Mingəçevirdə fövqəladə vəziyyət FOTO VİDEO Yenilənib

Sakinlər polisdə ölən gəncə görə etiraza qalxdı; polis etirazçılara divan tutdu; xeyli sayda saxlanılan varDİN şantaja əl atdı

 
Daxili İşlər Nazirliyi Mingəçevirdəki baş verən hadisələrlə bağlı rəsmi məlumat yayıb. Məlumatda deyilir ki, avqustun 22-də Mingəçevirdə Bəhruz Hacıyevin ölümünə etiraz olaraq keçirilən aksiyada 21 nəfər saxlanıb. Onların haqqında tədbir görülməsi üçün toplanmış materiallar məhkəməyə göndərilib. 

 
Məlumatda saxlananların ictimai asayişi kobud şəkildə pozduqları, 4 polisin xəsarətlər aldıqları, bir polis maşının yarasız hala salındığı bildirilir. «Baş vermiş bədbəxt hadisədən təəssüfləndiyimizi bildirir, mərhum Bəhruz Hacıyevin valideynlərinə başsağlığı veririk. Eyni zamanda, diqqətə çatdırırıq ki, bu hadisədən sui-istifadə edən destruktiv elementlərin təhriki ilə şəhərdə ictimai qaydanı və sabitliyi pozmağa cəhdlərin qarşısı qətiyyətlə alınacaq, təqsirkar şəxslər barədə qanunvericiliyə uyğun tədbir görüləcək», – deyə məlumatda etiraz edən sakinlər santaj olunur və hədələnir.
 
DİN həmçinin, Bəhruz Hacıyevin Polis Şöbəsində ölməsi faktı ilə bağlı da açıqlama yayıb. Həmin açıqlamada deyilir ki, Bəhruz Hacıyev avqustun 20-də narkotik vasitələrin satışında və istifadəsində şübhəli şəxs qismində Mingəçevir Şəhər Polis Şöbəsinə gətiriib və özünü pəncərədən ataraq ölüb. Bununla bağlı cinayət işi başlanıb və istintaq aparılır.
 
DİN-in məlumatına görə, Polis Şöbəsindəki ölüm faktı ilə bağlı daxili təhqiqat zamanı müəyyən edilib ki, Şöbənin Cinayət axtarışı bölməsinin əməliyyat müvəkkili polis baş leytenantı Şahlar Şahlarzadə cinayətdə şübhəli şəxslərin saxlanılması və mühafizəsinə dair vəzifə təlimatının tələblərini pozaraq Bəhruz Hacıyevin təhlükəsizliyini təmin etməyib və sayıqlığını itirib, hadisə də bu səbəbdən baş verib. Daxili təhqiqatın yekununa əsasən, daxili işlər nazirinin əmri ilə Şahlar Şahlarzadə daxili işlər orqanlarında xidmətdən xaric edilib. Eyni zamanda, tabelikdəkilərin xidməti fəaliyyətinə nəzarəti zəiflətdiyinə, cinayət törətməkdə şübhəli olduğuna görə gətirilən şəxslərin saxlanılması işini düzgün təşkil etmədiyinə görə Polis Şöbəsinin rəisi polis polkovniki Ələsgər Bədəlova "şiddətli töhmət" elan olunub.

***

Avqustun 22-də Mingəçevirdə baş verənlərə AXCP sədri Əli Kərimli facebook səhifəsində münasibət bildirib. AXCP sədri yazıb:

“Polis idarəsində öldürülmüş Bəhruz Hacıyevin dəfnindən sonra yüzlərlə mingəçevirli şəkildə gördüyünüz dinc yürüşlə polis idarəsi tərəfə gediblər. Yürüş edənlər «Qardaşımızın qanı yerdə qalmayacaq»,  «Qanını yerdə qoymayacağıq» şüarları səsləndiriblər. Onlar cinayətkarların tutulmasını tələb edirdilər. Bəhruz Hacıyevin qanının batırılmasına tamamilə dinc formada etiraz edirdilər. Bu sadə, zəhmətkeş insanlar istəyirdilər ki, onları hökumət dinləsin. Amma nə dinləmək, onların üzərinə silahlı xüsusi təyinatlılar göndərdilər, həbs olunanlar da var.

