Qədim təlim və cərəyanlar
Azərbaycanda fəlsəfi fikir şərq fəlsəfəsi əsasında meydana gəlib inkişaf etmişdir. Bu ölkədə qədim dövrlərdən başlayaraq yüksək sivilizasiyaların bir-birini əvəz etməsi mənəvi mədəniyyətin təməli olan fəlsəfi fikir və dünyagörüşünün təşəkkülü üçün münbit zəmin yaratmışdır. Azərbaycan fəlsəfi fikrinin yaranma tarixi 4 min il öncəyə aid edilir. Azərbaycanda fəlsəfi fikrin inkişafını izləmək üçün keçmişin mühüm yazılı abidələri – Avesta, Pəhləvi mətnləri, qədim yunan filosofları və tarixçilərinin əsərləri, Orta əsr yazılı abidələri, ölkə ərazisindəki arxeoloji qazıntıların materialları, dil və şifahi ədəbiyyat tarixinin tədqiqi və s. araşdırmalar geniş imkanlar yaradır.
Dünya fəlsəfi fikrinin əsas istiqamətlərindən biri olan Şərq fəlsəfəsinin qədim yunan fəlsəfəsiylə eyni tarixi olduğu düşünülür. Bu xətt əsrlər öncə Şərq dünyasında Aristotelçilik ideyalarının təməli qoyulduqdan sonra inkişaf etməyə başlamışdır. “Peripatetizim” adlanan bu xəttin hərfi mənası “gəzişərək öyrənənlər” deməkdir. Aristotelin məktəbinin yerləşdiyi yerdə çox gözəl bağ vardı və o, mühazirələrini bu bağda gəzişərək deyirdi. Elə buradan da Aristotelin ideya davamçıları “gəzişərək öyrənənlər” adlandırılmışdır. Bu fəlsəfi ideyalar Şərq dünyasında Məşşailik adı ilə tanınırdı. Şərq peripatetik filosofları Antik fəlsəfənin təsirilə bu fəlsəfi ideyaları Islam dininin ehkamları ilə uzlaşdırmağa çalışırdılar. Şərq peripatetik irsinin Azərbaycanda da böyük nümayəndələri yetişmişdir. Əbülhəsən Bəhmənyar Mərzuban məşhur filosof Ibn Sinanın sevimli tələbələrindən, həm də onun fəlsəfi irsinin bilavasitə davamçısı olmuşdur. Digər Azərbaycan filosofu Nəsrəddin Tusi də bu fəlsəfi məktəbin məşhur simalarındandır.
Azərbaycanda fəlsəfi düşüncənin formalaşmasında önəmli rol oynayan qədim fəlsəfi-mifoloji təlimlərdən biri zərvanilik idi. Bu təlimin əsas prinsipləri haqqında Avesta, qədim Pəhləvi mətnləri, Quran, Orta əsr Şərq yazılı abidələri və çoxsaylı tədqiqatlar məlumat verir. Həmin təlimə görə, keyfiyyət iki dərəcəlidir: birinci keyfiyyəti təmsil edən işıq ruhu, əzəli və əbədi Hörmüz maddi varlıqları və həyatı yaradır, ikinci keyfiyyəti təmsil edən zülmət ruhu Əhrimən isə hər şeyi ölümə məhkum etdiyindən, əzəli olmadığı kimi, daimi də deyil.
Bu ərazidə ən geniş yayılmış cərəyanlardan biri zərdüştilik idi. Zərdüştiliyin görkəmli abidəsi “Avesta” əsərində dövrün sosial-mədəni, xüsusilə fəlsəfi fikri haqqında ensiklopedik məlumat toplanmışdır. “Avesta”ya görə Ahura Mazda öz nurundan göy cisimlərini, ruhundan isə altı ölməz Xeyir ilahəsini yaradır ki, bunlar Ahura Mazdanın ayrılmaz keyfiyyətlərini təşkil edir. Bu, Yaradılışın birinci dövrü idi. Ikinci dövrdə Ahura Mazda maddi, hisslərlə qavranılan, kamilliyi və Xeyiri təmsil edən mövcudatın əsasını yaradır. Maddi aləm yarandıqdan sonra bura Şər ruhu daxil olur və Şər ilə Xeyir arasında mübarizə başlayır. Bəşəriyyətin vəzifəsi Ahura Mazda və Xeyir ruhları ilə birgə Xeyiri Şərdən ayırıb Şər ruhuna qalib gəlməkdir. Bu qələbə insanların xoşbəxt yaşayacağı üçüncü dövr olacaqdır.
Başqa bir dünyagörüşün, işraqilik fəlsəfi təliminin banisi azərbaycanlı filosof Şihabəddin Sührəvərdi əl-Məqtuldur. Onun “Həyakilu-n Nur”, “Pərtəvnamə”, “Əlvah-i imadiyyə” və “Təlvihat” adlı əsərləri var.
