Avropa Birliyinin səfiri Əli Kərimli ilə nədən danışıb?

Avropa Ittifaqının Bakıdakı səfiri Malena Mard Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli ilə görüşüb. Avropa Ittifaqının Bakıdakı nümayəndəliyinin ofisində baş tutan görüşdə hazırda ölkədəki ictimai-siyasi vəziyyət, xüsusən qarşıdan gələn parlament seçkiləri müzakirə olunub.

AXCP sədri Əli Kərimli “Azadlıq”a açıqlamasında bildirib ki, müzakirələr zamanı ölkədə seçkiqabağı durumu dəyərləndirməklə yanaşı, rəhbərlik etdiyi partiyanın parlament seçkilərilə bağlı mövqeyi də ifadə olunub.

Qeyd edək ki, bugünlərdə Milli Şura parlament seçkiləri, ölkədə seçki öncəsi durum barədə geniş həcmli hesabat yaymışdı. Əli Kərimlinin sözlərinə görə, görüş zamanı məlum olub ki, Avropa Birliyinin təmsilçiləri hesabat barədə kifayət qədər məlumatlıdır.

“Həmin hesabatın əsasında da vəziyyəti şərh elədim. Ölkədə sərbəst toplaşma azadlığına, mətbuata qarşı maneələri, siyasi məhbus problemini müzakirə etdik. Həmçinin son vaxtlar AXCP-yə qarşı dövlət səviyyəsində yeni təxribatlar barədə danışdıq. Parlament seçkilərinə gəlincə, mətbuatda ifadə elədiyim fikri bir daha təkrarladım. Bildirdim ki, biz seçkidə iştiraka meylliyik, amma seçkilər də gərək seçki adına yaraşsın. Əgər Milli Şuranın hesabatında öz əksini tapmış tələblər yerinə yetirilsə, o zaman seçkidə iştirak edəcəyik. Yerinə yetirilməsə, vəziyyət indiki kimi qalsa, seçkidə iştirak etməyəcəyik. Həmçinin Azərbaycanın Avropa Birliyinə inteqrasiyası ətrafında da fikir mübadiləsi apardıq”, – deyə Əli Kərimli bildirib.

Informasiya şöbəsi