Baron və “brend”

Baron Münhauzenin sərgüzəştlərində bir yer var. O, guya qəribə bir bitki tapır, onu əkir, sonra ona dırmaşa dırmaşa aya qalxmaq istəyir. Lakin, birdən gün çıxır bu bitkini qurudur və baron kəllə mayallaq olub yerə düşür. Zərbə o qədər güclü olur ki, Münhauzen torpağın üstündə də qalmır, zərbədən yerdə quyu əmələ gəlir, o da quyunun dibində qərarlaşır.

Ətrafda da kimsə yox, bəs burdan necə çıxmalı? Aha, evrika! Baronun parikləri yadına düşür və o qüvvətli qolları ilə parikdən yapışıb özünü yuxarı dartır və beləliklə quyunun dibindən canın qurtarır.

Bu bir alman nağılıdır, amma bizim siyasi gündəmlə çox bağlıdır. Bir anlığa Razi Nurullayevi baronun yerində təsəvvür edək. O yersiz və qeyri-real ambisiyaya düşərək (əslində təhrik edilərək) ayı ( AXCP) fəth etmək istəyir.

Fəth üçün isə olduqca zəif, kövrək vasitələr seçir. O qədər zəif ki, günəşin (bizim real həyatda medianın) bir dəfə onun və fəth alətlərinin üstünə bərq vurması bəs edir ki, hörmətli Razi müəllim səmanın ənginliklərindən yerin dibinə girsin. Belə dibdən isə nə pariklə qutarmaq olur, nə də Prezident Aparatından gələn təlimatlarla.

“Brend” Nurullayev yəqin ki, bu ibrətlik hekayətlə tanış deyildi. Tanış olsaydı nə Ayı fəht etmək üçün zəif, kövrək nərdivanlar seçərdi, nə də düşüdüyü quyunun dibindən çıxmaq üçün “parikindən” tutub özünü yuxarı dartışdırardı.

Parikdən tutub özünü yuxarı dartma nağılda təkcə gülüş üçün işlədilməyib. Bu həm də rəmzi həqiqətin ifadəsidir. Yəni, hələ heç kim özü-özünü yuxarı dartmaqla, özünü tərifləməklə ucala bilməyib. Bu gün cənab Nurullayevin özünü, yanına yığdığı 4-5 nəfəri cəmiyyətə titullarla, epitetlərlə təqdim eləməsi parik dartışdırmaqsan savayı bir şey deyil. Bu isə tarixə növbəti Baron Münhazeun kimi düşmək təşəbbüsüdür.

Xalq Cəbhəsindən qovulanları, ümumiyyətlə cəbhəyə yaxından-uzaqdan dəxili olmayanları, olimpiada məşəli daşıyan könüllüləri ətrafında “cəbhəçi” adı ilə səfərbər etməklə “brend” Nurullayev təkcə bu gün iztirab içində olan xalqımıza gülüş bəxş etmir. Bu təbəssüm nəsillərə qalan sərvətdi. İzah etməyə çalışım. Bir dəfə sovet zamanı zavod drektoru işləyən siyasətçini “sən o zaman korrupsiya ilə məşğul olmusan” deyib tənqid edəndə, o da cavab vermişdi ki, belədirsə, mənə təşəkkür eləməlisiniz. Çünki, bununla mən sovet imperiyasının iqtisadiyyatını sarsıtmışam. Yəqin, bu gün hakimiyyətdən pul alıb qeyri-cəbhəçiləri cəbhəçi kimi qeydiyyata alan Razi müəllimin də sabah üçün belə “ülvi” və şən bəhanəsi var. Sabah o da “rejimi içindən sarsıdırdım, nə pislik eləmişəm, korrupsionerlərdən pul alıb beş-on adamın kreditin bağlamışam” deyib qəhrəman görünmək istəyəcək. Şəksiz, bu qəhramanlığa layiq niyyətdi. Amma nağıl qəhrəmanına.

Baron Münhauzeni Razi müəllim özgə bir məziyyəti ilə tozda qoyur. Çünki, baron yalan danışsa da, çalışır ki, bu yalanlarda sistematiklik olsun, məntiqi ardıcıllıq pozulmasın. Razi müəllim isə, Allah saxlamış, məntiqi-filanı vecinə almır. Məsələn, o istefa verəndə deyirdisə ki, AXCP-də veteran cəbhəçilər gənclərin ayağına verilir, onlar sıxışdırılır; bu gün tərsini deyir ki, cəhbədə gənclərin inkişafının qabağını veteranlar alır.

Bu gün gənclərin hamisi kimi özünə imic düzəldən Razi müəllim özü unutsa da, respublika ictimaiyyəti onun hələ çox-çox qabaq yaratdığı “Yox” adlı təşkilatın yarıtmaz idarəetməsi ucbatından necə yoxa çıxdığına şahiddir.

Tutaq ki, AXCP-də cənab Nurullayevə diktatura mane oldu, o da partiyanı zəfərə çatdırmadı. Bəs “Yox”? O hansı səbəbdən yox oldu? Özü də zalım fələk “Yox”u möhürə əli yetmədən sildi, apardı.

Razi müəllimin “möhür” qovğası isə bir ayrı məzədir. Baş açmaq olmur, möhürü o nə üçün istəyir? Bu yerdə, Şah İsmayılla Sultan Səlim arasındakı qılınc mövzusu yada düşür; tale sənin üzünə gülüb ( hərçənd tarix Razi müəllimdən fərqli olaraq, belə qeyri-ciddiliyə yol vermir) o möhürü sənə nəsib eləsə, onunla nə edəcəksən? Axı qol həmin qol deyil?!

Bu gün Razi Nurullayev və qeyrisinin AXCP-yə göz dikməsinə, paxıllıq etməsinə, hətta onu ələ keçirmək üçün təşəbbüs göstərməsinə bir halda normal baxmaq olardı. O halda ki, bu adamlar AXCP kimi prinspiallığa, dönməz mübarizəyə sadiq qalıb şər rejimi ilə hesab çəkməyi ana xətləri saysınlar. Nəyi pis olardı ki, bu gün Azərbaycan siyasi mühütində 5-6 AXCP kimi siyasi təsisat olsun. Amma məqsəd başqadı. Cəhbəni şər cəbhəsində görmək istəyirlər.

Bu isə olmayacaq. Çünki, hesabı səhv aparıblar. Bir adam ki, cəbhənin gücün 50 qramlıq materiada (möhür) görə, onun zehini çoxdan möhürlənib. Hökumətin arsenalında bu gün dırnaqarası cəbhəçi, dırnaqarası möhürlü cəbhəçilər az deyil. Nə onlar, nə 600 minlik möhürlü “YAP ordusu” bu partiyaya – AXCP-yə siyasi cəhətdən qalib gələ bilibsə, Razi müəllimin halına acımaq lazımdı. O, bir neçə həmvətənimizin kreditini bağlamaq kimi “xeyirxah” əməl göstərsə də, yerin dibindən çətin çıxa.