Vətəndaşın istehlak kreditlərinə əlçatanlığı məhdudlaşır, banklar isə gəlir mənbəyindən məhrum olur
Məhəmməd Talıblı: «Vətəndaşları maarifləndirmək lazımdır ki, bankların soyğunçu faiz dərəcələri olan maliyyə resurslarından istifadə etməsinlər»
Mərkəzi Bankın istehlak kreditləri ilə bağlı son qərarı əslində gələcəkdə problemli kreditlərin yaranmasını önləmək və istehlak kreditləşməsini məhdudlaşdırmaq məqsədi daşıyır. Amma yeni qaydalar Azərbaycanda sosial-iqtisadi durumu daha da qəlizləşdirəcək. Öncə qadağaların mahiyyətinə diqqət yetirmək lazımdır. AMB tərəfindən təsdiqlənən “Banklarda və bank olmayan kredit təşkilatlarında məsuliyyətli kreditləşmə haqqında Metodoloji Rəhbərlik” sənədinə görə, dünyada geniş yayılmış PTI (payment to-income) sisteminin tətbiqi banklara kredit riskini düzgün idarəetməyə sövq etməklə yanaşı, ölkədə kredit qoyuluşunu əhəmiyyətli dərəcədə məhdudlaşdıracaq.
Yeni qaydaya görə, kredit götürən vətəndaşın aylıq borc yükü onun gəlirlərinə uyğunluğu ilə müəyyənləşdirilməlidir. Əvvəllər kredit götürmək istəyən müştəridən ancaq maliyyə vəziyyətini təsdiq edən sənəd tələb olunurdu və kreditin məbləği barədə bank müstəqil qərar verirdi. Ancaq indi ayrılacaq kreditin məbləği müştərinin gəlirlərindən birbaşa asılı olacaq və bank onu istədiyi qədər artıra bilməyək. Belə ki, kredit 2 mərhələdə qiymətləndiriləcək. Əvvəlcə istehlakçının ödəmə qabiliyyəti, sonra isə kredit məhsulunun təyinatına uyğunluğu yoxlanacaq.
“Əhalinin sosial vəziyyəti ağırlaşacaq”
Ekspertlərə görə, yeni mexanizm kredit bazarına, bankların fəaliyyətinə, istehlakçıların kreditə əlçatanlığına təsir göstərəcək. Əsas zərbə istehlak kreditləşməsi bazarına dəyəcək. Qərar əslində Mərkəzi Bankın hazırda 38% paya sahib olan istehlak kreditlərini məhdudlaşdırmaq planının tərkib hissəsidir.
Yaranmış vəziyyətdə əhalinin istehlak kreditlərinə əlçatanlığı azalacaq. Müştərinin bir neçə bankın müştərisi olmaq imkanı məhdudlaşacaq. Amma bir çoxları məhz kreditlər hesabına öz problemlərini həll edirdisə, indi artıq bu imkan olmayacaq.
“Bankların gəlirləri azalacaq”
Yeni qaydalar banklara da ciddi zərbə vuracaq. Nəticədə bankların kreditlərdən əldə etdiyi faiz gəlirləri kəskin şəkildə aşağı düşəcək.
Iqtisadçı Məhəmməd Talıblı hesab edir ki, kommersiya banklarının şərtlərinin sərtləşdirməsi əsasən 2 səbəblə bağlıdır. Birinci səbəb, banklara kreditlə bağlı müraciətlərin sayının durmadan artması və hətta ağır və əzici şərtləri belə göz önünə gətirərək bu riskə girmələridir. Ikinci səbəb isə ondan ibarətdir ki, asan kredit əldə etmək imkanı banklarda problemli kreditlərin həcminin artmasına gətirib çıxarır. Bu da banklara imkan verir ki, seleksiya yolu ilə daha ödəmə qabiliyyəti yüksək olan müştəriləri seçsin: “Banklar sabit müştəri qazanmaq haqqında heç bir strategiyaya sahib deyillər. Çünki, banklar müştəri qazanmaq haqqında düşünməkdənsə, belə müştəri kütləsi onların qapıları arxasında onsuz da böyük sıxlıqla durur. Ona görə banklar şərtlərini sərtləşdirməklə daha asan və intizamlı ödəmə qabiliyyəti olan müştərilər seçmək imkanı qazanmaq istəyirlər. Ona görə bu seleksiya ”ələyinin" deşiklərini daha narın etmək istəyirlər. Əgər vətəndaşlarımızın sosial iqtisadi durumları banklardan kredit götürmədən də problemlərini həll etmək azca imkanları olsaydı, bunu etməzdilər. Digər tərəfdən, bizim vətəndaşlara hər addımda maarifləndirmə işləri aparmaq lazımdır ki, bankların soyğunçu faiz dərəcələri olan maliyyə resurslarından istifadə etməsinlər. Bu, uzaqbaşı sizin problemlərinizi ertələməyə yox, bataqlığa düşməyiniz üçün ilk addımdır. Sonradan bütün çabalarınız və vəziyyətdən çıxmaq cəhdləriniz sizin daha da bataqlığa düşməyiniz üçün olacaq".
M.Talıblının fikrincə, belə sərt şərtlər bankların resurs azlığı ilə bağlı deyil. Daha çox özünü risklərdən sığortalamaq və problemli kreditlərin qarşısının alınması üçün önləyici tədbirdir. “Əhali özünün problemlərinin həlli üçün müxtəlif yollara baş vurur. Bazarlarda bahalaşma onların gəlirlərini ”yeyir", bəzi sahələrdə iş yerlərinin bağlanması onların gəlir mənbələrinin itirilməsi ilə müşahidə olunur və nəticədə mövcud ehtiyacları ilə onların gəlirləri arasında mütənasibsizlik onların durumlarını kritik həddə çatdırır. Bu zaman isə onlar əsasən 3 labüd haldan birini seçmək məcburiyyətində qalacaqlar: birinci, banklardan daha ağır şərtlərlə və ya nisbətən yüksək əməkhaqqı olan yaxınlarının adına kredit alacaq. Ikincisi, kreditə əlçatanalığını təmin edə bilməyənlər yaxınlarından nağd borc almaq məcburiyyətində qalacaq. Üçüncü, problemlərinin həllini təxirə salacaqlar ki, bu da ailədaxili narazılıq, depressiya və ya intihar halları ilə müşahidə oluna bilər", deyə M.Talıblı vurğuladı.
Xəyal