Avropadan hakimiyyətə açıq mesaj

Zaman həqiqətən də bütün qaranlıqları aydınlatmağa qadirdi. Hakimiyyət uzun illər xarici siyasətin uğurundan, nəhəng ölkələrlə isti münasibətlərdən dəm vursa da, zaman göstərdi ki, bu münasibətlər möhkəm dayaqlara söykənməyib. Əksinə,  hakimiyyətin xarici lobbilərə xərclədiyi milyonlar, kürü diplomatiyası köməyə gəlmədi, enerji şantajı aradan qalxdı, Əfqanıstan “səyahəti” öz önəmini itirdi, Iranla Qərb arasında razılıq əldə olundu və.s

Yəni, hakimiyyətin uzun illər təzyiq rıçaqı kimi istifadə etdiyi “silah”lar əldən  çıxdı. Artıq elə bir mərhələ yarandı ki, hakimiyyət beynəlxalq aləmin qarşısına maskasız çıxdı və bütün çirkinliklər aşkar göründü. Daha bu “çirkin sima”nı kosmetika ilə dəyişmək də mümkün deyil.  Xüsusən də biabırçı məhkəmə prosesləri, siyasi məhbusların sayının artması,  hakimiyyətin avtoritar liderlərlə dostlaşması, əsl mahiyyəti ortaya qoydu. 

Indi Azərbaycan hakimiyyətinə qarşı bəyanatlar hansısa hüquq müdafiə təşkilatı, hansısa senator səviyyəsində məhdudlaşmır. Indi Avropa Ittifaqı, ABŞ Departamenti, AŞPA səviyyəsində Azərbaycan hakimiyyətinə xəbərdarlıqlar edilir, ölkədəki avtoritar idaretmə pislənilir və hakimiyyətdən real islahatlar tələb olunur. Eyni zamanda bu təşkilatlar Azrbaycanın ərazi bütövlüyünü tanımaqla hakimiyyətin “ermənipərəst”, ”ikili standartlar" kimi sevimli arqumentlərini də zərərsizləşdiriblər.

Qərbdən gələn son bəyanatlar isə daha çox xəbərdarlıq  tonundadır və hakimiyyətin uçuruma getdiyi bildirilir.  Beynəlxalq ictimaiyyət də gözəl bilir ki, hakimiyyətin xaricdə olduğu kimi daxildə də limiti tükənib. Ölkədə sosial-iqtisadi fəlakət start götürüb. Üstəlik o da məlumdur ki, bu fəlakətdən Azərbaycanı Rusiya qurtara bilməz. Çünki, Rusiyanın özünün ciddi problemləri var və ölkənin rezervləri sürətlə tükənir.

Bugünlərdə Avropa Parlamentinin prezidenti Martin Şults da Azərbaycan hakimiyyətinə səslənərək öhdəliklərə əməl etməyə çağırıb: “Azərbaycan Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində Avropa Ittifaqının mühüm tərəfdaşı olduğundan bu ölkənin hakimiyyəti insan hüquqları və demokratiya ilə bağlı tərəfdaşlıq öhdəliklərinə uyğun davranmalıdır. Azərbaycan hakimiyyəti öz yaxşılığı üçün vəziyyəti dərhal dəyişməyə başlamalıdır”- deyə Şults bildirib.

Göründüyü kimi bu çağırışda hədə yox, xəbərdarlıq var. Açıq şəkildə bildirilir ki, hakimiyyət öz mənafeyi naminə vəziyyəti dəyişməlidir. Çünki, hakimiyyət özü də relsdən çıxan qatarda yer alır və bu qəzadan salamat qurtarmaq mümkünsüz olacaq. Deməli, dərhal sükanı döndərmək və “sürət”i azaltmaq lazımdı.

Akif