Azərbaycanlı atlet dünyanın ən sürətlilərilə bir sırada

Çinin paytaхtı Pekində təşkil olunan 15-ci Dünya Atletika Çempionatında 200 metr məsafəyə qaçış yarışının təsnifat mərhələsində Türkiyəni təmsil edən azərbaycanlı atlet Ramil Quliyev bütün rəqiblərini qabaqlayıb.
 
Quliyev 20.02-lik göstərici ilə birinci olaraq yarımfinala yüksəlib. Bundan əvvəlki ən yaхşı göstəricisi 20.04 olan Ramil Türkiyə rekordunu da qırıb.
 
Yarımfinalda o, 20.10-luq nəticə ilə finala vəsiqə qazanaraq, qızıl medala favorit göstərilən Castin Qatlin (19.87) və Useyn Bolt-dan sonra üçüncü olub..
 
Ramil Quliyev 2009-cu ildəki Dünya Çempionatında millimizin heyətində yer almışdı. O, 200 metr məsafəyə qaçış üzrə finalda Useyn Boltla yarışaraq, 7-ci olmuşdu. Həmin çempionatdan sonra Quliyev Türkiyə vətəndaşlığını qəbul edib. Onun Azərbaycan Atletika Federasiyası ilə problem yaşadığı üçün bu cür addım atdığı bildirilir.