Şamonun Arifliyi

Süleyman Rəhimovun Şamo adlı övladının olduğunu çoxdan eşitmişdim; məşhur romanla bağlı – vəssalam!

Şamo müəllimin ədəbiyyata aidiyyəti yalnız və yalnız bununla da məhdudlaşır. Onun “Şamo Arif” olduğunu uzun müddət bilməmişəm – zatən, məni pis oxucu olmaqda suçlamağa tələsməyin. Indi geniş mütaliə ilə öyünüləsi zaman olmasa da, bədbəxtçilikdən, mütaliəyə çox meylliyəm. Üstəlik, gündəlik dövri mətbuatı da ciddi izləyirəm – Şamo Arifin ədəbiyyat adamı olduğundan bilirsinizmi nə vaxt xəbər tutdum?

1999-cu ildə. O zaman ki, “yazıçı Şamo Arif” adlı şəxsin gözəl insan və gözəl şair Akif Səmədə qarşı mətbuatda hücuma keçdiyini oxudum. Həm də Şamo müəllim tək deyildi – böyür-başında bir dəstə özükimilər də vardı. Nə olmuşdu, nə baş vermişdi? Akif Səmədin əlinə bir-iki fakt keçmişdi və qəhrəman arvadı Həcəri Qaçaq Nəbiyə sədaqətli olmamaqda suçlamışdı. Pah! Qan düşmədimi? Səbəbini izah etmədən, mənbə göstərmədən, ilahi vəhylə Həcəri Qaçaq Nəbiylə birlikdə etnik olaraq özəlləşdirən Şamo Arif Akif Səmədi təkcə “kürd xalqını” aşağılamaqda suçlamadı, həm də hazırda haqq dünyasında olan şairə görünməmiş hərzə-hədyanlar yağdırmağa başladı.

Aradım – axı, “yazıçı” olaraq ortaya atılan Şamo Arif kimdir? Əlbəttə, “xalq yazıçısı” adı şahənşahın fərmayişi ilə bir nəslə verilən status deyil ki, onun oğlu, oğlunun oğlu və oğlunun oğlunun oğlu bu adı əbədiyyən daşısın. Yazıçı olmaq üçün “xalq yazıçısı”nın oğlu olmaq yox, həm də nəsə yazmaq lazımdır.Demə Şamo Arif nəinki yazırmış, hətta kitabı da çap olunubmuş. Internetdə bir axtarış verin, hansı ensiklopedik məlumat çıxacaq, bilirsinizmi? Bir dənə “Qoşa çinar” hekayəsi, bir dənə “Göz dağı” povesti, 2 dənə də – “Anamın yuxusuna girməsin” və “Qınamayın məni” romanları – əsərlərin özü yox ha, adları. Hə, bir ədəd də elmi əsəri – 1961-ci ildə R.Rəhimovla birgə yazdığı və “bu gün də aktuallığını saxlayan” “Xəzər və neft” kitabı; axı, adam həm də “geologiya və minerologiya üzrə” alimdir!

Nə başınızı ağrıdım, 1936-cı il təvəllüdlü, yəni Anardan 2 yaş böyük olan ağsaqqal yazıçımız Şamo Arifin ədəbiyyatda fəaliyyətilə elmi işləri arasında qəti fərq yoxdur – hər iki sahəni yarıda-yarıda gedir.

Bax, belə bir adamı mən niyə və nə deyib tanımalıydım? Ədəbiyyatımızın “Göz dağı” olduğunamı görə? 

Nəsə – 1999-cu ildə bir aylıq davam edən “Həcər” qovğası ilə bərabər Şamo Ariflə də üzülüşdük – adam getdi alimliyinə.

Ancaq görünür, hər 12 ildən bir – dövşan illərində – yazıçı-alim Şamo müəllim özünü elmi-ədəbi ictimaiyyətə xatırlatmaq zərurəti görür. Zatən bu da özünütəsdiqin bir yoludur – axı, o, var, mövcuddur, yaşayır! Niyə onun adı gündəmdə olmamalıdır?

1999-cu ildə Qaçaq Nəbini bəhanə edib Akif Səmədlə adını hallandıran Şamo Arif indi də Süleyman Rəhimovdan yararlanıb Anarla qoşalaşır. Yazdığı üçün özünə lənət oxuduğu, amma lənət oxuya-oxuya da yazdığı “Azadlıq”dakı məqaləsində Şamo müəllimin nə istədiyi məlum deyil: fakt demək əvəzinə özünü lənətləməkçün yazır sanki. Adam, yazırsan yaz, yazmırsan yazma; daha nə əl qatmısan özünə? Axı, nə istəyirsən?Vallah, billah, əttövbə, “Şamo Arif-Anar qarşıdurması” sərlövhəsi adamda “Qan Turalı-Orxan Pamuk davası” assosiasiyası yaradır (Tural, özümü Markeslə qoşalaşdırmaq istədim, əlim gəlmədi; yadıma düşmüşkən, ad günün də mübarək!). Anarla “qarşıdurmada” olar Əkrəm Əylisli, Isa Hüseynov, ən pis halda, bəd ayaqda, ictimai çəkisinə görə Elçin Əfəndiyev. Yoxsa Şamo Arif? Anar nəinki Azərbaycanda, dünyanın bir çox ölkəsində adının qabağında “yazıçı” təqdimatının yazılmasına ehtiyac olmayan adamdır. Şamo Arifə isə nəinki “yazıçı”, həm də bundan sonra mütləq bir vergül qoyub, “Süleyman Rəhimovun oğlu” yazılmalıdır ki, ölkə daxilindəki ədəbi cameədə olan kimsə onu tanıyıb, “həəəə, bildim” desin!

Bir yana baxanda pis siyasət deyil – istedadı və qələmi ilə bacarmadı, belə-belə qovğalarla özünü tanıdır ki! Bu özü də bir qabiliyyət, Ariflik tələb edir. Sadəcə, heyf ki, yaş keçib.

Gənc olsaydı, perspektivini və potensialını nəzərə alıb, bu özünütanıtmalara haqq qazandırmaq olardı. Amma təəssüf ki, 75 yaşlı kişinin ədəbi potensialından və perspektivindən danışmaq Ilham Əliyevin “perspektivli siyasətçi” olmasını hallandırmaq kimi bir şeydir.Öz aramızdır, Şamo Arifin ədəbi istedadı ilə Ilham Əliyevin syasi uzaqgörənliyini bal kimi müqayisə etmək olar.