Azərbaycanda devalvasiya qaçılmazdır

Yaponiyanın iri maliyyə holdinqindən ölkəmizlə bağlı bədbin proqnoz

Mərkəzi ofisi Yaponiyanın paytaxtı Tokioda yerləşən iri maliyyə holdinqi Nomura Holdings Azərbaycanın devalvasiyaya gedib-getməyəcəyi barədə proqnoz verib. “Marja” xəbər verir ki, Nomura Holdings keçmiş Sovet Ittifaqı ölkələrinin pullarının qiymətini aşağı salacaq növbəti ölkələr olacağını bəyan edib.

Nomura Holdings-in inkişaf etməkdə olan bazarlar üzrə strateqi Timoti Ash, keçmiş Sovet Ittifaqı ölkələrindən, xüsusilə, Ermənistan, Azərbaycan və Gürcüstanın təzyiqlərə dözə bilməyəcək ölkələr arasında olduğunu deyib. Ash, bu ölkələrin 100 milyard dollar valyuta ehtiyatı olan Qazaxıstandan daha az “cəbhəxanası” olduğuna diqqət çəkir.

20-25 faiz devalvasiya gözlənilir

Iqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin eksperti Samir Əliyev də AzadlıqRadiosuna mövzu ilə bağlı açıqlamalar verib. Samir Əliyev bildirib ki, hazırda fevral ayında baş verən devalvasiyadan əvvəlki proseslər sanki təkrarlanır. “Onda da neftin qiyməti ucuzlaşırdı, qonşu ölkələrin valyutaları düşürdü. Sonra da panika yarandı. Indi də həmin proses gedir. Ona görə də insanlar dollar almaq üçün hücuma keçir”,- deyə ekspet bildirib. Samir Əliyev daha sonra deyib ki, valyuta ehtiyatının azalması devalvasiyanı qaçılmaz edir: “Belə bir məlumat yayıldı ki, ötən həftənin 4-5-ci günləri Mərkəzi Bank 370 milyon dollar satıb. Şənbə-bazar günləri də bu proses gedib. Çoxlu dollar alışı valyuta ehtiyatını azaldır. Fevralda da deyirdilər ki, valyuta ehtiyatı bəs etməzdi, ona görə devalvasiyaya getdik. Indi də valyuta ehtiyatı azalır. Özü də indi valyuta ehtiyatı fevraldakı qədər deyil, daha azdır. 8.5 milyard valyuta ehtiyatı var. Ötən ilin sonu valyuta ehtiyatı 12 milyarda yaxın idi. Indi Mərkəzi Bankın manevr etmək imkanı daha məhduddur. Düşünmürəm ki, Mərkəzi Bank valyuta ehtiyatının daha çox azalmasına imkan verəcək. Ona görəəyyən həddən sonra sərt addım ata bilər.

Devalvasiya iki formada ola bilər. Ya yumşaq formada, ya da ki, kəskin. Yumşaq olsa, gündə bir neçə qəpik ola bilər. Belə olsa, elə bir ciddi dəyişmə olmayacaq. Fevral ayındakı kimi kəskin devalvasiya olarsa, düşünürəm, ən aşağısı 20 faiz olacaq. 20-25 faiz gözləyirəm".

