elnurastanbeyli@gmail.com
Üç uşağını Ucar rayonunun Qaracalı kəndində qoyub Bakıya qaçan 24 yaşlı gəlin haqqında sosial şəbəkələrdəki müzakirələrin bir bölümünü izlədim. Izlədikcə, dəhşətə gəldim. Sən demə, toplum olaraq nə qədər amansızlaşmışıq, qəddarlaşmışıq?!
Bəlkə də təəccüblü deyil – Sistemin aqressiv, ədalətsiz mahiyyəti bütün cəmiyyətə sirayət edib. Heç kim heç bir problemin kökünə enmək istəmir, heç kim səbəbə baş vurmaq istəmir, hər kəs nəticədən yola çıxır və mülahizə yürüdür.
Bir az da açıqlayım: yuxarıda haqqında danışdığımız hadisə ilə bağlı gənc gəlinin və onun qayınatasının açıqlamaları öz yerində. Ola bilsin, hər kəs özünə sərf edən formada danışır, hər kəs özünü haqlı çıxarmağa çalışır. Bununla işimiz yoxdur. Amma bir məqam dəqiqdir, qətidir: gənc gəlin 13 yaşında nişanlandırılıb. 18 yaşında evləndirilib və 19 yaşında birinci dəfə ana olub. Hazırda – yəni 24 yaşındaykən isə o artıq üç uşaq anasıdır.
Indi soruşuram: 13 yaşında bir qız uşağını nişanlamaq nə deməkdir? Hansı təfəkkürdür bu, hansı çağda yaşayırıq?! 19 yaşlı qadının çiyninə analıq kimi ağır, məsuliyyətli bir yük qoymaq nə qədər doğrudur, nə qədər vicdanidir? Bəs onun universitetdən məzun olma yaşında üç uşaq anası olmasına nə deməli? Doğrudanmı, bu ölkədə adamlar təqvimə baxmadan, təqvimin 21-ci əsri göstərdiyini görmədən, dərk etmədən yaşayırlar?!
Yaxşı, cavabı özündə olan bütün bu suallardan sonra sosial şəbəkələrdəki müzakirələrdə gənc gəlini ittiham hədəfinə çevirmək, onun başqa bir kişiyə qoşulub qaçdığı versiyasından çıxış edərək, bütün suçlamaları onun üzərinə yönəltmək nə qədər məntiqli, nə qədər ədalətlidir? Nə vaxtadək ətrafımızda olub-bitənlərə sadəcə, mentalitetin dar, kirli pəncərəsindən baxacağıq? Nə vaxt problemlərə daha geniş gözlə, daha ayıq başla baxmağı öyrənəcəyik? Nə vaxt hər hansı problemin kökünə enməyə, onun ortaya çıxma, yaranma səbəbini araşdırmağa, məhz bundan sonra bir qənaət hasil etməyə, fikir, mülahizə yürütməyə çalışacağıq?
Baxın, indi gündəmdə hamımızı dərindən sarsıdan, qəzəbləndirən başqa bir olay da var: Mingəçevirdə bir gəncin yerli polis şöbəsində faktiki olaraq döyülüb öldürülməsi, sonra da onun intihar etdiyi görüntüsü yaradılması! Biz buna təəccüblənirikmi? Əsla. Niyə? Çünki ölkədəki mövcud idarəetmənin mahiyyətindən doğan bir hadisədir. Artıq Azərbaycanda polis və işəncə bir-birinin sinoniminə çevrilmiş sözlərdir, bu sözlərdən birini digəri olmadan təsəvvür etmək çətindir.
Yaxşı, hamılıqla baş verən həmin ölüm faktını qınayarkən, baiskarlarını lənətləyərkən başqa bir gəncimizin faktiki olaraq, mentalitet qurbanına çevrilməsinə niyə rəhmsiz, ədalətsiz yanaşırıq? Valideynləri 13 yaşlı bir qızı ərə vermək əvəzinə, onu normal təhsil sahibinə çevirmək barədə düşünsə, indi biz ortaya çıxan mənzərənin şahidi olardıqmı?
Bəli, Mingəçevir polisindəki gəncin ölümü ilə gənc ananın yaşadığı səs-küylü olayın eyni vaxta təsadüf etməsi əslində həm də xeyli dərəcədə simvolikdir; bu paralellik bizim bir xalq kimi nə qədər faciəvi, acınacaqlı duruma düşdüyümüzü göstərir: bir medalın iki üzü olan siyasi sistem və milli mentalitet əlbirliyi ilə axırımıza çıxır, bizi, övladlarımızı öz qurbanına çevirir. Və nə yazıq ki, bu ölkədə bəşəri dəyərlərin önünü açmadan, hüquqi-demokratik dövlət qurmadan, çağdaş, modern, mədəni cəmiyyətə çevrilmədən, bu torpaqlar üzərində insan hüquq və azadlıqlarını bərqərar etmədən həmin qurbanlar sonuncu olmayacaqlar. Necə ki, birinci də deyillər.
Hətta növbəti qurbanın lap elə bizdən birinin – bir yaxınımızın, bir doğmamızın, bir əzizimizin olmayacağına kimsə təminat verə bilməz!