Rejim növbəti dəfə öz anti-xalq mahiyyətini ortaya qoydu. Polis rejimi və onun kütləvi qanunsuzluqları təkcə mingəçevirlilərin problemi deyil ki. Həbs olunanlar dərhal azad edilməlidir. Bəhruz Hacıyevin qatillərinin məhkəmə önündə dayanmasını tələb etmək hamımızın borcudur”.

***

Avqustun 20-də axşam saatlarında Mingəçevir şəhər polis şöbəsində baş vermiş müəmmalı ölüm hadisəsi barədə məlumat vermişdik. Xatırladaq ki, həmin gün küçədə gedərkən polis tərəfindən saxlanılaraq şöbəyə aparılan, şəhərin Günəş küçəsi, ev 25-də yaşayan 1988-ci il təvəllüdlü Bəhruz Dilsuz oğlu Hacıyevin 25-30 dəqiqə sonra ölüm xəbəri gəlmişdi.

Mərhumun valideynləri övladlarının polis tərəfindən işgəncələrə məruz qaldığını, bədənində “dubinka” və elektroşok izlərinin olduğunu əsas gətirərək, döyülüb öldürüldüyü qənaətindədirlər. Daxili İşlər Nazirliyin Mətbuat Xidmətinin yaydığı məlumatda isə Mingəçevir şəhər sakini Bəhruz Hacıyevin şübhəli şəxs qismində şəhər polis şöbəsinə gətirildiyi, inzibati binadakı xidməti otaqlardan birində əməkdaşlar tərəfindən dindirilən zaman qəfildən özünü pəncərədən aşağı atdığı və nəticədə hadisə yerindəcə keçindiyi qeyd olunurdu.

Hadisə baş verən günü gecə saatlarında mərhumun yaxınları, xeyli sayda Mingəçevir kəndi adlanan ərazinin sakini şəhər polis şöbəsinin qarşısına toplaşıblar. Daha sonra narazı insanlarla polislər arasında insident yaşanıb. Baş verənlərdən hiddətlənən kütlə şöbə istiqamətində hərəkətə keçməyə cəhd göstərsə də qısa qarşıdurmadan sonra ara sakitləşdilrilib.

Elə həmin gün gecə saatlarında şəhərə qonşu Gəncə şəhəri də daxil olmaqla bir neçə rayondan Çevik Polis Alayının polisləri cəlb olunublar.

Dəfn mərasimi öncə avqustun 21-nə planlaşdırılsa da mərhumun yeganə qardaşının Rusiyadan bir qədər gecikməylə gəldiyi nəzərə alınaraq bunu ayın 22-nə təyin ediblər. 

Dünən (avqustun 21-də – red.) isə Mingəçevir şəhər icra hakimiyyətində ayın 22-də baş tutacaq dəfn mərasimiylə əlaqədar fövqəladə iclas keçirilib. Bütün qurumlara baş verə biləcək istənilən hadisəyə hazır olmaq xəbərdarlığı verilib.

Bu gün günorta saatlarında Bəhruz Hacıyevin dəfn mərasimi keçirilib. Kənd sakinləri öncə cənazənin məhz şəhər polis şöbəsinin qarşısında qaldırılmasını istəsələr də, bu baş tutmayıb. Dəfn mərasimindən sonra narazı kütlə Bəhruz Hacıyevin qatillərinin tezliklə tapılması tələbiylə şüarlar səsləndirərək şəhər icra hakimiyyəti istiqamətinə yürüş edib.

Məhz bundan sonra narazı kütləylə polislər arasında qarşıdurma yaşanıb. Belə ki, polislərin etirazçılardan yolu boşaltmağı tələb etməsinə baxmayaraq aksiya iştirakçıları buna məhəl qoymayıblar. Bundan sonra polis dəyənəklərlə aksiyaçılara zor tətbiq edib. Bu zaman Çevik Polis Alayının polisləri səs bombası, gözyaşardıcı qazdan istifadə ediblər. Xeyli sayda etirazçı saxlanılıb. Şəhərin ana yolu olan Heydər Əliyev prospekti və 20 Yanvar küçəsi faktiki olaraq bağlanıb. Şəhər polis şöbəsinin Səməd Vurğun küçəsiylə Heydər Əliyev prospektinin kəsişməsində yerləşən inzibati binası da Çevik Polis Alayının xüsusi geyimli polisləri tərəfindən mühafizə olunur.

