elnurastanbeyli@gmail.com
Son vaxtlar düşünürəm ki, əslində bizim yaşadığımız bu çətin, əzablı dövrün adını qoymaq lazım gəlsəydi, yəqin mən onu böyük məmnuniyyətlə “Sözlük illəri” adlandırardım. Bəli, vəziyyətimiz ağırdır, dözülməzdir, ürəyimiz doludur, deyiləcək, yazılacaq o qədər ağrılar, qayğılar, dərdlər, məşəqqətlər, narahatlıqlar var ki!?
Amma o biri tərəfdən də adama elə gəlir, bu ağrıları, qayğıları, dərdləri, məhrumiyyətləri ifadə etməkdə, bölüşməkdə sözlər acizdir, çarəsizdir. Sanki sözün bitdiyi yerə gəlib çıxmışıq. Bir yandan fikirləşirsən ki, axı hər şey hamının gözü qabağında baş verir, hər şey hamıya gün kimi aydındır. Ona görə də durub təzədən kimə nə deyəsən, nə yazasan, nə anlatmağa çalışasan? O biri tərəfdən də düşünürsən, bir halda ki, hamının gözü qarşısında baş verdiyi, hamının aydın gördüyü acı reallıq, miskin gerçəklik əgər insanlara Azərbaycanın necə yanlış yolla aparıldığını, hansı uçurumun astanasına gətirildiyini dərk və qəbul etmək, bundan nəticə çıxarmaq, özünün, övladlarının, küll halında isə ölkələrinin taleyinə biganə qalmamaq üçün kifayət deyilsə, sənin, mənim, onun söylədikləri, yazdıqları kimin sarı siminə toxunacaq, onun özünü Azərbaycanın sakini kimi yox, vətəndaşı kimi aparmasına təkan verəcək?!
Bəli, sakin və vətəndaş – bunlar fərqli anlayışlardır. Sakin üçün həyat gündəlik məişət qayğılarından, bir qarın çörək dalınca qaçmaqdan, sorğulamamaqdan, tabe olmaqdan, “Mən kiməm ki?!” deyib yaşadığı ölkənin taleyüklü problemlərinə laqeydlik göstərməkdən, siyasətə qarışmamaqdan, siyasiləşməməkdən, sosiallaşmaqdan ibarətdir.
Vətəndaş olmaq isə ətrafında baş verən hər məsələyə öz mövqeyi, münasibəti (həm də vicdanlı, dürüst, cəsur mövqeyi və münasibəti!) olmaqdan ibarətdir. Vətəndaş sorğulayandır. Vətəndaş təşəbbüskardır. Vətəndaş cəsarətlidir. Vətəndaş düşünür. Vətəndaş sual verir. Vətəndaş cavab istəyir. Onun üçün həyat ancaq bir qarın çörək dərdi, axtarışı içərisində axıb getmir.
Və dəhşətli orasıdır ki, biz sakinlə vətəndaş arasında sərhədləri böyük sürətlə itirdik. Bəlkə də heç bir ölkədə vətən haqqında bu qədər şeir qoşulmayıb, mahnı bəstələnməyib, bəlağətli tostlar söylənməyib, amma bəlkə heç bir başqa ölkədə də vətənə bu qədər ögey, laqeyd münasibət yoxdur, adamlar vətənsevərliyi, vətəndaşlığı ancaq o təmtəraqlı vətən şeirlərindən, mahnılarından, tostlarından ibarət sayırlar. Təkcə vətən barədə bu qədər şeirin, mahnının, tostun, nə bilim daha nəyin müəlliflərinin gerçək, həqiqi mənada vətəndaş olması kifayət idi ki, bu gün biz fərqli – çağdaş, modern, mədəni, demokratik bir Azərbaycanda yaşayaq.
Bəli, qutlu sözlər də o qədər çeynəndi ki, çürüdü, o qədər ucuz pafos ünvanına çevrildi ki, öz dəyərini itirdi, adamda ikrah doğurmağa başladı. Yaşadığımız dövrün adını “Sözsüzlük illəri” qoyarkən mən həm də bunu nəzərdə tuturam.
***
Turgenevin məşhur “Mumu”sunun Gerasimini xatırlayırsınızmı?
O anadangəlmə lal-kardır, danışmır. Amma susmur da! – biz onun hayqırışlarını, sevgisini, nifrətini, etirazını necə aydın eşidirik, necə gözəl anlayırıq. Sözlər ona yaddır, amma onun sözsüzlüyündə də bir doğmalıq, bir yaxınlıq var.
Azərbaycanda isə hamı danışır, həm də ucadan, hayqıra-hayqıra, bağıra-bağıra! Hamı danışır, ancaq çoxluq heç nə demir. Ortada qorxunc, dəhşətli bir səssizlik, lal-dinməzlik var, məzarlıq sükutu var. Sözsüzlük var, sözsüzlük!
Inciməyin, belə davam etdikcə isə optimist nəsə yazmaq mənə çətindir. Həm də çox çətindir.