Bununla belə Samir Əliyev hesab edir ki, qarşıdan seçki gəldiyinə görə hökumət maksimum çalışacaq ki, devalvasiyaya getməsin: “Əslində fevral ayında da seçki ili olduğuna görə devalvasiyaya gedəcəyi gözlənilmirdi. Ancaq oldu. Indi seçkiyə daha çox yaxındır deyə, bir az həssas məsələdir. Ona görə, mən də daxil, ekspertlər düşünür ki, hökumət maksimum dərəcədə çalışacaq ki, buna getməsin. Bu devalvasiyanın olmayacağı ilə bağlı əsas arqumentdir. Ikinci əsas arqument birinci devalvasiyanın vurduğu zərərdir, nəticələrdir. Hələ o ortadan qalxmayıb. Iqtisadiyyat hələ adaptasiya olunmayıb, bank sektoru fevral devalvasiyasının altından çıxa bilmir. Iki bank bağlanıb, bir neçəsi bağlanmaq üzrədir. Yəni vəziyyət çox ağırdır. Kreditləşmə ilə bağlı hansı problemlərin yaşandığını hamı gördü. Üstəgəl qiymət artımı. Inzibati yolla qiymət artımını saxladılar. Ancaq yavaş-yavaş qiymət artımı müşahidə edilir. Fevral devalvasiyasının nəticələri indi yavaş-yavaş üzə çıxır. Getdikcə də qiymətlər artacaq. Birinci devalvasiyanın nəticələri aradan qalxmamış ikinci devalvasiya çox böyük bir zərbə ola bilər. O cümlədən bank sektoruna həddən artıq zərbə olar. Bağlanacaq bankların sayı kəskin arta bilər. Bu iki arqument devalvasiyanı əngəlləyən məsələdir. Amma digər arqumentlər var ki, bunlar artıq hökumətin gücü kənarındadır. Bu, neftin qiymətinin azalmasıdır. Neftin qiyməti azalır. Ölkədən kapital axını getdikcə manat üçün çox böyük problem yaradır. Yəni ölkəyə az dollar gəlir, çox dollar çıxır. Üçüncü amil isə panika nəticəsində valyuta ehtiyatlarının azalmasıdır. Indi valyuta ehtiyatı 8.5 milyarddır. Panika olsa, çoxlu dollar alınsa, bu, daha da azalacaq. Hansı ki, bu da böyük problem yarada bilər. Bu üç amil devalvasiyanı şərtləndirən amildir. Indi hansı əsas götürüləcək, bunu artıq zaman göstərəcək. Ona görə deyirəm ki, bu həftə manatla bağlı ola bilsin hansısa addım atılsın, qərar verilsin”.

İqtisadçı çıxış yolu göstərir

Iqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Qubad Ibadoğlu isə “Facebook” səhifəsində vəziyyətdən çıxış yolu ilə bağlı fikirlərini açıqlayıb: “Azərbaycan iqtisadiyyatı sürətlə dollarlaşır, valyutada beynəlxalq ehtiyatlar kəskin şəkildə azalır. Bu ilin 6 aylıq yekunlarına görə, depozitlərin 72,4 faizi banklara dollarla yerləşdirilib və ötən ilin müvafiq dövrü ilə müqayisədə valyutada beynəlxalq ehtiyatlar yarıbayarı azalıb. Bu hesablamalar Mərkəzi Bankın açıqladığı statistik məlumatlar əsasında aparılıb. Hər iki göstərici kapital bazarında manatın mövqeyinin xeyli zəifləməsini və rəsmi ehtiyat aktivlərinin sürətlə azalmasını isbat edir. Hər iki qərarlaşmış tendensiya Azərbaycan iqtisadiyyatı üçün yaxşı perspektiv vəd etmir.

Birincisi, iqtisadiyyatın dollarlaşması ilə onun xarici faktorlardan asılılığını və ölkədən kapital axınını gücləndirir.

Ikincisi isə Mərkəzi Bankın manevr imkanlarını getdikcə məhdudlaşdırmaqla orta müddətli dövrdə milli valyutanın gələcəyini tutqun göstərir. Vəziyyətdən çıxış yolu valyuta bazarının liberallaşdırılması və rəqabətli investisiya mühitinin dəstəklənməsidir. Hazırkı dövrdə yeganə alternativ iqtisadi azadlıq və sağlam rəqabətin, açıq və korrupsiyasız xarici ticarətin, rasional fiskal siyasətin bazasında qurulan iqtisadi reformalardadır. Odur ki, hökumət ilk növbədə inhisarçılığa və korrupsiya qarşı mübarizəni gücləndirməklə iqtisadiyyatın diversifikasiyasına və liberallaşdırılmasına, bununla da əlavə maliyyə qaynaqlarınını formalaşdırılmasına səy göstərməlidir".