Bir sözlə, Mingəçevirdə qeyri-rəsmi şəkildə fövqəladə vəziyyət elan olunub. Yerli sakinləri ən çox hiddətləndirən məqamlardan biri də Çevik Polis Alayının polislərinin küçədə hərəkətdə olan dinc sakinlərə qarşı olduqca amansız, sərt və kobud davranışlarıdır.

 
 

***

Mingəçevir polisindəki ölümlə bağlı yeni təfərrüatlar

Ölən gəncin onunla birlikdə şöbəyə aparılan dostu gördüklərini danışdı; DİN-in generalı mərhumun doğmalarına nə deyib?

Avqustun 20-də axşam saatlarında Mingəçevir şəhər polis şöbəsində müəmmalı ölüm hadisəsi baş verib. Belə ki, polis şöbəsinə aparılan, şəhərin Günəş küçəsi, ev 25-də yaşayan (qeyd edək ki, bu ərazi qədim yaşayış məskəni kimi daha çox Mingəçevir kəndi olaraq tanınır – red.) 1988-ci il təvəllüdlü Bəhruz Dilsuz oğlu Hacıyevin bir müddət sonra ölüm xəbəri gəlib.

Mərhumun atası Dilsuz Hacıyevin sözlərinə görə, oğlu polis şöbəsinə dindirilmək məqsədi ilə aparılıb. Onlar bu barədə sonradan, artıq oğullarının ölüm xəbəri çıxdıqdan sonra məlumat əldə ediblər. Özü də bu məlumatı onlara polis yox, vaxtilə şəhərin Azərbaycan İES adlanan ərazisində yerləşən meyitxanada çalışan uzaq bir qohumları xəbər verib. Məhz o, Bəhruzu tanıyıb və bu barədə onun valideynlərinə xəbər çatdırıb.

D.Hacıyev deyib ki, meyitxana şəhər mərkəzi xəstəxanasının yenicə əsaslı təmirdən çıxmış binasının korpuslarından birində yerləşir. Belədə Bəhruzun meyitini o boyda uzaq məsafə qət edib, hansısa qəsəbəyə aparmaq və orada xəlvəti yarmağa hazırmaq istəyi suallar doğurur. D.Hacıyevin sözlərinə görə, oğlunun meyitini gizlicə yarmaq istədikləri barədə meyitxanada işləyən qohumundan xəbər tutub. Meyiti isə güclə alıblar.

Yeri gəlmişkən, polislərin B.Hacıyevi nə məqsədlə dindirməsinin səbəbi indiyədək açıqlanmır.
D.Hacıyevin sözlərinə görə, oğlu polis şöbəyə aparılandan təxminən 20 dəqiqə sonra ölüb.
"Şöbədən sonradan bildirdilər ki, Bəhruz özünü 3-cü mərtəbədən aşağı atıb. Amma biz onların bu versiyasına inanmırıq”, – deyə D.Hacıyev bildirib.

Mərhumun əmisi Səməd Səmədovun bildirdiyinə görə, qardaşı oğlu başıaşağı, sakit, təmkinli, eyni zamanda mərd bir oğlan olub. Bir neçə gün idi ki, tikintidə işə düzəlmişdi. “Bəhruz iki dostuyla birlikdə bilyard oynamağa gedirmiş. Bu zaman şəhərin “Güllü bağ” deyilən ərazisinin yaxınlığında yanlarında bir polis maşını dayanıb. Səbuhi adlı polis əməkdaşı Bəhruzla yanındakı dostlarından birini maşına mindirərək şöbəyə aparıb. Cəmi 20 dəqiqə sonra isə bu hadisə baş verib. Bəhruzun ölümündən sonra onunla saxlanılan dostunu dərhal azad ediblər. Amma onların nəyə görə saxlanıldıqları barədə hələ də heç bir məlumat verilmir”.

Hadisədən dərhal sonra gecə saatlarında mərhumun yaxınları, xeyli sayda Mingəçevir kənd sakini şəhər polis şöbəsinin qarşısına toplaşıblar. Daha sonra narazı insanlarla polislər arasında insident yaşanıb. Baş verənlərdən hiddətlənən kütlə şöbə istiqamətində hərəkətə keçməyə cəhd göstərib. Qısa qarşıdurmadan sonra ara sakitləşdilrilib.

Bu arada Daxili İşlər Nazirliyi Mingəçevir şəhər polis şöbəsində saxlanılan B.Hacıyevin ölümü ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.

