A yordu, yordu, yordu…

Adi, adidən adi, Azərbaycan kimi təpədən-dırnağa korrupsiyaya, yəni nəcasətə bulaşmış bir dövlət üçünsə son dərəcə adi bir olay: “Mur-Ay” MMC-nin yüzlərlə insanın başına gətirdiyi fəlakət. Batan, hakimiyyət məmurlarının vəhşi dilənçiliyinin güdazına getmiş milyonlarla pulunun geri qaytarılmasını və ya evlə təmin olunmalarını tələb eləyən yüzlərlə biçarə insan.

Adi olan nədir? Istehlakçıların saysız-hesabsız parasının korrupsiya ucbatından güdaza getməsi. Əllərinin göyə yapışması. Bir mənzilin onlarla ayrı-ayrı vətəndaşa satılması və sonunda hamısının quru yurdda qalması. Azərbaycan kimi idarəçiliyi olan bir dövlət üçün bu, çox təbiidi. Ayrı necə olacaqdı ki? Əgər bu hakimiyyətin rəhbərlik etdiyi bir ortamda, kimsə yanmadan hansısa işini uğurla başa çatdıra bilirsə, bunun özü möcüzədi, bu miqyasda korrupsiyası olan bir dövlət üçün elə bir haldı ki, dünyanı heyrətə gətirə bilər. Nə isə, mətləbdən uzaq düşməyim.
Bu halın təbii olduğunu dedim. Ama yalan-doğru bir dövlətimiz var axı. Bir ailənin, bir sülalənin, onların ətrafına yığışmış zalımların dövləti olsa da, hər halda adı rəsmi olaraq bütün dünyada Azərbaycan olaraq tanınır və deməli, yalan-doğru bütün ölkəyə, xalqa, millətə qulluq eləməli, onun yaşayışını, yaşamaq haqqını verməlidi. Yəni deyək ki, bu dövlət dediyimiz aparat bizim deyil, ancaq bizə də dəxli var, təsisçisi bizlərik və 99 faiz durumda hakimiyyətdəkilər üçün fəaliyyət göstərirsə, bir faiz də yerdə qalan vətəndaşların arasında bölünməklə bizlərə qulluq eləməlidi. Təxminən belə bir nisbət – 99 faiz haqq 100 nəfər üçün, bir faizsə səkkiz milyon doqquz yüz doxsan doqquz min doqquz yüz (8999900) vətəndaş üçündü.
Indi elə bir durum yaranıb ki, hətta o bir faizi də vətəndaşlara çox görürlər. Yüzlərlə insanı qışın soyuğunda, yayın cırhacırında küçələrə, qapılara salıblar. FHN, PA, BŞIH ötür-ötür oyunu oynayır – bu, topu ona, o isə o birinə atır, sonra yeni dövrə. Eynən “a yordu, yordu, yordu”. Vətəndaş da qalıb bunların arasında ordan ora, burdan bura qaçmağa. Bunların hər biri dövlət orqanıdı, dövlətin bir qoludu – o qolu ki, işi-gücü yalnız vətəndaşın haqlarını təmin eləməkdi. Əvəzində nə baş verir?

Şikayətçiləri adam kimi dinləmək, yarasına əlac eləmək yerinə onların qarşısına traktor kimi adamları şumlaya bilən polisi cəlb eləyir, qoca, cavan, kişi-qadın demədən işgəncə verir, kobudluq eləyir, qapılarından qovurlar. 5-6 nəfəri həbs eləməklə işlərini bitmiş sayırlar. Ancaq batmış pulların, daha doğrusu, adamların taleyinin necə olacağına kimsə aydınlıq gətirmir. Elə yaralarına duz basır, köz basır, cızıltısından həzz alırlar. Onda bu dövlətin adı nəymiş? Onda hakimiyyətdə olanların vətəndaşlar üçün elədiyi nəymiş? Körpümü, keçidmi, yol ötürücüsümü, parkmı-bulvarmı, karusellər, oyuncaq maşınlar, adamların dərisini soyan çayxana-kafelərmi, heykəllərmi, muzeylərmi, fontanlarmı, analoqsuz bayraq dirəyimi, modern həbsxanalarmı, çəkilən yollarmı, ictimai tualetlərmi? Axı insan olmayandan sonra bunlar kimə lazımdı? Yoxsa bütün bunları yalnız qlamur klip çəkdirən manıslar üçün yapıblar? Məgər bu xalq manıslardan, yapçılardan ibarətdi?
Indi haqqı-hüququ pozulan bu yanıqlı insanlar YAP hakimiyyətini, onun sədrini necə müdafiə eləyərlər? Necə onun arxasında durarlar? Məgər ləyaqət bu qədərmi korşalıb? Başını kəsənin əlini öpmək harada görünüb? Hətta yazıqlar üst-üstə deyirlər: “Bizim başqa istəyimiz yoxdur. Özləri məsələni uzadaraq siyasiləşdirirlər. Halbuki buradakı insanların belə məqsədi yoxdur. Onlar pullarını və evlərini tələb edirlər”. Insanın bu qədər sındırılmasını, zavallı günə salınmasını dünya bu miqyasda görmüşdümü? Bəlkə də görmüşdü. Ancaq indi o dünyaya ancaq tarix kitablarında rast gəlmək olar.