«Bild» federal hökuməti Əliyevlərlə yumşaq davranmaqda ittiham etdi
Almaniyanın gündəlik tirajı 2 milyon 500 min olan məşhur “Bild” qəzeti tanınmış hüquq müdafiəçisi Leyla Yunus və onun həyat yoldaşı Arif Yunus barəsində bu yaxınlarda çıxarılmış hökm fonunda Azərbaycandakı repressiyalardan bəhs edən geniş həcmli məqalə yayımlayıb. Müəllif Antje Schippmann məqalədə eyni zamanda, beynəlxalq birliyi, o cümlədən Almaniya hökumətini Azərbaycandakı repressiyalara adekvat reaksiya verməməkdə qınayıb. Məqalənin tərcüməsini təqdim edirik:
“Əgər dünya sussa, mənim valideynlərim həbsxanada öləcək”
Beynəlxalq aləmin nümayəndələrinin girişinə qadağa qoyulmuş məhkəmənin nəticəsi olaraq, bu yaxınlarda tanınmış hüquq müdafiəçisi, 59 yaşlı Leyla Yunus və onun həyat yoldaşı, 60 yaşlı Arif Yunus uzunmüddətli həbs cəzasına məhkum edildi. Onlar neftlə zəngin Azərbaycanda demokratiya uğrunda mübarizə aparan ən məşhur fəallardandır.
Məhkəmə Leyla Yunusu bir sıra ittihamlarla, o cümlədən vergidən yayınmada təqsirləndirərək 8 il yarım, Arif Yunusu isə “qanunsuz sahibkarlıq” ittihamı ilə 7 il azadlıqdan məhrum etdi. Leyla və Arif Yunuslar həmçinin dövlətə xəyanətdə ittiham olunur ki, bu ittiham üzrə cinayət işi ayrılıb. Məhkəmənin hökmünə görə, Yunusların əmlakı da müsadirə olunub.
Dünyanın bir çox hökumətləri, beynəlxalq hüquq-müdafiə təşkilatları hökmü kəskin tənqid edərək, ittihamların siyasi motivli, məhkəmənin də tamaşa olduğunu bildiriblər. Bildirilir ki, bu hökm Azərbaycan hakimiyyətinin onu tənqid edənlərə qarşı repressiyalarının daha bir nümunəsidir.
Leyla və Arif Yunuslar təxminən bir il əvvəl həbs olunub. Onlar evli olduqları 37 il ərzində ilk dəfə bu qədər ayrı qalıblar…
Bu məsələdə ən dramatik məqam odur ki, Leyla və Arif Yunusların səhhətində ciddi problemlər var və məhkəmədə onların vəziyyəti qəfildən kəskin pisləşirdi.
Leyla Yunus şəkərli diabet və Hepatit C xəstəliyindən əziyyət çəkir. O, həbsxanada hədsiz arıqlayıb. Məlumata görə, o, həbsxanada təzyiqlərə məruz qalır. Tibbi yardım istədiyinə görə ona qarşı amansız davranılıb, işgəncə verilib.
Arif Yunus iki dəfə insult keçirib, ürək xəstəliyindən əziyyət çəkir. Avqustun 13-də məhkəmənin hökmü elan olunanda da o, qəfildən huşunu itirərək, yıxılıb. Həmçinin avqustun 3-də keçirilən məhkəmə iclasında da onun vəziyyəti pisləşib və müvazinətini itirib. On bir aydır ki, o, gecələr dərmansız yata bilmir. Başının arxasında şiş əmələ gəlsə də, onun nədən yarandığı müayinə edilməyib.
Məhkəmənin hökmü elan olunarkən zaldakı azsaylı adamlardan biri “Human Rights Watch”ın Rusiya bölməsinin rəhbəri Tanya Lokşina olub. Uzun illərdir ki, hüquq müdafiəçisi kimi Leyla Yunusu tanıdığını deyən Lokşina onu məhkəmədə indiki durumda görüncə sarsılıb.