Nazirliyin Mətbuat Xidmətinin rəis müavini Ehsan Zahidov bildirib ki, avqustun 20-də Mingəçevir şəhər sakini Bəhruz Hacıyev şübhəli şəxs qismində şəhər polis şöbəsinə gətirilib: “İnzibati binadakı xidməti otaqlardan birində əməkdaşlar tərəfindən dindirilən B.Hacıyev, qəfildən özünü pəncərədən aşağı atıb və nəticədə hadisə yerindəcə keçinib. Mərhumun yaxın qohumlarının iştirakı ilə məhkəmə tibbi ekspertizasında müayinə olunan meyitin üzərində zorakılıq əlamətləri aşkar edilməyib”.

Maraqlıdır ki, başqa bir iddiaya görə Bəhruz Hacıyevi dindirmək üçün gətiriblər, lakin o, polislərin əlindən çıxaraq yuxarıya doğru qaçıb və binanın 3-cü mərtəbəsindən özünü atıb.

Yeri gəlmişkən, mərhumun əmisi S.Səmədov qardaşı oğlunun ölümüylə bağlı DİN-in yaydığı açıqlamaya da münasibət bildirib. Onun sözlərinə görə, onlar, yəni mərhumun yaxın qohumları meyitin üzərində zorakılıq əlamətlərinin aşkar edilmədiyini deyil, meyitin onlara məxsus olduğunu  deyiblər. “Bunlar isə tamamilə fərqli-fərqli şeylərdir. Bəhruzun ayağında, dizində, belində qaraltılar, göyərmələr vardı. Bunlar isə yıxılarkən alınan xəsarətlərdən yox, Bəhruza qarşı edilmiş zorakılıqlardan xəbər verir”.

Mərhumun qohumlarının sözlərinə görə, polis şöbəsinin yenicə istifadəyə verilmiş inzibati binasının az qala hər nöqtəsində müşahidə kamerası var və belədə sözsüz ki, dindirilmə prosesinin, ümumiyyətlə hadisənin baş vermə anının qeydə alınmaması inandırıcı deyil.

Sonda qeyd edək ki, bu, Mingəçevir şəhər pois şöbəsində ilk belə ölüm halı deyil. 2006-cı ilin iyulunda da at oğurluğunda şübhəli bilinərək şəhər polis şöbəsinə gətirilən Qarabağmüharibəsi əlili Rasim Əlişov şöbənin Cinayət-Axtarış bölməsinin əməkdaşları tərəfindən döyülərək qətlə yetirilmişdi. O zaman Rasim Əlişovun aldığı zərbələrdən məhz şöbədə keçindiyini şəhər Təcili-Tibbi Yardım Xəstəxanasının həkimləri də təsdiqləmişdilər.

2007-ci ilin iyulunda Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmüylə Mingəçevir ŞPŞ-nin Cinayət-Axtarış bölməsinin rəisi İlqar Abbasov və şöbənin əməkdaşı Ramiz Murquzov 8 il azadlıqdan məhrum edilmiş, hadisədə iştirak edən digər keçmiş polis işçiləri Anar Həsənov və Elçin Musayevin isə hərəkət azadlığı 3 il müddətinə məhdudlaşdırılmışdı.

"Mingəçevir işıqları" saytının müxbiri bu gün hadisə yerində olub və mərhumun yaşadığı Mingəçevir kəndində ailəsinə baş çəkib, hadisə iştirakçılarının fikirlərini öyrənməyə çalışıb. 17 yaşlı Əzizov Vaqif Kazım oğlu deyib ki, dünən yoldaşları ilə birgə axşam radələrində bilyard oynamaq üçün kənddən çıxıb: ”Üç nəfər idik:  Bəhruz, Dilqəm və mən. Qəbiristanlığın yanına çatanda serjant Samir Həmidov qabağımıza çıxdı. O, 12 nömrəli məktəbdə Bəhruzla sinif yoldaşı olub. Bir sinif aşağıda oxuyub.  Bəhruzla yaxşı münasibəti vardı Samirin maşınının  arxasınca da bir 015 gəldi. İçində 3 nəfər vardı. Mən onları tanımadım. Bircə Samiri tanıyırdım. Samir bizə yaxınlaşdı. Dedi ki, oturun maşına, gedirik şöbəyə. Biz etiraz etdik, nə səbəbə aparmaq istədiyini soruşduq. O isə bildirdi ki, səbəbini şöbədə deyəcək. Bundan sonra Bəhruzu və məni  zorla maşınına otuzdurdu, Dilqəmə isə dedi ki, sən get”.
 
