Dövlət başçısı Ilham Əliyevə müraciət
Cənab prezident!
Azərbaycan vətəndaşı kimi Sizə müraciət edirəm.
Ötən ilin parlament seçkisində 2 saylı Şərur seçki dairəsindən “AXCP-Müsavat seçki bloku”nun vahid namizədi kimi iştirak etmişdim.Seçki sona çatdıqdan sonra ailə üzvlərimə və qohumlarıma qarşı ciddi təzyiqlər baş verdi.
Əvvəlcə, qardaşım Sabit Əliyev məhkəmənin hökmü olmadan yeddi gün Şərur Rayon Polis Idarəsində saxlanıldı. Sonra polis basqısının miqyası genişləndi. 10 dekabr 2010-cu il tarixdə – Beynəlxalq Insan Haqlarının müdafiəsi günü Naxçıvan Muxtar Respublikası Şərur rayon Polis Idarəsinin rəisi Məmməd Hüseynov və bölmə rəisi Əhməd Təhməzov başda olmaqla 30-a yaxın polis əməkdaşı gətirdikləri texnika ilə Püsyan kəndində ata evimizi dağıdaraq, altı nəfər ailə üzvümə bədən xəsarəti yetirdilər.
Şəxsən polis rəisinin döydüyü qardaşım Çapay Əlisoy ağır kəllə-beyin zədəsi aldı. Nə ona, nə də xəsarət almış digər qohumlarıma tibbi yardım göstərilməsinə və Püsyan kəndini tərk etmələrinə icazə verildi.
Baş vermiş hadisə ilə əlaqədar üç dəfə Daxili Işlər nazirinə, iki dəfə Respublika Baş prokuroruna, Ombudsman Aparatına müraciət etsək də bu günə qədər cinayəti törətmiş şəxslər heç bir məsuliyyətə cəlb olunmayıb.
Bu hadisənin hüquq müstəvisində çözülməsi üçün iki dəfə Şərur Rayon Prokurorluğuna və Şərur Rayon Məhkəməsinə müraciət etdik. Heç bir reaksiya olmadı. Əvəzində ailə üzvlərim təhdid olunmağa başlandı.
Yalnız beynəlxalq təşkilatlara, Azərbaycandakı xarici ölkələrin səfirliklərinə, ATƏT-in Bakı ofisinə müraciətimizdən sonra xəsarət almış ailə üzvlərimi tibbi yardım göstərmək üçün Bakı şəhərinə gətirə bildik.
Şərur rayon Icra Hakimiyyəti orqanlarının bizə qarşı başlatdıqları qarayaxma kampaniyasından və təhlükəsizliyimizi təmin etməli olan dövlət orqanlarının biganəliyini gördükdən sonra ailə üzvlərimin kənddə yaşamasının mümkün olmadığı qənaətinə gəldik. Bir qardaşım və bir bacım ailə üzvləri ilə bərabər Türkiyədə məskunlaşdı.
Digər qardaşım Sabit Əliyev iki azyaşlı uşağı ilə bərabər Avropa ölkələrinin birindən sığınacaq alaraq Azərbaycanı tərk etdi.Bir bacım və bir qardaşım isə ATƏT-in Bakı ofisinin rəhbəri, səfir Əli Bilgə Cankorelin şəxsən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovdan təhlükəsizliklərinə təminat aldığı üçün hələ ki, Şərur rayonunun Püsyan kəndini tərk etməyiblər.Cənab prezident!
Müxalif düşərgənin nümayəndəsi olaraq parlament seçkilərində iştirak etməyim üç ailənin faciəsi ilə nəticələndi. Evimiz dağıdıldı və 12 nəfərdən ibarət üç ailə Azərbaycanı tərk etmək məcburiyyətində qaldı.
“Mən bütün azərbaycanlıların prezidentiyəm” deyimi Sizə məxsusdur. Və məhz bu sözlərinizə görə Sizə müraciət edirəm. Polis zorakılığı üzündən Azərbaycanı tərk etmək məcburiyyətində qalmış o 12 nəfər Azərbaycan vətəndaşı idi. Və dövlətin onları müdafiə edəcəklərini düşünürdü. Bu gün də o fikirdədilər ki, dövlət onlara qarşı zorakılıq edənlərin cəzasını verəcək.
Cənab preziden! Müraciətimin Sizə yetişəcəyinə inamım az olsa da yazmaq zorundayam. Çünki evimizi dağıdanların, ailə üzvlərimə bədən xəsarəti yetirənlərin cəzasız qalması qürurumuza toxunub.
Bizim evimizi dağıdanlar, ailə üzvlərimi qəddarcasına döyənlər sıradan biriləri deyil, olsaydı, Sizə müraciət etməzdik. Onlar dövlətin yüksək vəzifə etibar etdikləridir. Bu halda da Siz sözünüzü deməlisiniz, cənab prezident.
Hələ də ümid edirik ki, Sizin müdaxilənizdən sonra haqq öz yerini tapacaq.

Cinayət cəzasız qalanda…
•