İsrail Azərbaycan neftindən imtina etdi

Bu ilin mayından avqustun 11-nə qədər Israil Iraq kürdlərindən 19 milyon barreldən çox neft alır. Bu haqda “Financial Times” qəzeti yazıb. Israilin Iraq kürdlərindən aldığı neftin dünya bazarı qiymətləri ilə dəyəri 1 milyard dollar yaxındır.

Beləliklə, Israil son üç ay yarımda neftə olan tələbatının dörddə üçünü məhz Iraq neftinin hesabına ödəyib.

Kürdlər neft satışından əldə etdikləri gəlirləri “Islam Dövləti”inə qarşı mübarizəyə və PKK-nın qolu olan YPG-nin maliyyələşdirilməsinə sərf edir.

Kürd neftini təkcə Israil almır. Italiya, Fransa, Yunanıstan, Türkiyə və Kipr də kürdlərdən neft alır. Ticarət əməliyyatlarını “Vitol”, “Trafigura” və “Petraco” kimi iri treyder şirkətləri həyata keçirirlər.

Bu ilin yazından etibarən Iraqın Kərkük əyalətində hasil olunan neftin üçdə biri Türkiyənin Ceyhan limanına daşınıb, oradan isə tankerlərlə Israilə yola salınıb. Bu məlumat dəniz neft tankerlərinin trafikinin analizi, ticarət şirkətlərindəki mənbələr və peyk məlumatları əsasında ortaya çıxıb.

Analitiklər hesab edir ki, Israil kürd neftini qiymətin aşağı olması səbəbindən alır. Iraq kürdləri neftə alıcı tapmaq üçün onu bazar qiymətlərindən xeyli aşağı təklif edirlər.

Lakin Iraqın şimalındakı kürd administrasiyası bunu təkzib edir. Kürd administrasiyasındakı mənbə deyib ki, şirkətlərin nefti kimə satması onları maraqlandırmır.

Israil rəhbərliyində isə məlumatı şərh etməyiblər. Məlumdur ki, Israil bundan əvvəl nefti əsasən Azərbaycan, Qazaxıstan və Rusiyadan alırdı.

Belə çıxır ki, Israil indi Azərbaycan neftindən imtina edib və qeyri-leqal yolla bazara çıxarılan kürd neftinə üstünlük verir. Bundan əvvəl də Israilin Iraq kürdlərindən neft aldığı haqda məlumatlar yayılıb. Bir neçə ay əvvəl kürd nefti ilə dolu tankerin ABŞ limanlarına yan almasına icazə verilməməsindən sonra tanker geri qayıdaraq nefti Israil limanında boşaltmışdı.

Iraqdan neft ixrac edən təkcə kürdlər deyil. IŞID də nəzarətində olan ərazilərdə neft hasil edərək bazar qiymətlərindən xeyli aşağı bazara çıxarır. Həmçinin bundan əvvəl xəbərlər yayılıb ki, Israil IŞID neftini də alır.

Hətta IŞID-in bazara çıxardığı neftin azərbaycanlı oliqarx Mübariz Mənsimovun tankerləri ilə Israilə daşındığı haqda məlumatlar var idi(Virtualaz.org).

Ekspertlər hesab edir ki, neft bazarında böyük həcmdə neft artıqlığı yaranıb. Əvvəlki dövrdən fərqli olaraq indi satıcılar alıcılardan asılı vəziyyətə düşüb. Neft satan ölkələr arasında güclü rəqabət başlayıb. Məhz buna görə bazarın bəzi oyunçuları başqalarından aşağı qiymətlə neft satmaq yolunu tutublar.

Uzun müddət Israil Azərbaycan neftinin əsas alıcılarından olub. Indi Israilin bu addımı neftin sürətlə ucuzlaşdığı dövrdə Azərbaycanı xeyli maliyyə vəsaitindən məhrum edib. Bu tendensiyanın davam edəcəyi şübhəsizdir.