Planlar təkcə pozulmadı, həm də gülüş obyektinə çevrildi
Bu ölkədə ağlı başında olan hər kəs hakimiyyətin AXCP-yə qarşı münasibətindən xəbərdardı. Partiya rəhbərliyinin şərlənərək həbs olunması, partiyanın icarəyə götürdüyü qərargahın partladılması, partiya sədrinin qayınının girov götürülməsi, özünə posport verilməməsi, gecə-gündüz rejim mətbuatında tirajlanan iyrənc yazılar və digər məqamlar cəmiyyətdə dəqiq qənaət formalaşdırıb.
Amma AXCP-nin öz mövqeyində sabitqədəm olması, prinsiplərinə xəyanət etməməsi, həmişə hökumətin məkrli planlarını alt-üst edir.
Bir neçə gün öncə start götürmüş “ xüsusi layihə” isə hökumətin arzusunu gözündə qoydu.
Əvvəla, yaxşı bir tendensiya yaranıb. Hakimiyyət AXCP-dən çıxanları heç vaxt YAP-a transfer eləmir. Çünki, cəmiyyətin bu hakimiyyətə nifrət etdiyini, düşərgəsini satanların YAP-a keçməsinin daha nifrətlə qarşılanacağını bilirlər. Ona görə də “ istefa verənlər” mübarizədən, yola davam edəcəklərindən, ölkəyə demokratiya gətirəcəklərindən danışırlar. Hökumət başa düşür ki, YAP-ı tərifləyən adama heç kim ciddi baxmayacaq. Ona görə də satılmışları əqidəli mübarizlər kimi təqdim etmək məcburiyyətindədilər. Amma “Razi layihəsi” elə ilk mərəhələdən əriməyə başladı.
Birinci ifşa AXCP-dən qovulmuşların arqumentində ifadə olundu. Bu adamlar iddia etdilər ki, partiyada demokratiya pozulur, idaretmədə qüsurlar var və partiyanı gücləndirmək üçün möhürü öz əllərinə keçirmək istəyirlər. Eyni zamanda “AXCP” adına iddia etdiklərini söylədilər. Lap yaxşı, bəyənlilsin, alqşılayırıq. Amma bir sual adamın içində dövr eləyir. Əgər bu adamlar doğurdan da AXCP-ni gücləndirmək istəyirlərsə, hakimiyyət niyə bunlara şərait yaratmalıdı? Axı hakimiyyətin AXCP-yə münasibəti bəllidi? Telekanallar, rejim mətbuatı bu “yeni mübarizlər”i niyə təbliğ eləsin? Belə çıxır ki, hakimiyyət AXCP-ni gücləndirib, hökumətə gətirmək istəyir? Nə vaxtdan YAP hakimiyyəti AXCP-yə qayğı göstərən olub?
İkinci ifşa pul məsələsi ilə bağlıdı. Dünənə qədər “cəbhəçilər acından ölür, çörək almağa pulları yoxdur, köhnə paltar geyinirlər” deyən adam, indi cəbhəçilərə pul paylayır. AXCP-ni gücləndirib, hakimiyyətə qarşı prinsipial müxalifət olmaq istəyən adam bu qədər pulu hardan alır? Bəlkə, hakimiyyət o qədər ideallaşıb ki, prinsipial müxalifəti maliyyələşdirmək qərarına gəlib?
Üçüncü ifşa Razi Nurullayevin “ölkə mətbuatının 95 faizi bizi dəstəkləyir” açıqlaması oldu. Orta məktəbi 3 sinif oxumuş adam da bilir ki, ölkə mətbuatının 95 faizi hökumətin nəzarətindədi və bu 95 faizlik ordu hakimiyyətin mədhi, müxalifətin şərlənməsi ilə məşğul olur. İndi necə olur ki, hökumətin bütün media resursları “yeni AXCP” yə dəstək verir?
Dördüncü ifşa “istefa verənlərlə” bağlı oldu. Hər dəfə ortaya cəbhəçi kimi çıxardıqları adamın örtüyünü qaldıranda fərqli simaların şahidi olduq. Ardınca cəbhəçi gənc Elçin Həsənov açıqlama verdi və “Razi əməliyyatı”nın pərdəarxasını danışdı. Bu fakt bir daha göstərdi ki, hökumət AXCP-nin dağılması üçün böyük pullar ayırıb və qaranəfəs cəbhəçi axtarışındadılar. Amma Razi müəllim çoxlu xarici dil bilsə də, siyasətin dilini bilmədiyi üçün, dili tez dolaşdı. Adam hər məqamda göstərir ki, hökumətin əli ilə AXCP yaratmaq istəyir.
Amma budəfəki ifşa tamam unikal oldu. Nəinki cəbhəçilər, cəbhədən kənarda olan ictimai fəallar da “Razi əməliyyatı” ilə bağlı şerlər, lətifələr, karikaturalar hazırlayır. Yəni, bu prosesin ifşası ironik, satrik, yumoristik oldu. İndi “Razi əməliyyatı” nı tragikomediya da adlandırmaq olar.
Bir daha aydın oldu ki, “narazı cəbhəçilər”in idarəetmə dərdi yox imiş. Sadəcə olaraq bu adamlar hökumətdən tapşırıq alıb, müxalifət donu altında AXCP-ni zəiflətməli idi. Amma bu “donun” üstündə “made in YAP” yazıldığına görə plan pozuldu. Həm də anti-AXCP kampaniyasınnı ömrü 40 gün də çəkmədi. Deyirlər oğurluqla, əxlaqsızlığın ömrü 40 gün olur. Görünür, satqınlıq onlardan da iyrənc əməl olduğu üçün bu rəqəm 10 dəfə azalır.
Bir sözlə, “xüsusi layihə”nin “xüsusi təyinatlıları” əməliyyatı batırdılar. Bundan sonra 9 milyon insan AXCP-dən istefa versə də, “yeni AXCP” legitimləşməyəcək. Çünki, YAP-ın özündən bezənlər, quyruğuna meyl salmazlar.
İlham