AXCP-dən istefa verən gənc hakimiyyəti necə ifşa etdi?


Hakimiyyətin AXCP ətrafında başlatdığı uğursuz "istefa kampaniyası" sifarişçilərin və icraçıların özünə qarşı çevrilir. Avqustun 24-də Razi Nurullayevin təkrar və daha ciddi faktlarla ifşa olunması, bu kampaniyanın məntiqi sonluğu idi, amma sonu deyildi. Şərin ruporuna çevrilənlər, mövcudluğun əsaslarını şərə xidmətdə, yalan tirajlamaqda görənlər, sakit qala bilməzdi, qalmadı da. Belə ki, hakimiyyət mediyası dünən AXCP sıralarından ayrılan Rüfət Əliyevin istefasını da partiyadaxili təlatümün nəticəsi kimi təqdim edib. Amma bu yalan da uzun sürməyib, istefa verən gəncin özü tərəfindən ifşa olunub. Rüfət Əliyev özünün Facebook səhifəsində istefasını partiyadaxili ziddiyətlərin nəticəsi kimi dəyərləndirənlərə tutarlı cavab verib. O, yaydığı bəyanatında istefasının hərhansı partiyadaxili ziddiyyətin nəticəsi olmadığını bildirib və bundan sonra heç bir blokda, təşkilatda təmsil olunmayacağını açıqlayıb. Həmin bəyanatı təqdim edirik:

"Əslində, bu haqqda danışmaq istəmirdim. Mətbuatda gedən məlumatlar dolğun olmadığı üçün, bəzi məqamlara aydınlıq gətirmək istəyirəm.
 
1) Həmin gənclərin partiyadan çıxarılmasını nizamnamə pozuntusu hesab edib, etiraz etməmişəm. Onlara elan olunan ittihamları partiyadan çıxartmaq üçün əsaslı hesab etməmişəm. Bunlar, fərqi şeylərdi
 
2) Gənclərin partiyadan çıxarılmasına etiraz olaraq da partiyadan çıxmamışam, partiyadan çıxmağı onsuzda planlaşdırırdım. Sadəcə, müxtəlif yerlərdən qaynaqlanan söz-söhbətlərə son qoymaq üçün istefamı biraz  sürətləndirmişəm.
 
3) Hər hansı ictimai-siyasi təşkilatda təmsil olunmağı planlaşdırmıram . Özümün başqa planlarım var. İnşallah, həmin planları gərçəkləşdirə bilsək, gələcəkdə AXCP ilə də əməkdaşlığımız olacaq. 
 
AXCP həyatımın bir hissəsidir. Orada keçirtdiyim illərə görə peşman deyiləm. Mənim bir vətəndaş kimi yetişməyimdə , formalaşmağımda AXCP-nin rolu danılmazdır . 
 
Ərizədə geyd elədiyim fikir ayrılığına gəlincə, AXCP-də prinsipial məsələlərlə bağlı olmasa da, detallarla bağlı həmişə fikir ayrılıqları olub. O cümlədən, mənim də olub və bu partiyaya kataklizimlər yaşadacaq həddə deyil. AXCP "fan klub", ya da "xor məclisi" deyil ki, orda fikir ayrılıqları olmasın . AXCP-nin əsas prinsiplərindən biri də, cəmiyyətə fərqli fikri aşılamaqdır. 
 
Hər kəsə uğurlar arzu edirəm .