Müdafiə Nazirliyi ziddiyyətli açıqlamalar verir
Beyləqandakı “N” saylı hərbi hissənin zabitlərinin ordudakı korrupsiya faktları ilə bağlı Ilham Əliyevə müraciət etməsi gündəmin əsas müzakirə mövzusu olaraq qalır. Xatırladaq ki, zabitlər kapitan Ramin Qasımov, leytenant Əsgər Əsgərov və gizir Şahlar Rzayev Ilham Əliyevə etdikləri videomüraciətdə bildiriblər ki, Beyləqanda qasırğa nəticəsində dağılan hərbi hissənin kazarması təmir edilməyib. Məcburiyyət qarşısında qalan bölük və tağım komandirləri öz əmək haqqı kartlarını girov qoyaraq tikInti materialları alıb kazarmanı təmir etdiriblər. Çətin vəziyyətlə qarşılaşan kapitan Qasımov əmək haqqı kartının hazırda Beyləqandakı inşaat materialları mağazasında girov olduğunu bildirib. O, eyni zamanda tikinti mağazasında digər hərbçilərin də maaş kartlarının saxlandığı haqqında məlumat verib.
Hərbçilər kazarmanın təmirinə qoyduqların xərcin Müdafiə Nazirliyi tərfindən mağazaya ödənilməsini və əmək haqqı kartlarının özlərinə qaytarılmasını tələb ediblər.
Müdafiə Nazirliyində tərbiyə işləri üzrə idarənin rəhbəri Vaqif Məmmədov isə dünən bu məsələ ilə bağlı keçirdiyi mətbuat konfransında deyib ki, Ilham Əliyevə müraciət edən üç zabitdən biri – kapitan Ramin Qasımovun barəsində cinayət işi var. “Heç də vəziyyət müraciətdə iddia edildiyi kimi deyil. Ramin Qasımov gənc zabit olmasına baxmayaraq, bir neçə dəfə əsgərləri incidib və bununla bağlı komandirlərə şikayət gəlib”, – deyə Vaqif Məmmədov bildirib.
Nazirliyin rəsmisi deyib ki, Ramin Qasımovun gənc zabit olduğu nəzərə alınaraq onunla belə hallara bir də yol verməməsi barədə profilaktik söhbət aparılıb.
Lakin ötən ay Ramin Qasımovun 2 əsgərə fiziki işgəncə verməsi ilə bağlı hərbi komandanlığa şikayət daxil olub:
“Bundan sonra tədqiqat işi başlayıb. Artıq kapitana güzəştə gedilməyib, iyulun 4-də Hərbi Prokurorluqda barəsində Cinayət Məcəlləsinin 331.3 maddəsi ilə cinayət işi qaldırılıb”. Vaqif Məmmədovun bildirməsinə görə, hərbi hissədə hərbçilərdən izahat alınarkən məlum olub ki, Ramin Qasımov barəsində açılan cinayət işi bağlanmazsa, qisas alacağını bildirib. Digər 2 zabitə gəldikdə isə, Vaqif Məmmədov iddia edib ki, onlar öz izahatlarında söhbətin nədən getdiyini anlamadıqlarını, sadəcə, bir komandir kimi Qasımova tabe olduqlarını deyiblər.
Müdafiə Nazirliyinin rəsmisi zabitlərin əmək haqqı kartlarının mağazada girov qalmasını şərh etmək istəməyib və araşdırmanın davam etdiyini bildirib.
Ramin Qasımov barədə cinayət işinin başlanması barədə Vaqif Məmmədovun dedikləri bir qədər şübhəli görünür. Əvvəla, ona görə ki, əgər Ramin Qasımov barədə cinayət işi vardısa, nə üçün Müdafiə Nazirliyi bunu videogörüntü yayımlanandan sonra ictimaiyyətə açıqlayıb. Ikincisi, Ramin Qasımova 331.3 maddəsilə ittiham irəli sürülüb. Həmin maddədə 3 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Ekspertlər deyir ki, maddə kifayət qədər ağırdır və əslində Ramin Qasımov barədə həbs-qətimkan tədbiri seçilməli idi. Amma zabit barədə nəinki həbs qərarı verilib, əksinə o, vəzifəsində saxlanılıb. Ən azı Ramin Qasımov istintaq müddətində tutduğu vəzifədən azad edilməli idi.
İnformasiya şöbəsi