Fəlsəfi düşüncə ilə kamilləşmə yolu
Mahiyyəti etibarı ilə işraqilik məşşailikdən və yeni əflatunçuluqdan qaynaqlanır. Işraqilərə görə, həqiqətin bilgisi mənəvi kamillik, qəlbə gələn işraq yolu ilə əldə edilir. Bütün nurlar Nurlar nuru olan Nur əl-Ənvardan süzülür. Bu nur Tanrının özüdür. Insan nura sahib ola bilirsə, o var olan hər şeyə və hətta əşyalara da hökm edə, onları dəyişdirə bilər. Insan kəşf yolu ilə tədricən zülmətdən nura yüksəlir. Işraqilərə görə, insanın bədəni maddidir və bütün maddi olanlar zülmətdir. Ruh bədəndən fərqli olaraq mücərrəd bir varlıqdır. Sührəvərdiyə görə, ruh nurdur. O, nurani bir cövhərdir və ölümə məhkum deyil. Nurlar nuru olan Nur əl-Ənvar heç nəyə ehtiyacı olmayan ilkin səbəb, bütün nurların özündən ayrıldığı nur, Vacib olan varlıqdır.
Şihabəddin Sührəvərdinin elm aləminə hələlik 52 əsəri məlumdur ki, bunlardan 15-i sufizmə, 13-ü peripatetizmə, 8-i işraqiliyə və digər 16-sı müxtəlif mövzulara həsr olunmuşdur. Filosofun fəlsəfi görüşləri (Işraq fəlsəfəsi) sufizmlə peripatetizm arasında orta mövqedə dayanır. Əslində Işraqilik fəlsəfəsi bu iki təlimin müqayisəli təhlilindən doğan, son nəticə olaraq zühur edən, yalnız Sührəvərdiyə məxsus yeni fəlsəfi sistemdir. Başqa bir fəlsəfi cərəyan, Islamın yayılması ilə xilafət ölkələrində daha çox mistik təlim kimi özünü büruzə verən sufizm bütün inanan möminləri “mənəvi kamillik” yoluna dəvət edirdi. Təsəvvüfün başlanğıcı şəriət, sonu həqiqətdir. Mənəvi kamillik yoluna qədəm qoyaraq təsəvvüfə baş vuran insan bir çox hal və məqamlardan keçməli, Tanrıya qovuşmaq yolunda ruhunu inkişaf etdirməli, maddi olan bədənini tərbiyə etməli, nəfsini və şəhvət hissini boğmalıdır. Ruhi inkişaf mərtəbəsində yüksələn sufi bütün mənfur xislətlərdən xilas olaraq Tanrı dərgahına ucalmaq kimi şərəfli bir məqama çataraq həqiqətin bilgisinə vaqif olur.
Tanınmış sufilərdən Yunus Əmrə, Rəbiə əl-Ədəviyyə, Mövlana Cəlaləddin Rumi, Cüneyd əl-Bağdadi, Bəyazid Bistami, Əbünnəcib Sührəvərdi və başqaları məşhurdur.VII-VIII əsrlərdə ilahiyyat fəlsəfəsi inkişaf etməyə başlayır. Islamın fəlsəfi şərhi ilahiyyatçıların birbaşa vəzifəsinə çevrilir. Buna baxmayaraq, həmin vəzifənin icrası prosesində fikir ayrılıqları da olurdu.
O dövrdə Azərbaycanda ortodoksal fəqihlərdən Əhməd ibn Harun Bərdici, Məkki ibn Əhməd Bərdəi, Musa ibn Imran Səlmasi və başqaları məşhur idilər. Rasionalizmi və azadfikirliliyi ilə səciyyələnən mötəzili cərəyanının Azərbaycanda görkəmli nümayəndələri isə IX əsrdə yaşamış məşhur alim və ilahiyyatçılar Cəfər Həmədani Bağdadi, Əbubəkr Məhəmməd ibn Ömər ibn Abdulla Bərdəi, Əbusəid Əhməd Bərdəi və başqaları idi. Bu dövrdə Islam mədəni bölgəsində Şərq və qədim yunan fəlsəfəsinə, xüsusən neoplatonizmə əsaslanaraq idealizmlə panteizmi özündə birləşdirən özünəməxsus batinilik fəlsəfəsi mövcud idi. Bu fəlsəfi təlimi Azərbaycan filosoflarından batinizmin missionerləri Əbü-l-Qasim Əli ibn Cəfər və başqaları yayırdılar.Fəlsəfi fikrin görkəmli nümayəndələri
XI əsrdə Azərbaycanda fəlsəfənin inkişafı Bəhmənyarın adı ilə bağlıdır. Onun bir sıra qiymətli əsərləri olmuşdur. Bunların içərisində “Təhsil kitabı” mühüm yer tutur. O, varlığı vacib və mümkün olmaqla iki yerə bölünür. O, əqli idrakı şeylərin mahiyyətini aşkara çıxaran ən yüksək idrak növü adlandırılmışdır. O, məntiqi həm elm, həm də idrak sənəti baxımından qiymətləndirmiş və onun vəzifələrinə geniş yer vermişdir. XII əsrdə Azərbaycanda fəlsəfi fikrin nümayəndələrindən biri Nizami Gəncəvi sayılır. O, idealist xarakterli olub, varlığın 4 ünsürdən ibarət olduğunu göstərmişdir (torpaq, su, hava, atəş). Onun fikrincə, Allah dünyanı ilahi hökm ilə yaratmışdır. Kainat həm yuxarıdan aşağıya, həm də aşağıdan yuxarıya doğru qurulmuşdur. Birinci hal Allahın yaradıcılıq işi ilə, ikinci hal isə peyğəmbərin meracı ilə əlaqədardır.
