(Yazıçılar Birliyində üç sevimli cocuğunu da yanına alaraq, iş və çörək tələbi ilə aclıq aksiyası keçirən Şaiq Vəliyə və bütün atalara xitabımdır)Şair qardaş, Şaiq qardaş! El-aləmin uşaqları yatağına ac girərkən sən gedib YAP-a girərsənsə, sonunda olacağı budur, bir gün gözünü açıb sıranın öz uşaqlarına gəldiyini görərsən.
Bir doyumluq çörək, bir udumluq su, isti bir yataq, gözəl bir oyuncaq başqalarının uşaqlarının yuxusuna girərkən sən gedib məmləkəti bu iyrənc hala gətirən bir partiyaya girərsənsə, əvvəl-axır eyni acıları öz uşaqlarının da çəkəcəyi, eyni ağrıları öz uşaqlarının da yaşayacağı qaçılmazdır.
Bütün uşaqlar məsumdur, safdır, suçsuzdur, amma nə yazıq ki, bunların heç biri qarın doyurmur. Uşaqların qarnının doyması üçün böyüklərin də ürəkli, ağıllı, cəsur, əxlaqlı davranması lazımdır. Haqsızlığa üsyan etməsi, ədalətsizliyə “dur” deyə bilməsi lazımdır. Bu zəngin ölkənin insanlarını yoxsulluğun dibinə gömənlərdən hesab istəməsi lazımdır. Öz iradəsini millətin iradəsi üzərinə qoyanları sorğulaması lazımdır. Bir xalqın nemətlərini bir ovuc adamın dədə malı kimi bölüşdürməsinin qarşısına keçməsi, keçə bilməsi lazımdır.
Yoxsa el-aləmin uşaqları yatağa ac girərkən, gözüyaşlı girərkən sən gedib YAP-a girərsənsə, bir gün sıra hərlənib-fırlanıb sənə də gələr. Sənin də uşaqlarına gələr…
O zaman nə qədər çırpınsan boşuna, nə qədər dizinə-başına döysən, faydasız, nə qədər çabalasan, mənasız… Məmləkətin beş-üç düşünən, ağıllı insanı gecə-gündüz “susma, susduqca sıra sənə də gələcək” deyə bas-bas bağırarkən, “heç kim bunların zülmündən sığortalanmayıb, hər kəsə növbə çatacaq, bir az gec-tezi var” deyə, yeri-göyü inlədərkən, bunların heç biri sənin beyninə girmədi və sən gedib bu ölkədəki cümlə pisliklərin baiskarı olan bir partiyaya girdinsə, pardon, öz cəzandır, çəkəcəksən.
***Əslində, başından bəri bu ölkənin başına nə gəldisə, insanlarımızın yanlış zamanda yanlış yerə girməyi üzündən gəldi.
Məsələn, təzəlikcə bir dostumuz ölkədə insanların həyatı daha çox zəhərə, zəqqutuna dönməyə başladığı günlərdə gedib “Jalə” şirəsinə girdi, bilirsiniz…Tıpkı illər əvvəl başqa bir dostumuzun, bizim ondan millətin cibinə girən əlləri kəsəcəyini gözlədiyimiz halda onun gedib hakimiyyətin cibinə girməsi, “cib müxalifəti” olması kimi…
Bu ölkənin başına nə gəldisə, insanlarımızın yanlış zamanda yanlış yerə girməsi üzündən gəldi. Polis kordonlarını yarıb meydanlara girməsi gərəkdiyi yerdə gedib saxta, geydirmə bir parlamentə girməsi üzündən gəldi. Və sonunda olanlar oldu: millətin uşaqları yatağa ac girməyə başladı…O uşaqlar əlbəttə ki, bütün məşəqqətləri, məhrumiyyətləri yenib böyüyəcəklər. Böyüyəcəklər və bir gün yapışacaqlar yaxamızdan, bizdən soruşacaqlar, “nə idi bizim suçumuz, bizə bunca acıları niyə yaşatdınız, bizə bunca əzabları, əziyyətləri niyə çəkdirdiniz, niyə bizə bunca sümürülmüş, talanmış, darmadağın olmuş, viranə bir ölkə miras qoydunuz?” deyə.
Bax o zaman qulağımızın dibinədək qızaracaq və utancdan ölüb yerə girəcəyik.
***Ölüb yerə girəcəyik, amma siz də bunu indidən bir yerə yazın ki, yadınızdan çıxmasın, barı onda gedib yanlış yerə girməyəsiniz.