Yumurtaları oğurlanan “toyuq toplum”

Əslində, bütün ədalətsizliklər yavaş-yavaş başlanır. Yavaş-yavaş da böyüyür. Əvvəl haqqınızda edilmiş kiçik haqsızlıqlara susursunuz. Bəlkə bir söz, bir davranış, bir hərəkət yol açar buna. Ardınca nisbətən böyükləri gəlir. Sizə toxunan, hüququnuzu pozan, sahib olduğunuz şeyləri əlinizdən alan formada. Yenə susursunuz. Birilərinin işinə yarayır bu susqunluq. Ayaqlarını bir az da yuxarı qoyurlar, bir az da irəli gedirlər, bir az da möhkəm tuturlar kəndirin ucunu. Beləcə, böyüyə-böyüyə gedir bu haqsızlıq çevrəsi. Artıq dözümünüzü yaxşıca sınaqdan keçirmişlər. Necə olsa da, öyrəncəlisiniz. Sanki edəcəyiniz bir şey də yox, əzildikcə dayanmağa, tablanmağa, əzab çəkməyə məhkumsunuz. Elə öyrəncəlisiniz ki, gözünüzlə gördüyünüz çıxış yoluna doğru belə addım atmaq istəmirsiniz. Yanğının ortasında qalıb iki addımlıqdakı xilas çıxışına qaçmağı ağıl kəsməz kimi. Azərbaycan cəmiyyətinin indiki durumu bunu xatırladır. Özünə qapılan, depressiya burulğanında içini yeyən və arabir sönük gözlərini qırparaq nəfəsinin gedib-gəldiyini xatırladan şəkildə…

Beləcə, bütün ədalətsizliklər sizin razılığınızla başlayır və sizin izn verdiyiniz yerə qədər də böyüyə-böyüyə gedir. Bir gün bu iznin necə ağır başa gəldiyinin fərqinə vararsınız, bəlkə, amma onda da çox gec olar. Çünki bütün haqlarınız əlinizdən çıxmış, bütün hüquqlarınız getmişdir. Darvinin belə bir deyimi var: “Toyuq toplum” önünə atılan bir ovuc yemi dimdikləyərkən arxadan yumurtalarının alındığının fərqində olmaz". Bu illərdə nələri əldən verdiyinizin fərqindəmisiniz? Artıq sizi adi bir şikayət qapısında qəbul edib dinləyən belə qalmayıb. Artıq buna ehtiyac duyan da yox. Artıq sizin dərdləriniz, qayğılarınız, problemləriniz, aclığınız, yoxluğunu onların heç vecinə də deyil, biləsiniz. Canınıza gümanınız gələn şəkildə qıymaqda da azadsınız. Bəlkə, azad şəkildə edə biləcəyiniz tək şey də elə budur. Ancaq bir şey də var. Əliniz hər yerdən üzüləndə, dərdinizi küçələrdəki təhlükəsizlik kameralarına danışa bilərsiniz. Necə ki, paytaxtın mərkəzi küçələrinin birində bunu edən şikayətçi qadın dünya tarixində bir ilkə imza atmış oldu. Neçə ki, bütün azadlıqlarınıza yasaq qoyan yuxarılar bu hadisədən sonra həmin kameraları da polis nəzarətinə götürməyib, ürəyinizi onlara boşalda bilərsiniz. Buna hələ cəsarətiniz çatırsa…

Bütün ədalətsizliklər yavaş-yavaş böyüyür. Yəni “toyuq toplum”un  burnunu heç qaldırmadan önünə atılan yemi dimdikləməyə başı qarışarkən. Bu qarışıqlıqda “qızıl yumurtalar”ın bir-biri əldən getməsindən də kimsənin xəbəri olmaz. Necə ki, bizim xəbərimiz yox. Necə ki, bizim burnumuzun ucundan uzağı görməməyimizin ucbatından təhlükə gəlib evimizin qapısına çıxıb. Kiçik haqsızlıqlardan, şəxsi itkilərdən başlanan o güzəştlər artıq bir xalqın, bir ölkənin taleyinə olan təhlükəyə yol açmaqdadır. Illərdir böyük çoxluğun haqqından və hüququndan asanlıqla imtina edərək, onu bir ovuc özbaşınanın əlinə buraxması acınacaqlı sonuclar verməliydi, şübhəsiz. Bu gün sizin qidalandırdığınız həmin o özbaşına rejim sifarişli həbslərdən, insan azadlıqları və demokratik institutların sıradan çıxarılmasından daha irəli getməkdədir. Artıq ölkənin suverenliyini təhdid edən mövzular gündəmə gəlməkdədir. “Rusiya Azərbaycanda hərbi baza tikməyə hazırlaşır!” Bu mesaj milyonlarca seyrçi kütləsi olan bir telekanalın ekranından səslənir. Çox düşünməkdəyəm, bu mesaj heç sizi narahat edirmi? Bəlkə də, etmir heç. Etsəydi, bu qədər əzilmək qarşısında bir yumruq olub meydanlarda haqqınızı tələb etməyi bilərdiniz. Bilin ki, o baza bu ölkəyə gəlsə, bir daha çıxmayacaq. Ağzınızı nə möhürləmisiniz, istədiyiniz budurmu elə?