“Bu sanki Leylanın özü yox, kölgəsi idi. O, üzülmüş vəziyyətdə idi, sifətinin rəngi qaçmışdı. Arif saat yarım ərzində elan olunan hökmü skamyada başı həyat yoldaşının dizinin üstündə, uzanıqlı vəziyyətdə dinləmək məcburiyyətində qaldı. Leyla isə onun başını sığallayır, hava gəlməsi üçün üzünü vərəqlə yelləyirdi”, – deyə Lokşina “Bild”ə açıqlamasında bildirib.
Hökm elan olunanda Leyla məhkəmə zalında saxlanıldığı şüşə kabinədən uzun illərdir tanıdığı dostuna əl yelləmək istədi, amma ədliyyə işçiləri dərhal yolu bağladılar. Leyla titrək səslə yalnız onu deyə bilib ki, Arif özündə deyil, hətta baş verənləri də dərk edə bilmir.
Indi aydın olur ki, niyə müstəqil jurnalistlər məhkəmə zalına buraxılmırdı, müşahidəçilərin telefonları, foto-aparatları əllərindən alınırdı.
“Azərbaycan hakimiyyəti düşmən elan elədiyi adamların necə xəstə və üzülmüş vəziyyətdə olduğunu geniş ictimaiyyətin görməyini istəmir. Yunusları bu vəziyyətdə görən istənilən adam sarsılır və onları qurban hesab edir. Bu adamlar dəmir barmaqlıq arxasında yox, xəstaxanada olmalıdır”, – deyə Lokşina qeyd edib.
Dünyadan, o cümlədən Almaniyadan tənqid
Yunuslara verilən uzunmüddətli həbs cəzası Azərbaycan hakimiyyətinin ünvanına beynəlxalq səviyyədə kəskin tənqidlərə səbəb olub. ATƏT-in Demokratik Təsisatlar və Insan Haqları Bürosunun direktoru Mixael Link “Bild”ə açıqlamasında bildirib ki, Leyla və Arif Yunusların barəsində çıxarılan hökm qeyri-adekvat olmaqla yanaşı, həm də Azərbaycanda vətəndaş cəmiyyətinə qarşı qorxu mühitini daha da gücləndirmək məqsədi daşıyır: “Mən Azərbaycan hakimiyyətini ATƏT məkanında insan haqları normalarına əməl etməyə, Yunuslara ehtiyacları olan tibbi yardım göstərməyə çağırıram”.
ABŞ Dövlət Departamentinin mətbuat katibi də Yunusların haqqındakı hökmdən şoka düşdüyünü bəyan edib: “Bu hökm onların insan haqları sahəsində fəaliyyətlərinə görə çıxarılıb. Beynəlxalq öhdəlikləri yerinə yetirmək, öz vətəndaşlarının hüquqlarına hörmətlə yanaşmaq, ölkənin çiçəklənməsi, uğurlu və stabil inkişafı baxımından vacib addım atmaq Azərbaycanın özünün marağında olmalıdır”.
Böyük Britaniyanın Xarici Işlər Nazirliyi də hökmlə bağlı dərin narahatlığını ifadə edib: “Məhkəmə prosesinin bir sıra aspektləri deməyə əsas verir ki, bu hökm siyasi motivlidir”.
Avropa Şurasının baş katibi Torbörn Yaqland Yunuslar barədə iş materiallarının Avropa Insan Haqları Məhkəməsinə göndərilməsini təklif edib. Baş katib bildirib ki, Azərbaycanın məhkəmə sistemində çox ciddi çatışmazlıqlar var.
Almaniya və Azərbaycan arasında yaxşı münasibətlər
Hüquq müdafiəçiləri deyir ki, siyasi məhbusların azadlığa buraxılmasına nail olmaq üçün Almaniya hökuməti daha çox iş görə bilər.
Azərbaycan Almaniyaya xam neft ixrac edən ölkələr arasında yeddinci yerdədir. 2014-cü ildə Almaniya Azərbaycandan 2,3 milyard avroluq neft alıb. Azərbaycan Almaniyanın Qafqazda ən vacib ticarət tərəfdaşıdır. Almaniya rəsmi Bakı ilə yaxşı münasibət saxlayır. Prezident Ilham Əliyev dəfələrlə Berlinə səfər edib. Onun son səfəri bu ilin yanvarında baş tutmuşdu. Həmçinin Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayeà də ötən ilin oktyabrında Bakıya səfər edib.
