
Abdulla Abdullayev: «Buna «ittiham» yox, «repressiya» deyirlər»
Ötən ilin aprelindən həbsdə olan “AMAY” Ticarət Mərkəzinin sahibi Abdulla Abdullayevin işi üzrə məhkəmə prosesi yekunlaşmaq üzrədir. Bakı Ağır Cinayətlər Məhkəməsində bu iş üzrə keçirilən prosesdə artıq məhkəmə istintaqı başa çatıb. Dövlət ittihamını müdafiə edən prokuror dünən çıxış edərək, Abdulla Abdullayevə, eləcə də onunla birlikdə mühakimə olunan digər beş nəfərə kifayət qədər ağır cəza istəyib.
Vəkillərdən ikisi məhkəməyə gecikdiyi üçün proses təyin olunduğu vaxtdan təxminən saat yarım gec başlayıb. Bu da Abdulla Abdullayevin sərt reaksiyasına səbəb olub.
“Bunlardan (məhkəməni nəzərdə tutur-red.) ədalət gözləməyin. Heç olmasa, siz ədalətli olun, məhkəməyə vaxtında gəlin”, – deyə Abdulla Abdullayev vəkillərə müraciət edib.
Məhkəmə iclasında Abdulla Abdullayev vəsatət qaldıraraq, leqallaşma ilə bağlı ona verilmiş ittiham üzrə sübutların təqdim olunmasını istəyib: “Hazırlıq iclasında və sonrakı mərhələlərdə dəfələrlə sübutlar siyahısının təqdim olunmasını istəmişik. Amma heç vaxt bu barədə vəsatətimiz təmin edilməyib. Prokuror hər zaman deyirdi ki, sübutlar sonda təqdim ediləcək. Bizə xüsusilə leqallaşdırma ittihamı üzrə sübut təqdim etsinlər, görək ki, nəyə əsasən bu ittiham verilib. Biz də o sübutlara əsasən müdafiəmizi qura bilək”.
Məhkəmə prosesinə sədrlik edən hakim Əfqan Hacıyev deyib ki, ittiham tərəfinin bütün sübutları iş materiallarındadır: “Cinayət işinin materiallarında nə varsa, odur. Başqa heç nə yoxdur”.
“O zaman bu, ittiham deyil, ”fuflodur". Buna “ittiham” yox, “repressiya” deyirlər. Elə bu gün mənim hökmümü çıxarın, nədirsə, oxuyun çıxım gedim", – deyə Abdulla Abdullayev cavabında bildirib.
Daha sonra prokuror çıxış edərək, Abdulla Abdullayev və digər təqsirləndirilənlərə qarşı ittihamların məhkəmə araşdırması zamanı sübuta yetirildiyini bildirib.
Ittihama görə, 2006-2008-ci illərdə “Birlikbank”ın Müşahidə Şurasının sədri işləmiş Abdulla Abdullayev vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə kənd təsərrüfatı, eləcə də digər sahələrin inkişafına yönəldilməsi nəzərdə tutulan ümumilikdə 3 milyon 397 min manatı ayrı-ayrı hüquqi şəxslərin “Birlikbank”da açdırdığı hesablarına köçürülməsinə nail olaraq, həmin vəsaiti “AMAY”ın binasının təmir-tikinti işlərinə sərf edib.
Abdulla Abdullayev həmçinin “Texnikabank” tərəfindən ayrı-ayrı müəssisələrə kredit vəsaitlərinin ayrılmasının rəsmləşdirilməsinə nail olaraq, ümumilikdə 40 milyon 150 min manatı ələ keçirməkdə ittiham olunur. Bundan başqa, o, 2003-2012-ci illərdə “Xudafərin” MMC-nin Bakı şəhəri, Atatürk prospekti 3078 a ünvanında inşa etdirdiyi binadan ümumilikdə 262 mənzil və 3146 kv metr qeyri-yaşayış sahəsinin satışından 11 milyon 218 min 675 manat vəsait alsa da, bu günə qədər binanın təhvil verməməkdə günahlandırılır. Daha doğrusu, iş materiallarından məlum olur ki, həmin vəsaitin 7 milyon 712 min 913 manatı tikinti-quraşdırma işlərinə sərf olunub. Bu epizod üzrə Abdulla Abdullayev və digərləri 3 milyon 505 min 762 manatı mənimsəməkdə təqsirləndirilir.
Prokuror həmçinin qeyd edib ki, ümumilikdə 144 milyon vəsait “AMAY” Ticarət Mərkəzinin təmir-tikintisinə və Iranda istintaqa məlum olmayan biznes fəaliyyətinə sərf olunaraq leqallaşdırılıb: “Müdafiə tərəfi dəfələrlə leqallaşdırma ittihamı üzrə sübut istəyir və bu ittihamın hansı əsasla verildiyini soruşur. Qeyd edim ki, istintaq digər təqsirləndirilən Heydər Rzayevin ifadəsinə əsasən o qənaətə gəlib ki, Iranda istintaqa məlum olmayan biznes fəaliyyətinə sərf olunaraq leqallaşdırılıb. Məbləğə gəlincə, Abdulla Abdullayevin götürdüyü kreditlərə əsasən həmin məbləği hesablayıb”.
Prokuror əlavə edib ki, cinayət işində sözügedən 48 milyon manatın təxminən 43 milyon manatının ödənilməsi hökm çıxarılarkən nəzərə alına bilər.
Dövlət ittihamçısı çıxışının sonunda Abdulla Abdullayevin 14 il, Elşən Novruzov, Heydər Rzayev, Mehman Məmmədxanlı və Vidadi Qurbanovun 10 il, Nadejda Ilyasovanın isə 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Qeyd edək ki, adları çəkilən şəxslər Abdulla Abdullayevin işçiləri olub. Onların barəsində hökm çıxarılana qədər həbs-lə bağlı olmayan qətimkan tədbiri seçilib.
Məhkəmə prosesi avqustun 25-də vəkillərin müdafiə çıxışı ilə davam edəcək.
Aytən