İlham Əliyev xalqı aldadır

Əhalinin xərci gəlirindən artıqdır

Məhəmməd Talıblı: “Azərbaycanda xərclərin artım tempi gəlirlərin artım tempini üstələyir”

Ölkə başçısı İlham Əliyev altı ayın nəticələri ilə bağlı keçirdiyi müşavirədə əhalinin gəlirlərinin artdığını deyib. Lakin dövlət başçısı əvvəlki müşavirələrdən fərqli olaraq ÜDM-in artım məsələsinə toxunmayıb. Qeyd edək ki, il yarımda ÜDM-də cüzi artım olub. Eyni zamanda əhalinin xərclərinin də nə qədər artdığına nəzər salınmayıb. Son ildə ölkədəki qiymət artımı və inflyasiya, eyni zamanda kommunal xərclərin artması əhalinin xərclərinin də artmasını deməyə əsas verir. İqtisadçı-ekspertlərin araşdırmaları da bunu deməyə əsas verir. Belə olan halda ölkə başçısının dedikləri nə dərəcədə həqiqətə uyğundur?
İqtisadçı-ekspert Məhəmməd Talıblı Azərbaycanda ötən il iqtisadi artımın 5 faiz olduğunu deyir. Lakin son altı ayda bu göstərici xeyli aşağı düşüb. Bunun əsas səbəbi isə xarici ticarət dövriyyəsində azalmalarla bağlıdır.
Ekspert Azərbaycanda xərclərin artım tempinin gəlirlərin artım tempini üstələdiyini qeyd etdi. Statistika Komitəsinin açıqladığı rəqəmlər isə ənənəvi hesabat halı alıb. Ona görə də bu hesabatların hansı formada meydana gəlməsi daha çox sual doğurur, nəinki elan olunan rəqəmlər.
Ekspert ilk yarım ildə ÜDM-in artım tempinin 5-6 nöqtə aşağı düşdüyünü vurğuladı. Bu vəziyyət isə qənaətbəxş sayıla bilməz.

Fizzə