PKK Bakı-Tbilisi-Ərzurum qaz kəmərini partlatdı

Ekspertlər baş verən hadisəni Azərbaycana mesaj kimi qiymətləndirirlər

Avqustun 25-də gecə saatlarında PKK (Kürd Fəhlə Partiyası) Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin Türkiyənin Qars vilayətinin Sarıqamış qəsəbəsindən keçən hissəsində partlayış törədib. Türkiyə mediasının məlumatına görə, partlayış nəticəsində alov yüzlərlə metr ərazini əhatə edib, qaz nəqli dayandırılıb. Xəsarət alanların olub-olmaması barədə məlumat verilmir. Hazırda bölgədə ciddi təhlükəsizlik tədbirləri həyata keçirlir.

Türkiyənin BOTAŞ şirkətinin Idarə Heyəti bu hadisə ilə bağlı toplantı keçirib. Bu barədə APA-ya BOTAŞ-dan məlumat verilib. Şirkət rəsmisi deyib ki, toplantının ardından ictimaiyyət üçün detallı açıqlama veriləcək.

Məsələ ilə bağlı SOCAR-ın mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev isə sayta bildirib ki, hadisə ilə bağlı kəmərin operatoru olan BOTAŞ şirkəti SOCAR-a mütəmadi məlumat verir: “Hazırda hadisənin təfərrüatları araşdırılır. BOTAŞ-ın məlumatına görə, təmir işləri bir neçə gün davam edə bilər”. SOCAR rəsmisi xatırladıb ki, sözügedən kəmərin Azərbaycan ərazisindən keçən hissəsi avqustun 2-dən təxminən 1 ay müddətinə profilaktika məqsədilə təmirə dayanıb.

Türkiyədə Bakı-Tiflis-Ərzurum qaz kəmərində baş verən partlayış Azərbaycanda “Şahdəniz” platformasının işinə təsir göstərməyib. Bu barədə isə “Trend”ə “BP Azerbaican” şirkətindən bildirilib. Məlumatda qeyd olunur ki, profilaktik tədbirlərdən sonra yataqda hasilat və platformanın bərpa işləri tədricən artır: “Kəmərin tamamilə qazla dolması üçün 2-3 gün lazım olacaq. ”Şahdəniz" yatağında hasilat bazar günü bərpa edilib, boru kəməri qazla indi dolmağa başlayır və qaz Türkiyəyə hələ gedib çatmayıb".

Qeyd edək ki, avqustun 4-də də Bakı-Tiflis-Ərzurum qaz borusunda partlayış törədilmişdi.

Baş verən terror hadisəsinin Azərbaycana təsirlərindən bəhs edən  ekspertlər mümkün versiyalarını ortaya qoyub. Politoloq Elxan Şahinoğlu “Azadlıq”a bildirib ki, baş verən hadisə Azərbaycana bir mesajdır. Elxan bəy deyir ki, terror təşkilatı bununla tək Türkiyəyə deyil, Azərbaycana da bir savaş açdığını bəyan edib: “Bu hadisəni təsadüfi hesab etmək olmaz. Terror partlayışı yenidən həmin qaz boru xəttində baş verirsə, bu artıq müəyyən bir mesacdır və onun arxasında mövcud qüvvələr dayana bilər. Bu qüvvələr Azərbaycanın neft və qazının Türkiyə üzərindən Avropaya daşınmasında  maraqlı deyillər. Pul və silah qarşılığında belə bir aksiya keçirmək üçün bəzi qüvvələr ortaya atıla bilər. Rusiyadakı müəyyən qüvvələr, Ermənistan və erməni lobbisi də ola bilər. PKK ilə onların əvvəldən əlaqələri olaraq belə bir partlayış törədə bilərlər. Onlar Azərbaycandan Avropaya daşınan məhsulun təhlükəsiz olmadığı mesacını vermək, bunu dünyaya göstərmək istəyirlər. Yaxın gələcəkdə TANAP, Bakı-Tbilisi-Ceyhanı da müəyyən təhlükələr gözləyə bilər. Bu baxımdan PKK-nın arxasında müəyyən qüvvələr durur. PKK-nın belə bir partlayış törətməsi ölkəmizin maraqlarına toxunmaqla təcili addımlar atmağı zəruri edir”.

Ekspert Ilham Ismayıl  isə məsələyə fərqli yanaşaraq  PKK-nın törətdiyi bu hadisədə Azərbaycanın birbaşa hədəf olmadığını söyləyir. O, hadisədə əsas hədəfin Türkiyə olduğunu deyərək ölkəmizin qismən hədəf seçildiyini də söyləyir: “Təhlükəsizilk baxımından həmin kəmərin zəif yer olduğunu mətbuatın yazdığına, ekspertlərin dediklərinə baxmayaraq hər iki dövlətin rəsmi qurumları vacib addımlar atmır. Belə strateji  məsələlər zaman-zaman terror təşkilatlarının hədəfi olacaq. Onun təhlükəsizliyini təmin etmək üçün  bütün güclər sərf edilməlidir. Çünki bu, təkcə təhlükəsizlik məsələsi deyil, bu, bir siyasət, perspektiv strategiya, pul və iqtisadiyyatdır. Bunun qarşısı alınmalıdır.  Qarşısı alınmasa, belə zəif yerləri PKK tez-tez tapacaq və ondan istifadə edəcək. Azərbaycan tərəfi bu məsələdə Türkiyəyə  xüsusi təkliflərini verməlidir və yeri gəldikcə bir yerdə fəaliyyət göstərməlidirlər”.