XI-XII əsrlərdə Azərbaycanda fəlsəfəni elmi nailiyyətlərlə birləşdirərək fəlsəfi mövzuları (dialektikanı, kateqoriyaları, qnoseoloji problemləri və s.) tədqiq edən Şihabəddin Marağayi, Əbu Səid Urməvi, Əbusəd Təbrizi, Abdulla Urməvi və başqa filosoflar da məlumdur.
XIII əsrdə yaşamış Azərbaycanın ən görkəmli ensiklopedik zəkalı alimi, filosofu Nəsrəddin Tusinin fəlsəfi görüşləri fikir tarixində mühüm yer tutur. Onun 30-dan çox əsəri olmuşdur ki, onların arasında “Əxlaqi Nasiri” əsəri xüsusilə mühüm yer tutur. Nəsrəddin Tusi varlığa yüksək qiymət verərək onu zəruri və mümkün varlıq olmaqla iki yerə bölmüşdür. Onun fikrincə, zəruri varlıq Allah, mümkün varlıq isə gerçək aləmdir. O, “Əxlaqi Nasiri” əsərini əxlaqın saflaşdırılmasına həsr etmişdir. O, cəmiyyətlə insan və insanla cəmiyyət arasındakı münasibətləri də qeyd etmişdir.
XIV əsrdə Azərbaycanda və Islam Şərqində hürufilik fəlsəfəsinin banisi Fəzlullah Nəimi Təbrizi Astrabadi əl-Hürufi (1339/40?1393/94) olmuşdur. O, “Cavidani-Kəbir”, “Məhəbbətnamə”, “Ərşnamə” və s. əsərlərində hürufilik fəlsəfəsini şərh etmişdir. Bu təlim ərəb əlifbası hərflərini və bu hərflərin saylarını (28) ilahiləşdirir, onları hər şeyin əsasını təşkil edən dörd maddi ünsür, insan və Allahla tam eyniləşdirirdi. Hürufilər hər cür zülmə, o cümlədən Teymurilər zülmünə qarşı çıxaraq üsyanlar yolu ilə mübarizə edirdilər. Bu əqidəyə görə, Nəimi Əmir Teymurun oğlu Miranşahın əmri ilə qətlə yetirilmişdi. Lakin hərəkat davam edir və onun fəlsəfi təlimi Orta və Yaxın Şərq ölkələrində və hürufiliyin vətəni Azərbaycanda (hürufi cəmiyyəti məxfi təşkilat kimi Bakıda yaranır və Azərbaycan hürufi mənbələrində “oyanışın vətəni” adlanır) geniş yayılırdı. Şair və mütəfəkkir Imadəddin Nəsimi (1369/1370-1417) hürufilik fəlsəfəsinin təbliğatçısı olmuşdur. Şairin Azərbaycan, ərəb və farsdilli divanları Şərq aləminə yayılaraq sufi və hürufi fəlsəfəsini poeziya dili ilə geniş təbliğ edirdi.
Hürufiliyin görkəmli nümayəndələrindən biri Azərbaycan filosofu Əli-ül-Əla idi. O, Nəiminin qətlindən sonra hürufiliyi Türkiyədə təbliğ etmişdir. Hər iki mütəfəkkir hürufiliyin panteist ideyalarının təbliğinə görə edam olunmuşlar.
XVI əsrdə Azərbaycan fəlsəfi fikrində mühüm yer tutan görkəmli şəxsiyyətlər sufi-qızılbaş cərəyanının ideoloqu, poeziyada sufiliyin əsas müddəalarını ortodoksal Islam fəlsəfəsi ilə uzlaşdıran Şah Ismayıl Xətai və filosof-şair Məhəmməd Füzuli idi.
Azərbaycanın qədim fəlsəfi fikir tarixində mövcud olan cərəyan və istiqamətlər, həmçinin onun nümayəndələrinin hər biri haqqında ayrıca mövzuda söhbət açmağa dəyər. Bir həqiqətdir ki, bu fəlsəfi təlimlər və düşüncə adamları Azərbaycan fəlsəfəsinin inkişafına misilsiz töhfələr vermiş və onun formalaşmasında misilsiz rol oynamışlar.
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu
KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir