Məmmədyarov ermənilərə inanır

Nazirin fikrincə, Qarabağ erməniləri Azərbaycanın iqtisadi gücünü görüb, sonda bizdən ayrılmayacaqlar

Fuad Qəhrəmanlı: «Bu mövqe reallıqdan uzaqdır, çünki öz vətəndaşlarımız belə, ölkədən qaçmağın yollarını axtarırlar»

Xarici işlər naziri Elmar Məmmədyarovun fikrincə, rəsmi Bakı Qarabağ ermənilərini inandıra biləcək ki, onlara Azərbaycandan ayrılmağa ümid bəsləməkdənsə, onun tərkibində yaşamaq daha əlverişlidir. Bu baxımdan E.Məmmədyarovun fikrincə, Qarabağ erməniləri Azərbaycanın tərkibində yaşamağa səs verəcəklər. Jurnalistlərə açıqlamasında xarici işlər nazirinin qabartdığı əsas üstünlük Azərbaycanın iqtisadi imkanlarıdır.
Amma nədənsə E.Məmmədyarov Azərbaycanın demokratiya və insan haqları sahəsindəki mənfi imici barədə danışmağı unudur. Çünki məhz hazırkı hakimiyyətin yürütdüyü siyasət nəticəsində ölkənin beynəlxalq arenada imici ildən-ilə aşağı düşür.
AXCP sədrinin müavini Fuad Qəhrəmanlının sözlərinə görə, E.Məmmədyarovun fikirləri tamamilə əsassız və reallığa uyğun deyil. Münaqişənin artıq iyirmi ildən artıq davam etdiyini deyən F.Qəhrəmanlı əlavə etdi ki, yalnız iqtisadi faktor səbəb ola bilməz ki, Qarabağ erməniləri Azərbaycanın tərkibinə qatılmaq qənaətinə gəlsinlər: “Ermənilər indiyə kimi bu qədər qurbanları ona görə verməyiblər ki, sonda Azərbaycan iqtisadiyyatının üstünlüklərinə tabe olsunlar. Ortada güc olmayınca, Azərbaycan ərazi bütövlüyünü güc yolu ilə bərpa etməyə qalxmayınca, ermənilər işğalçı niyyətlərindən vaz keçməyəcəklər. Elmar Məmmədyarovun bu açıqlaması bir növ hakimiyyətin indiyə qədər apardığı yarıtmaz siyasətə ümid yaratmaq məqsədi güdür”.
Korrupsiyanın səviyyəsinə və insan haqlarının pozulmasına görə Azərbaycanın adının ən geridə qalmış ölkələrlə bir yerdə hallandığını deyən AXCP yetkilisi vurğuladı ki, öz vətəndaşlarımız belə bu ölkədən qaçmağın yollarını axtarırlar. Çünki Azərbaycanda yaşamaq hər ötən il daha da çətinləşir: “Başqa vətəndaşların Azərbaycanın qanunlarına tabe olmaq niyyəti real görünmür. Çünki imkan düşən kimi vətəndaşlarımız bu ölkəni tərk etməyə çalışırlar. Bu baxımdan səslənən fikirlərin real əsası yoxdur. Bir məqamı da nəzərə almaq lazımdır ki, iqtisadiyyatın inkişafında deyilən fikirlər absurddur. Çünki Azərbaycanın iqtisadiyyatı bu gün neftdən asılıdır. Məhz neft hasilatı hesabına Azərbaycanın dövlət büdcəsi artır. Neft tükənəndən sonra Azərbaycanı böyük fəlakətlər gözləyir”.

Xəyal