Göygöldəki zibillərin dərin kökləri

elnurastanbeyli@gmail.com

Göygölü nəhayət, camaatın üzünə açıb, cəmi 8 gün sonra isə oradan reportajlar yayırlar ki, hər tərəf zibil içindədir, guya hökumətdəkilər bunu bildikləri üçün illərdir oraya girişi qadağan edibmişlər, biz Göygölə layiq deyilmişik, falan-filan. Əlbəttə, hamısı boş söhbətlərdir.

Bu mövzuda artıq gənc dostumuz Orxan Məmməd meydan.tv-də yaxşı bir yazı da yazıb. Hər kəsə onu oxumağı məsləhət görürəm. Yazıdan bir parça: “Bu gün xəbər yayılıb ki, Göygölə giriş dayandırıldı. Guya səbəb zibillikdir. Nazirlik açıqlama verib ki, ”Bəzi vətəndaşlar zibil qutularından torbaları oğurlayırlar". Hörmətli nazirlik, insanlara oğurluğu siz öyrədibsiniz, oğurluğu qanuni iş kimi siz qələmə veribsiniz. Meşələri qırıb satan siz deyildiniz? Yoxsa Xəzərin təmizlənməsi üçün “gətirdiyiniz” gəmilərin pulunu basıb yeyən siz deyildiniz?"

Ümumiyyətlə, yapçılar elə bir yarıtmaz, qüsurlu, çağdışı idarəetmə sistemi yaradıblar ki, ölkədəki ən xırda neqativ də onun özünə qarşı çevrilir. Lap yuxarıdakı sitatda olduğu kimi!

Digər tərəfdən, hamı bilir ki, nə Göygöl zibillənməsin deyə bağlanmamışdı, nə də xalqa mərhəmət hissindən, canıyananlıqdan açılmayıb. Heç kim çörəyi qulağına yemir. Göygölün 10 ilə yaxındır niyə sadə vətəndaşın üzünə qapadıldığı da məlumdur, indi niyə açıldığı da. Neft pulları azaldıqca hələ çox belə “açılışlar” görəcəyik.

Indi Göygöldə yerə atılan boş şüşələri, qarpız qabıqlarını göstərib guya qara camaatın ora layiq olmadığı təəssüratı yaratmaq, xalqın illərdir ora həsrət qalmasına haqq qazandırmaq tam bir rəzalətdir. Əslində qınanılmalı olan yenə Sistem özüdür. Niyə?

Bir: Yol kənarlarına hasarlar çəkib zibillikləri gizlətməyə çalışan yaptokratlar özləridir. Idarə edənlərin təmizlik, abadlıq yaratmaq barədə təsəvvürləri, anlayışları bundan artıq deyilsə, durub sadə xalqdan nə gözləyirlər ki?! 

Iki: Azərbaycanda YAP rejimi məqsədli şəkildə təhsili yox edib. Onun quruca adı var. Məktəblərin necə insan tipi yetişdirdikləri hamıya məlumdur. Orada normal təhsil olmadığı kimi, normal, modern təlim-tərbiyədən danışmaq gülüncdür, absurddur. Elə isə hətta avtobusda, metroda bir-biri ilə anqıra-anqıra danışan, bir-birinin boynuna minən, küçəyə tüpürən yeniyetmələrə, gənclərə görə belə, birbaşa məsuliyyət məhz Sistemin üzərindədir. Təhsilsiz ölkənin vətəndaşı başqa cür olmaz. 

Üç: 9 milyonluq ölkədə hər vətəndaşa yeganə çıxış imkanı telekanallardır. Həmin telekanalların hamısının ipi isə eyni əldədir. Bəs YAP rejimi onlardan nə üçün yararlanır? Ictimai şüuru zibilləmək, zəhərləmək üçün. Halbuki onlardan maariflənmə məqsədi ilə də istifadə etmək olardı. Ekran-efiri bilərəkdən zir-zibillə doldurub, kütlənin şüuruna hər cür zir-zibili matah mal kimi doldurub sonra da Göygölün niyə zibilləndiyini, oranı zibilləyənlərin haradan peyda olduğunu müzakirə etmək gülünc deyilmi? Həm gülünc, həm iyrənc.

Dörd: Göygöldəki zibili səhər-axşam tirajlayıb bunu xalqın qabırğasına döşəmək üçün fürsətə çevirənlər desin görək, bəs bu boyda ölkə korrupsiya ilə, seçki saxtakarlığı ilə, rüşvətlə, yalanla, yaltaqlıqla, üzəduranlıqla zibillənəndə başqa necə olmalı idi? Adamlar altşüurla hərəkət edirlər, istər-istəməz fikirləşirlər ki, seçki qutusuna saxta bülleten atmaq olarsa, yol kənarına da boş kola şüşəsi atmaq olar. Hansısa mənasız Gül bayramını bəhanə edib insanların halalca maaşını kəsmək olarsa, niyə meşədəki ağacı kəsmək olmaz? Bir sözlə, insanlar görürlər ki, ölkədə zibilləmək bir növ leqaldır, ona görə davranırlar. Əgər hərə bir tərəfi – nazir büdcəni, hakim məhkəməni, canım sizə desin, deputat seçicinin üstünü batırırsa, orta statistik vətəndaş da gedib Göygölü zibilləyəcək də.

Uzun sözün qısası, Göygöldəki məlum mənzərə səbəb deyil, nəticədir. Səbəbi, səbəbləri qoyub nəticə ilə uğraşmaq isə yel dəyirmanları ilə döyüşmək qədər mənasızdır.