Nobel ödülü laureatı Markesin dünyalarca ünlü əsəri – “Polkovnikə məktub yoxdur” – oxucularımıza tanışdır. Polkovnik illərlə bir məktubu gözləyir. Gözləyir, gözləyir, gözləyir…
Indi bu iş mənim başıma gəlib. Demək olar, üç aydı bir məktub gözləyirəm – Yasamaldan Yasamala çatacaq məktub. Məktub gəlmir, gəlib çıxmır.
Jurnalistlər arasında mənə General (Jurnalistika Generalı) deyənlər var. Istəsəm, bu adla öyünə bilərəm – ortadakı legitimliyə görə. Legitimlik nədədi? Bu adın əliyevçi antixalq rejimində olduğu sayaq, rüşvət-korrupsiya yolu ilə deyil, xalqa çoxillik, umacaqsız qulluq, antixalq rejimi ilə çoxillik, kompromissiz çarpışma yoluyla qazanılmağında!
2003-cü ilin prezident seçkisi qabağı idi. Mitinqləri amansızcasına dağıtmaq professionallığı göstərməklə diktatura generalına çevrilmiş Yaşar Əliyevlə aramızda sərt toqquşma olmuşdu. Y.Əliyevin əliyevçi diktatura rejiminə çox yaraşan kobud davranışları ilə bağlı cinayət işi açılmasına çalışırdım. Sözsüz, bir vəkilin yardımıyla. Aradan aylar keçdi, sonra, görünür, diktatura generalı ilə korrupsioner vəkil arasındakı anlaşma sonucu olaraq cinayət işi ilə bağlı toplanmış materiallar toplu olaraq “itdi”. Bu sorağı mənə Mətbuat Şurasının başçısı Amaşov çatdırdı; vəkil Amaşovla birgə “işləyirdi”…
Gəlib çıxdıq müxalifətin 2 aprel aksiyasına, daha doğrusu, aksiya sonrası polis idarələrində, konkret desək, Yasamal Polis Idarəsində polislərin tutulmuş aksiyaçılarla vəhşi davranışlarına. Yasamal Polis Idarəsində aksiyaçılarla vəhşicəsinə davranışların başında, dönə-dönə yazdığımız kimi, idarə rəisinin əməliyyat işləri üzrə yardımçısı, gənc heydərizm yolçusu Cavid Muradov dururdu. Bu gənc heydərçi yazılarımla bağlı onda mənə belə demişdi: “Sən dövlətçiliyin düşmənisən, sənə 20 il iş verdirəcəm”. Bircə frazadan fraza yiyəsinin kimliyi, nəçiliyi, hansı səviyyənin yiyəsi olduğu açıq görünür. Cavid Muradov da, ona oxşar düşüncə yiyələri də stalinçi “37″-lərin hazır kadrlarıdır. Bax, bu sayaq kadrların Əliyevlər rejimi üçün dəyəri bundadır!
Bu ölkənin indiki müxalifəti oldu-olmadı mən demokratik düşüncəli bir yazaram. Bilənlər bilir: ölkəmdə Özgürlük idealının, Demokratiya prinsiplərinin gerçəkləşməsi, qorunması yolunda mən hakimiyyətə müxalifətdə olduğum kimi müxalifətə də müxalifətdəyəm. Əliyevlər hakimiyyəti bütünlüklə xalqa qarşı olduğuna, faktiki olaraq xalqı əzmək yoluyla dövləti, dövlətçiliyi bir ailənin korrupsiya-kommersiya obyektinə çevirdiyinə görə mən bu hakimiyyətlə barışmaz çarpışma yolunu seçmişəm. Gənc heydərizm qulluqçusu buna görə mənə 20 il iş düşdüyünü düşünür. Çox gözəl. Görəsən, onun düşüncəsiylə, müxalifətlə bağlı müxalifətçi çıxışlarıma görə mənə neçə il iş düşür? Bu adam da, bu sayaq heydərizm qulluqçuları da anlamırlar: bütün seçkiləri saxtalaşdıran, rüşvəti, korrupsiyanı DÖVLƏT SIYASƏTINƏ çevirən bir rejimə qulluq eləmək ən böyük cinayətdir!
Demokratik jurnalistikamızın son yetənəklərindən biri: “Silk Way” aviasiya kompaniyası kimi, “ATAHoldinq” kompaniyalar-konsernlər qrupu kimi, Dubaydakı 75 milyonluq mülklər kimi, ölkənin bank-kredit sistemi kimi, aqrolizinq sistemi kimi, gömrük, vergi, sağlamlıq-aptek sistemləri kimi… avtovağzal da bir ailənin – Əliyevlər ailəsinin imiş! Bu danılmaz faktlardan çıxış edərək inamla demək olar: ölkənin məhkəmə-hüquq sistemi də bütünlüklə monopolist bir ailənin – Əliyevlər ailəsinin əlindədir. Buna görə də Yasamal prokurorluğunun “göndərdiyi” məktub Yasamalın o üzündən bu üzünə – bizim evə – üç aydır gəlib çıxmır. Mənim zənglərimə cavab olaraq prokurorluqdan bildirilir: “Bizdə poçtun necə pis işlədiyini bilmirsiz?”. Görünür, mən Rabitə Nazirliyini məhkəməyə çəkməliyəm. Çəkərdim: prokurorluğun yalan danışdığını bilməsəydim. Yuxarıda deyildiyi kimi, prokurorluq da Ailənindir!