PKK-dan HDP-yə sərt təpki

«Öz işinizlə məşğul olsaydınız, gündəm savaş yox, siyasət olardı»

HDP-nin “PKK silahları qeyd-şərtsiz yerə qoysun” çağırışına qarşı tərəfdən reaksiyalar gəlməyə davam edir. Bu dəfə də PKK-nın başqa bir lideri – Duran Kalkan atəşkəs çağırışına sərt təpki verib.

D.Kalkan HDP-yə “özləri nəyə nail olublar ki, indi də çağırış edirlər” deyərək etiraz edib. Kalkanın sözlərinə görə, HDP siyasətdə lazımi qədər yaradıcı ola və uğur qazana bilməyib: “Başqalarına çağırış edirlər. Özləri nəyə nail olublar ki? Bir az realist olmaq lazımdır. Kürd xalqını yaxşı təmsil etmirlər. Parlamentdə niyə fəal olmadılar? Diqqəti bunun üzərinə yönəltsinlər. Öz işləri ilə məşğul olub həll yolu tapsaydılar, gündəm savaş yox, demokratik siyasət olardı”.

D.Kalkan onu da qeyd edib ki, vətəni qorumaq üçün sərhəddə, polis bölmələrində keşik çəkənlərə əsla hücum edilməməlidir.

Duran Kalkanın fikirlərinə HDP-dən də cavab gəlib. Partiyanın sözçüsü Ayhan Bilgən bildirib ki, HDP üzərinə götürdüyü yükün fərqindədir: “Nəzərə alınmalıdır ki, qapıdılmaq təhlükəsi ilə üz-üzəyik. Amma axan qanın durması üçün də çalışmalıyıq”.

HDP sədri Səlahəddin Dəmirtaşın atəşkəs çağırışına PKK-nın başqa bir lideri Cəmil Bayıkdan da sərt cavab gəlmişdi. C.Bayık həmin açıqlamasında silahların birtərəfli susmayacağını demişdi. Onun sözlərinə görə, Türkiyə hökuməti də rəsmi olaraq atəşkəs elan etməli, hər iki tərəfdə atəşkəsi müşahidə edən komitə yaradılmalıdır. Həmçinin müzakirələr azad və bərabər şərtlərdə aparılmalı, PKK lideri Abdulla Öcalan müzakirə qrupunun rəhbəri kimi qəbul edilməlidir. Cəmil Bayık onu da bildirmişdi ki, tərəflər arasında vasitəçilk edəcək üçüncü tərəf müəyyən edilməli, bütün əməliyyatlar dayandırılmalı, son dövrdə həbs olunanlar azad edilməlidir.

Bu arada, Türkiyə PKK-ya qarşı hərbi əməliyyatları davam etdirir. Dünən Türkiyə Silahlı Qüvvələri PKK-nın Iraqın şimalındakı mövqelərinə hava zərbələri endiriblər. Ölkənin Baş Qərargahından verilən məlumata görə, hava əməliyyatı zamanı 34 PKK terrorçusu öldürülüb.