Almaniya hökumətinin insan haqları üzrə səlahiyyətli nümayəndəsi Kristof Ştrasser Leyla və Arif Yunusların barəsində hökmdən sarsıldığını bildirərək, bunu “vətəndaş cəmiyyətinə qarşı àepressiya” kimi qiymətləndirib.
“Bu faktdır ki, Almaniya federal hökuməti hazırda Azərbaycanı Leyla və Arif Yunusları azadlığa buraxmağa çağırır. Bu vacib və alqışa layiq addımdır. Amma gecikmiş addımdır” – bunu isə “Human Rights Watch”ın Almaniya bölməsinin direktoru Ventsel Mixalski deyib.
Mixalskinin sözlərinə görə, bir ildir ki, Almaniya Xarici Işlər Nazirliyini Azərbaycandakı repressiyalara etiraz etməyə, bu barədə açıq danışmağa çağırırlar: “Amma aşkar görünür ki, onlar üçün iqtisadi və strateji maraqlar daha çox əhəmiyyət kəsb edir”.
Mixalski qeyd edir ki, Azərbaycan neft-qazla zəngin ölkə olduğundan hakimiyyət onu tənqid edənləri belə asan şəkildə susdura bilir: “Ticarət maraqları həbsdəki günahsız adamlardan üstün olmamalıdır”.
Mixalskinin fikrincə, beynəlxalq ictimaiyyətin açıq tənqidləri effektli ola bilərdi: “Belə ki, Azərbaycan hakimiyyəti və lobbiçiləri onun dünyada reputasiyası baxımından narahatdılar”.
Mixalski əlavə edir ki, Azərbaycanda insan haqları sahəsində əməkdaşlıq elədikləri təşkilatların hamısının rəhbərləri ya həbsxanaya salınıb, ya da təqiblər üzündən ölkəni tərk etmək məcburiyyətində qalıb: “Azərbaycan cəmiyyəti qorxu içindədir”.
Ölkənin zəngin ehtiyatlarından yalnız əhalinin kiçik bir qrupu faydalanır, çoxluq isə yoxsulluq içində yaşayır: “Hakim Əliyev klanı onu tənqid edənlərə qarşı sərt davranır. Bir tərəfdən hakimiyyət daxilindəki başqa bir klanın onu əvəz edəcəyindən qorxur. Digər tərəfdən isə geniş əhali kütləsinin etirazlarından, Ukraynadakı Maydan hadisələrinin təkrarlanmasından çəkinir. Tərəfdaş ölkələr də ehtiyatlanır, heç kim risk eləmək, bu vacib regionda stabilliyin pozulmasını istəmir. Bununla belə, repressiya siyasəti nəticəsində yaradılmış atmosfer daha dəhşətli nəticələrə gətirib çıxara bilər”.
Böyük tədbirlər öncəsi həbslər dalğası
Azərbaycan beynəlxalq nüfuzunu artırmaq üçün çoxsaylı böyük idman və mədəniyyət tədbirlərinə “ev sahibliyi” edir. Məsələn, bu ilin yayında birinci Avropa Oyunları, 2012-ci ildə “Eurovision” musiqi yarışması, həmçinin gələn il “Formula-1"in bu ölkədə keçirilməsi planlaşdırılır.
Azərbaycan hakimiyyəti ölkədə baş verənləri ört-basdır eləmək üçün tənqidçilərini qorxutmaq, etiraz edənləri həbsxanaya atmaq yolunu tutub.
Leyla Yunus həbsindən əvvəl beynəlxalq ictimaiyyətə müraciət edərək, Azərbaycanda insan haqlarının pozulması ilə əlaqədar Avropa Oyunlarını boykot etməyə çağırmışdı. Bundan cəmi beş gün sonra o, həbs olundu.
Avropa Oyunları başa çatdı, idmançılar və qonaqlar ölkəni tərk etdi və fəallara, tənqidçi jurnalistlərə qarşı təqiblərə yenidən start verildi.
