Medallı redaktor ironik statuslara ciddi şərh vermək məcburiyyətində qalıb Allah heç kimi gözükölgəli etməsin. Bir dəfə verilmiş ömür payını “iyrənc rəqslər” edərək yaşamaq ağır dərddir. Görünür, prezidentin gözündən düşmək istəməməyin bədəli, çirkabın zirvəsinə qalxmaqla ödənilir. Bəzən yaxaya taxılan medal, alına vurulan silinməz ləkə olur. Rauf Arifoğlu ağır faizlər ödəyir. Bəli, dönüklüyün əməkdarlıq zirvəsini fəth etmiş adam “böhtan krediti” ödəyir. Kimisi kreditə telefon, avtomobil, mənzil alır, kimisi də kreditə “şər missiyası” götürür. Amma kreditə telefon götürəndən fərqli olaraq, Rauf Arifoğlunun ödənişi aylıq deyil. Hər dəfə aparatdan sifariş gələndə “əməkdar jurnalist” borcu qaytarmalıdır. Bəli, Rauf hökumətdən aldığı “məhsul” un pulunu AXCP-yə şər atmaqla ödəyir.
Artıq “Qafqazın ən böyük qəzeti” dünyanın ən cılız qaralama kağızına dönüb. Vəziyyət o həddə çatıb ki, ironik statuslara ciddi şərh yazmaq məcburiyyətindədirlər.
Belə ki, AXCP sədrinin əmisioğlu İnqilab Kərimov “facebook” səhifəsində ironik status yazıb və İŞİD-in adını qeyd edib. Bunu görən medallı redaktor fürsəti əldən buraxmayıb və “Əli Kərimlinin əmisioğlundan İŞİD-ə dəstək” başlıqlı məqalə hazırlatdırıb. Həm də bu məqaləni saytının bir neçə guşəsində yerləşdirib. Görünür, Qaraca Çoban 3 tonqal yandırıb xəbərdarlıq etdiyi kimi, medallı redaktor da Aparata işarə verir. Yəqin bu gün Rauf Arifoğlunun üzündə təbəssüm var. Çünki, növbəti “ödənişi” də edib. İnsan öz statusunu Marian çökəkliyinə salanda hansısa “facebook” statusunu göylərə qaldırmaq zərurəti hiss edir.
Etiraf edək ki, Rauf Arifoğlu istedadlı tələbədi. Məsələn, bir vaxtlar hökumət belə bir şaiyə yaymışdı ki, Əli Kərimli Əl-Qaidə və Hizbullah liderləri ilə görüşəcək. Rauf Arifoğlu isə bu materialın üzərində işləyib, yeniliklər əlavə edib və ortaya yeni “məhsul” qoyub. Onu da qeyd edək ki, Milli Şuranın mitinqlərinin birində hökumətin təxribatçıları meydana daxil olaraq “İŞİD”in bayrağını qaldırmışdılar. O zaman bu təxribat ifşa olunmuş və hakimiyyətə qarşı yönəlmişdi. İndi Rauf Arifoğlu hökumətin yarımçıq qalan iyrəncliklərini bəzəyərək tamamlamaq istəyir.
Amma həmişəki kimi bu ssenari də “bumeranq” efekti verəcək. Əminəm ki, indi Əli Kərimlinin də əhvalı yaxşıdır. Çünki, qarşı tərəfin hücum üçün heç bir silahı qalmayıb və boş tüfənglə panika yaratmaq istəyir. Gah dedilər ki, Əli Kərimlinin xarici banklarda pulu var, gah terror təşkilatlarının liderləri ilə əməkdaşlıqda suçladılar, gah xaricdən maliyyələşməkdə ittiham etdilər, gah da hansısa biznesindən söhbət açdılar. Amma bütün bu ittihamlar yanıb kül oldu. İndi Əli Kərimliyə İnqilab Kərimovun statusu ilə “güllə” atmaq istəyirlər.
Rauf Arifoğlu özünəqədərki satılmışları da təəccübləndirməkdədi. Çünki medallı redaktor əyilməklə kifayətlənməyib, bükülmək qərarı verib. İŞİD günahsız insanların başını kəsir, Rauf Arifoğlu da bütün insani dəyərləri bıçaqlamaqla məşğuldu. İndiki halda Rauf Arifoğlu “dönüklüyün İŞİD”-i rolunda çıxış edir.
Sabah “Yeni Müsavat”da “Əli Kərimlinin Bin Ladenlə məxfi görüşü” başlıqlı məqalə görsəniz qətiyyən təəccüblənməyin. Mənəvi dəyərlərə qarşı terror aktı törədən adamdan hər şey gözləmək olar. O, şərin fitvası ilə özünü partladan “kamukadze”di.
P.S. Görünür, ölkədə sosial-iqtisadi vəziyyətin pisləşdiyini Rauf Arifoğlu da başa düşür və növbəti mərhələnin daha ağır olacağını da dərk edir. Belə bir vəziyyətdə hökumətin diqqətində qalmaq üçün Əli Kərimlinin ətəyindən möhkəm yapışmaq lazımdı. Əli Kərimliyə şər atanların həmişə hökumətdən ənamı olub.
Akif


