Yaxud, Rauf Arifoğlu Razi Nurullayevin mətbuat xidmətinin rəhbəri rolunda
Həyat böyük məktəbdi və bu məktəbi bitirmək üçün insan ömrü kifayət etmir. Əgər ömür kifayət etsəydi insan dönüklüyünün, satqınlığının, xəyanətinin miqyası bizi təəccübləndirməzdi. Amma bugünün Azərbaycanında qısa ömürlə də uzun iyrənclikləri görmək mümkündür. Məsələn, medallı redaktor Rauf Arifoğlunun “performans”ı tarixin bütün dövrləri üçün unikal sayılmalıdı. Adamın ifşa olunmaq, lənətlənmək kompleksi yoxdur. Bütün şər-böhtan planlarının ifşa olunmasına baxmayaraq, şər əməllərin “əməkdar jurnalsiti” davam edir. İndi də Rauf Arifoğlu Razi Nurullayevin mətbuat xidmətinin rəhbəri kimi çıxış edir. Demək olar ki, Arifoğlu hər gün AXCP-dən “istefa verdirir”. Biz başa düşürük ki, bu saatdan sonra Rauf Arifoğlunun törətdiyi əməllər heç kimi təəccübləndirə bilməz. Çünki, artıq cəmiyyət onun “vicdan standartı” na bələddir və bütün bu “missiya” onun “standartı” na uyğundu. Sadəcə olaraq cəmiyyətdə çaşqınlıq yaradılmasına imkan verməmək üçün bir neçə məqamı diqqətə çatdırmaq istəyirik.
Yəqin ki, xəbəriniz var. “Yeni Müsavat” “keçmiş siyasi məhbus AXCP-dən istefa verdi” başlıqlı yeni yazı yerləşdirib. Amma bu dəfə “Yeni Müsavat”ı biz yox, “Yeni Müsavat”ın özü ifşa etdi. Belə ki, istefa verdiyi iddia edilən Rahib Hacıyev 2013-cü ildə partiyadan istefa verib və bu haqda məlumat həmin dövrdə “Yeni Müsavat”da dərc olunub. Yəqin şərləmək həvəsi o qədər güclənib ki, artıq öz yazdıqlarını da unudublar. Bəli, 2 il əvvəl partiyadan istefa verən şəxsi Rauf Arifoğlu üzə çıxarıb ki, yenidən istefa versin. Əslində, eyni şəxsdən gündə 3 dəfə də “istefa ərizəsi” almaq olar. İndiki halda Rauf Arifoğlu Xoşqədəm Hidayətqızı kimi “səni axtarıram” deyib, ölkəni ələk-vələk eləyir. Amma bu “proqram”da axtarış üçün müraciət edənlər mərhumun yaxınları yox, “şər kollektivi”di. Həm də Rauf Arifoğlunun “axtarışı” nəticəsində 1 nəfər də “diri” cəbhəçi tapılmayıb. Yəni, bu adam “ölən”lərin cəsədi ilə oynayır.
Razi Nurullayevin mətbuat xidmətinin rəhbəri kimi işə başladığına görə medallı redaktoru təbrik etmək istəyirik. “Niokolay”dan qalma cəbhəçiləri üzə çıxarmaqda davam etsin. Hətta, Qarabağ döyüşləri zamanı cəbhə xəttində olanları da tapıb, bu siyahıya əlavə etsin. Nə fərqi var, bu cəbhə olmasın, o cəbhə olsun. Əslində, əqidə cəbhəsindən qaçıq fərari olan adamın, AXCP-dən “adam qaçırması” təbii haldı.
Həmişə olduğu kimi bu dəfə də medallı jurnalsitə möhtəşəm bir ideya vermək istəyirik. Təklif edirik ki, Rauf Arifoğlu Fazil Mustafadan, Qüdrət Həsənquliyevdən, Asim Mollazadədən və digərlərindən də istefa ərizəsi alısın. Nə olsun ki, bu adamlar hökumətin yanındadır, deputatdır, partiya sədridir. Əsas odur ki, nə vaxtsa cəbhəçi olublar. Birdə ki, “Yeni Müsavat”ın həqiqəti ortaya çıxarmaq kimi bir missiyası yoxdur və rahatlıqla yalanları davam edə bilər. Üstəlik, ifşa olmaq, nifrət qazanmaq da narahatlıq yaratmır.
Get, ideyadan istifadə et, haram-haram xoşun olsun!
İlham