Həbsxana kamerasından sevgi məktubu
Leyla həyat yoldaşına yazdığı iki məktubda həbsxanada ağır saxlanma şəraitindən, ona qarşı qəddar davranışdan, səhhətindəki problemlərdən bəhs edir. Qeyd edir ki, bütün bunlara baxmayaraq, onu ən çox ağrıdan məsələ 37 il birgə yaşayışdan sonra sevimli Arifindən ayrı qalmasıdır:
“Biz onların hamısını birlikdə oxumuşuq – Aleksandr Soljenitsın, Vasiliy Qrossman, Vasiliy Aksyonov və s. Biz tez-tez birlikdə müzakirə edirdik ki, həbs olunan ər-arvadlar bunu əvvəlcədən necə hiss edirlər. 1937-ci ildə də belə hallar çox olub. Amma heç vaxt ağlımıza gətirməzdik ki, 1930-cu illərin repressiyaları 21-ci əsrdə yenidən geri qayıdacaq”;
“Istənilən halda, bizim ömrümüz başa çatacaq – ən pisi budur ki, mən səni görə bilməyəcəm”.
“Xahiş edirəm, valideynlərimin azadlığa buraxılmasına yardım edin!”
Leyla və Arif Yunusların qızı, 29 yaşlı Dinara altı ildir ki, Niderlandda yaşayır. O, bu ölkədə siyasi sığınacaq alıb.
Dinara deyir ki, sonuncu dəfə valideynlərilə bir il öncə, onların həbsindən əvvəl danışıb.
“Mənim atam və anam çox xəstədir, təcili şəkildə tibb yardıma ehtiyacları var. Son məhkəmə iclaslarında atam hətta otura da bilməyib, dəhşətli vəziyyətdə olub. Bu, fiziki işgəncədir. Onun təcili tibbi yardıma ehtiyacı var.Bunun əvəzinə onu yenidən təkadamlıq kameraya qaytardılar”, – deyə Dinara “Bild”ə açıqlamasında bildirib.
O, qeyd edib ki, valideynləri həbsə düşəndən sonra onlarla əlaqə saxlaya bilməyib. Atası təkadamlıq kamerada saxlanılır, telefon əlaqəsi saxlamağa, görüşməyə icazə verilmir: “Valideynlərimin vəziyyəti barədə yalnız vəkillərdən məlumat ala bilirəm”.
Dinara deyir ki, anası çox zəifləyib, həbsxanada nəzarətçilər və digər öyrədilmiş məhkumlar tərəfindən döyülüb. Bu cür sonuncu hadisə iyun ayında baş verib: “Hakimiyyət həbsxanada anama qarşı hücumlar təşkil edir. Hücum edənlərin cəzalandırılmaması da bunu deməyə əsas verir. Anam birinci dəfə ona qarşı bu cür zorakılıq barədə məlumatı yaydıqdan sonra təkadamlıq kameraya salınmışdı”.
“Mənim heç kimim yoxdur”
Dinara uşaqlığı barədə danışaraq deyir ki, anası çox vaxt hüquq müdafiəçisi kimi öz işilə məşğul olub: “Bizim itimiz vardı, onunla çox oynayırdıq, birlikdə televizora baxırdıq, hər axşam anam bizim üçün yemək hazırlayırdı. Mən fəxr edirəm ki, onlar mənim valideynlərimdir. Atam mənim üçün həm də yaxşı dost idi, onunla uzun-uzadı söhbətlərimiz olurdu. Anam rəqs edən, mahnı oxuyan, gitarada ifa edənlərin əhatəsində özünü xoşbəxt hiss edirdi. Mənim atamla anam bir-birini çox gözəl tamamlayırdı. Mənim valideynlərimdən başqa heç kimim yoxdur. Dünya susmamalıdır, onların dərhal azadlığa buraxılmasını tələb etməlidir. Əks halda, onlar həbsxanada öləcəklər.
Xahiş edirəm, heç olmasa, valideynlərimin səhhətindəki problemlər nəzərə alınaraq, onlar humanitar əsaslarla buraxılsın. Onlar həbsxanada nəinki 7-8 il, bundan sonra, hətta bir il də yaşaya bilməyəcəklər".