Yaxud Bəxtiyar Sadıqovun şərdən ilham alan «Azərbaycan»ı
Inanın ki, cəmiyyətin epidemiyaya yoluxmuş sakinlərindən yazmaq həvəsimiz yoxdur. Amma bu yoluxmuşların çaşqınlıq yaratmasına imkan verməmək, onların əsl simasını cəmiyyətə tanıtmaq üçün həqiqətləri təkrar-təkrar yazmağa ehtiyac var.
Ötən yazımızda Rauf Arifoğlunun yeni şər kampaniyası haqqında yazmışdıq. Belə ki, “Yeni Müsavat” qəzeti cəbhəçi Inqilab Kərimovun ironik “facebook” statusuna ciddi reaksiya vermiş və AXCP-ni IŞID-in dəstəkçisi kimi təqdim etmişdi. Təbii ki, Rauf Arifoğlu iyrəncliyin Everst zirvəsinə dırmaşmağı bacarmış adamdı və bu “alpinist”in “uğur”larını danmaq mümkün deyil. Amma bu yazıda başqa bir məqama diqqət çəkmək istəyirik. Biz həmişə yazırdıq ki, “Yeni Müsavat” hökumət mətbuatının “pasötürən”i rolunda çıxış edir. Yəni vicdanlı insanlara qarşı böhtan atmaq, mübarizə insanlarını ləkələmək üçün lazım olan “ssenari”ləri həmişə “Yeni Müsavat” qəzeti təşkil edir. Amma hər dəfə “Yeni Müsavat”çılar buna etiraz edirdi və qəzetin “Səs”ləşmədiyini sübut etməyə çalışırdılar. Arqument kimi də Rauf Arifoğlunun mətbuatdakı rolundan, keçmişdə gördüyü işlərdən yapışırdılar. Biz isə “dünənkinə görə sağ ol, bugünkü işindən danış” mövqeyindən çıxış edirdik. Amma Inqilab Kərimovun “facebook” statusu bir daha təsdiqlədi ki, “Yeni Müsavat” nəinki “pasötürən”, hətta “top daşıyan” funksiyasını da yerinə yetirir. Belə ki, “Yeni Müsavat” bu haqda yazdıqdan sonra “Səs”, “Azərbaycan”, “Yeni Azərbaycan” kimi “hörmətli” qəzetlər, Əhməd Oruc, Elşən Musayev, Tahir Kərimli, Ilqar Altay, Təhmasib Novruzov, Araz Əlizadə kimi ictimaiyyətin yaxşı tanıdığı isimlər dəstəklərini əsirgəməyiblər. Göz dəyməsin, Rauf Arifoğlu yaxşı komanda formalaşdırıb. Bu “qabiliyyət”li komanda ilə futbol oynamaq, konsert vermək, hətta partiya yaratmaq da olar. Rauf Arifoğlu bir az sayıqlıq göstərsə, Etibar Hüseynov, Hafiz Hacıyev, Siyavuş Novruzovu da komandaya cəlb edə bilər. Onsuz da bu adamlarla isti münasibətlər yaranıb.
Beləliklə, medallı redaktor öz “xüsusi təyinatlı”ları ilə iş başındadır. Qəribə taledir. Bir vaxtlar haqqın səngərində ol, indi isə mənəviyyat terrorçuluğu et. Bəli, Rauf Arifoğlu öz təbii halını almaqdadır. Yuxarıda sadaladığımız dostları ilə “paslaşa-paslaşa” ləyaqətli insanların qapısına “qol” vurmaq istəyir. Amma onun “qol”u heç vaxta hesaba alınmayacaq. Çünki, artıq ölkə ictimaiyyəti üçün Rauf Arifoğlu “oyundankənar vəziyyətdə”di.
“Yeni Müsavat”ın AXCP-yə qarşı “facebook” statusu ilə silahlanması Bəxtiyar Sadıqovun “Azərbaycan”ına da böyük stimul verib. “Azərbaycan” palaz boyda məqalə hazırlayıb və “Azadlıq” qəzetini, həbsdə olan hüquq müdafiəçilərini, Milli Şuranı, AXCP-ni “yad” edib.
Təbii ki, bu ölkədə “Azərbaycan” tipli qəzetlər cəmiyyətin yaddaşından çıxıb. Həm də AzTV-lər bu qəzetləri əvəz etdiyi üçün kağız versiyanı almağa ehtiyac yoxdur. Sadəcə olaraq qeyd etmək istəyirik ki, “Azadlıq” qəzetinin qiyməti çoxdan verilib. Bu ölkədə simasını saxlamış, şərin ruporuna çevrilməmiş, ölkədə və dünyada nüfuzu olan bütün ziyalılar “Azadlıq” haqqında fikirlərini bölüşüblər və deməkdə davam edirlər. Ona görə də ziyalı donu geymiş ziyanlıların “Azadlıq”a qarşı kampaniya aparması bizi narahat etmir. Əslində, şərə vəkillik edənlərin “Azadlıq” haqqında xoş söz deməsi bizim üçün çətinlik yaradardı. “Azadlıq”a qiyməti azad ruhlu, qürurlu, cəsarətli insanlar verə bilər.
“Azadlıq”ın materiallarının oxunma sayı, sadə vətəndaşların hər gün köşklərdə “Azadlıq” axtarması ictimaiyyətin qiymətidir.
Bundan sonra da “Yeni Müsavat”la qardaşlaşmış “Azərbaycan” lar, “Səs”lər, “Yeni Azərbaycan”lar “Azadlıq”la rəqabət apara bilməyəcək.
Çünki, “Azadlıq”a ləkə vurmağa çalışanların vitrinini hamı aydın şəkildə görür.
Sonda bir daha Rauf Arifoğluna “sveji” şər xəbərləri arzulayır və komandasına uğurlar diləyirik. Yaxşı paslar ötürə bilsə, daha yaxşı yerlərə “transfer” olunmaq ehtimalı var.
Akif


