Pulun və sənətin gücü

Ölkədə bankların iflası ilə bağlı yaranan aciotac hardansa maraqlı bir hadisəni yadıma saldı. Illər öncə Türkiyədə iflas edən iş adamıÿErol Aksoya məxsus Iqtisad Bankının əmlakı müsadirə olunmuşdu. O zaman Aksoyun 1 milyon dollara satın alaraq Iqtisad Bankının kolleksiyasına daxil etdiyi “Tısbağa tərbiyəçisi” tablosu da dövlətə olan borclar səbəbindən satışa çıxarılmışdı. 2004-cü ildə 1, 95 trilyon lirə dəyəri ilə açıq hərraca çıxarılan əsər Istanbulun Pera Muzeyinə qismət olmuşdu. 19-cu əsr rəssamı Osman Hamdi Bəyə aid tablo Türk rəsm sənətində bir əsərə verilən ən yüksək qiymətə, 3, 5 milyon dollara satılmışdı. 2009-cu ildə isə rəsm əsərinin dəyərinin 6,2 – 9,3 milyon dollar həcmində qiymətləndirildiyi açıqlanmışdı…

Gündəlik məişət dərdləri ilə boğulan ölkələrdə bunu anlatmaq gülünc görünə bilər, amma əsl gerçək odur ki, sənət bütün zamanlarda pula-paraya qalib gəlir. Qalib gəlmək o yana, öz dəyəri və təsir gücü ilə onu amansızlıqla əzib keçir. Tarixin iqtisadi böhranları, tənəzzülləri, iflasa uğrayan valyuta dəyərləri, dəyişən pul məzənnələri, baxarsan bir anda quyunun dibinə düşüb gedər. Bir anda nəhəng holdinqlərin, bankların, fondların hegemoniyası bitər. Milyardların dəyəri acımasız bir çöküş və depressiya qarşısında aciz duruma düşər. Amma qiymətli bir sənət əsərinin dəyəri itməz, azalmaz, ucuzlaşmaz. Bəhs etdiyim tablonun müəyyən zaman arasındakı qiymət yüksəlişi də bunun əyani sübutudur elə. Hələ mən vaxtaşırı dünyanın məşhur hərraclarına çıxarılan və ünlülərin böyük milyonlara satılan sənət əsərlərini demirəm…

“Gündəlik məişət dərdləri ilə boğulan ölkələrdə bunu anlatmaq gülünc görünə bilər”, doğru.  Bu gün biz də o duruma salınmış zavallı xalqlar sırasında sürünürük. Lakin bu, heç də bizim sənətdən uzaq olduğumuz, onu dəyərləndirə bilmədiyimiz anlamına gəlməz. Deyilənə görə, bənzərsiz rəng ustadı Səttar Bəhlulzadə əsərlərini böyük səxavətlə hədiyyə edirmiş. Indi onun irsinin önəmli bir hissəsi zamanında yaxınlıq etdiyi insanların evlərində və şəxsi kolleksiyalarda saxlanır. Düşünürəm, Səttarın bəzi tabloları ən ünlü dünya rəssamlarının əsərləri ilə açıq rəqabətə girə bilər. Ancaq indiyə qədər kimsənin onun şəxsi kolleksiyasında saxladığı hansısa əsərini çıxarıb satmaq fikrinə düşdüyünü eşitməmişəm. Ən ağır zamanlarda belə… Bunu da boşdan uydurmuram. Bir tanışım danışmışdı ki, evində rəssamın gözəl bir mənzərə rəsmi var. Sağlığında özü bağışlayıbmış. “Illər uzunu işsiz qaldım, övladımın təhsil haqqını ödəmək üçün çox əziyyətlərə qatlandım, amma o əsəri satmağa əlim gəlmədi. Bəlkə, 6-7 min dollar qiyməti olar, ancaq mənim üçün başqa bir mənəvi dəyəri var. Ən ağır məqamlarda belə gəlib divardan çıxarmaq istəyəndə, boğazıma bir qəhər tıxandı, əlim yanıma düşdü…”- deyir həmin adam. Bunu danışınca insan təsirlənir istər-istəməz. Özümüzə haqsızlıq edirik bəzən. “Pula hərislik, acgözlük, görməmişlik insanlarımızı kor edib” fikirləri səslənir tez-tez çevrəmizdə. O qədər də deyil amma…

Özümüzə çox da haqsızlıq etməyək. Ən azı, o misilsiz gözəl əsərləri yaradıb qarşılıqsız olaraq dost-tanışa bağışlayan insan da bu xalqın içindən çıxıb. O bağışlanan əsəri göz-bəbəyi kimi qoruyub, ən dar macalında pula dəyişməyən insan da. Sənət, insanlıq, mənəviyyat pul hegemoniyasına qalib gəlir, həqiqətən. Bu, ümumilikdə bütün bəşəriyyət üçün sınaqdan çıxmış bir gerçəkdir. Əgər bu gün yaşadığımız ölkədə sənətin dəyərini öldürən adamlar hökumət başındadırsa, qoy onlar utansın. Qoy insanları bir tikə çörəklə imtahana çəkib sənəti unutduranlar utansın!