Vaqifin dediyinə görə, Polis şöbəsində onu Bəhruzdan ayırıblar:  “Mən onun hara aparıldığını görmədim. Məni kəmərimdən, başıaşağı tutmuşdular, saldılar ayaqyoluna, üstümü yoxladılar. Sonra gətirdilər kabinetə. 20 dəqiqədən sonra səs gəldi ki, bir nəfər  özünü 3-cü mərtəbədən yerə atıb”.
 
Mərhumun əmisi Səməd Hacıyev bildirdi ki, Bəhruzun daimi işi yox idi: “Atası bazarda çalışırdı, Arabir Rusiyaya gedirdi, Bəhruz da ona kömək edirdi”.
 
Səməd kişinin dediyinə görə, morqda qardaşı oğlunun cibindən kağız bükülü çıxdığı iddia olunur: “Prokuror  belə dedi.  Amma onun üst-başını  şöbədə yoxlayıblar.  Üstündə mobil telefon, saat, siqaret, siqaretyandıran, bir də 3-4 manat pul olub. Onlar da polisdə, stolun üstündə idi. Necə olub ki, öləndən sonra morqda tapılan bükülünü polis şöbəsində tapa bilməyiblər?”  
 
Əmisi onu da deyir ki, əvvəllər, 7-8 ay əvvəl Bəhruzu hansısa işlə bağlı polisə çağırmışdılar: “Amma mənim məlumatıma görə, onun polislə heç bir problemi olmayıb. Tay-tuşlarıyla, istər böyük, istər kiçik olsun, hamıyla münasibət saxlayırdı”.
 
Bəhruzun atası Dilsuz Hacıyev isə hadisəni belə xatırlayır: “Bəhruz evimizdən çıxandan 20-25 dəqiqə sonra xəbər tutduq. Təcili yardımda  işləyən qonşularımız xəbər verdilər ki, Bəhruzu morqa apardılar, nəsə olub.Özü də mərkəzi xəstəxanada morq ola-ola, aparıblar şəhərin ucqar yerindəki – DRES-dəki morqa.  17.35-də bunlar polisə daxil olublar, 17.45-də bu hadisə baş verib. Əməliyyatçılar mənim övladımla nə söhbət ediblər? 10 dəqiqə ərzində onu yaxşıca döyüblər, öldürüb,  tullayıblar çölə”.
 
Ata deyir ki, dindirilmə aparılan kabinetdən Bəhruzun özünü tullaması mümkün deyil:  “Qapının ağzında pəncərəyə dirənən qabaq stoludur, 2 dənə də oturacaq stulu. Pəncərəyə getmək üçün stolun üstünə çıxmaq lazımdır. Pəncərə stolun arxasındadır. Əgər Bəhruz ordan tullanıbsa, mən razı. Amma oradan aşağıda, 2-ci mərtəbənin ağzında meydança var. Tullanacağı təqdirdə ora düşərdi. Niyə birbaşa yerə düşüb? Əgər bunun qaçmaq fikri vardısa, 3-dən 2-yə, 2-dən 1-ə tullanardı. Əgər asfalta tullanırsa, bu niyə təpəsi aşağı düşməlidir? Özünü suya atmır ki…”
 
Valideyn dünən götürülən ekspertizanın rəyi ilə razılaşmayacağını da deyir: “Biz müstəqil ekspert tələb edirik. Övladımızı  yenidən morqa aparmaq varsa da, təzədən ekspertiza etdirəcəyik. Dünən gecə camaat polis şöbəsinin qarşısına toplaşanda Daxili İşlər Nazirliyinin generalı bizi şəxsən qəbul etdi, istintaqın obyektiv aparılacağına söz verdi”.  
 
 Bəhruz il yarım Beyləqanda hərbi xidmətdə olub. Orda düşmən gülləsinə rast gəlməyib. Burda isə…  ”Erməni gülləsindən ölsəydi, deyərdik Vətənimizi qoruyarkən şəhid olub. İndi nə deyək?”-atası belə dedi.  
 
Mərhumun evindən ayrılanda qonşusu dedi ki, bu gün Bəhruzun əmisigilin qapısında toy olasıydı… 

B.Hacıyevin meyitinin morqda çəkilmiş şəkilləri

 
 

İnformasiya şöbəsi