinə-ayağına zəncirmi vurmaq olar? Haşa…