Ənnağı Hacıbəyli
Leyla və Arif Yunuslara hökm oxundu. Bundan qabaq isə Tofiq Yaqubluya, Ilqar Məmmədova, Intiqam Əliyevə, Rəsul Cəfərova və başqa onlarla siyasi dustağa eyni qaydada hökm çıxarılıb.
Azərbaycanda məhkəmə sisteminin müstəqil olmaması hamıya bəllidi. Onlarla beynəlxalq sənədlərdə bu fakt dəfələrlə rəsmi təsdiqini tapıb. Ölkə əhalisi işini ədalətli araşdırmalı olan məhkəmə sistemindən məhrum olunub – istər mülki, istərsə də cinayət işlərində. Bu, Konstitusiya və ölkənin qoşulduğu beynəlxalq aktlarla təminat verilən ədalətli məhkəmə araşdırması hüququnun olmaması deməkdir.ÿ
Heç bir mənası olmasa da, Cinayət Prosessual Məcəllənin (CPM) 25-ci maddəsinə baxıram: hakimlər müstəqildirlər, yalnız qanuna tabedirlər, cinayət təqibi ilə bağlı materialları sübutların tədqiqinə əsaslanan daxili inam və hüquq düşüncəsi ilə həll edirlər, məhkəmələr ədalət mühakiməsini hakimlərin müstəqilliyinə və iradəsinə qanunsuz təsiri istisna edən şəraitdə həyata keçirirlər və s.
CPM-in 145.2-ci maddəsi: “Təhqiqatçı, müstəntiq, prokuror, hakim və ya andlı iclasçılar qanunu və vicdanını rəhbər tutaraq təqdim edilmiş sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər”.
Vicdanını rəhbər tutaraq öz daxili inamına görə…
Bu anlayışların yozumuna baxıram: “Öz vicdanını rəhbər tutmaqla sübutların qiymətləndirilməsi dedikdə, ümumbəşəri dəyərlərə və həqiqətə, ədalətə, mənəviyyata, xeyir və şər haqqında təsəvvürlərə və s. əsaslanmaqla iş üzrə toplanmış sübutlara qiymət vermə başa düşülməlidir”. Daxili inam isə o deməkdir ki, hakim hər hansı kənar şəxsin verdiyi qiyməti deyil, özünün müstəqil fikrini əsas tutur və s.
Hakim öz vicdanını rəhbər tutmaq imkanından məhrum edilibsə, yaxud bu vicdan vəzifə, şan-şöhrət, var-dövlət hərisliyinə qurban verilibsə, onda necə? Hakim nəyi rəhbər tutmalıdı? “Müqəddəs yer boş qalmır”. Belədə vicdanın yerini siyasi sifarişlər, telefon tapşırıqları, məruzə göstərişləri tutur.
“Hakimiyyətin ayaqları altında hər cür yurisdiksiya sona çatır”.
Qərar vermək asanlaşır. Sən artıq vicdan deyilən mənasız, karyera yüksəlişinə əngəl olan bir nəsnəyə bağlı deyilsən. Bu səni çox yükdən azad edir – ümumbəşəri dəyərlər, həqiqət, haqq-ədalət, mənəviyyat, xeyir və şər haqqında təsəvvürlərlə beynini yükləməyə də ehtiyac qalmır.
Xeyir və şər. Xeyir utilitar xeyirə, ədalətli və qanuni qərar çıxarmaq istəyi üçün “xeyr”ə çevriləndə xeyir qarşısında məsuliyyət hissi kütləşir, şər adiləşir, xeyirlə şərin fərqi silinir. Belədə hətta allahsız qərar çıxarmaq da ciddi çətinlik və narahatlıq doğurmur. Vicdan problemi də həll edilib – rəhbər vicdanı susdurub və hakim üçün bütün yolları açıb.
“Məhkəmələr ədalət mühakiməsini hakimlərin müstəqilliyinə və iradəsinə qanunsuz təsiri istisna edən şəraitdə həyata keçirirlər”. Görünür, hakimlərin iradəsinə qanuni təsir ədalət mühakiməsinin həyata keçirilməsi zamanı normal hal sayılır. Bu necə ola bilər? Filankəsi tut, filankəsi burax, filankəsə 5 il, filankəsə 10 il ver və s. Müstəqil hakim isə bu rəqəmlər ətrafında müstəqillik nümayiş etdirərək 5-6 ay fərqli cəza verir. Təsir qanunsuz deyil. Üstəlik, indiyədək bir nəfər hakim də qanunsuz təsirdən şikayət etməyib.ÿ
Qanunun bu düşünülmüş nöqsanını bir tərəfə qoyaq.
Qanunsuz təsir istisna edilibsə, bütün günahlar qanunsuz və ədalətsiz qərar çıxaran hakimlərdədi. Sabah bu qərarların hesabı sorulanda sırada sonuncu hakimlər olacaq. Bilə-bilə qanunsuz qərar çıxarma isə cinayət qanununda cinayət əməli sayılır. Istisnasız.
Institusional müstəqilliyi olmayan məhkəmə sistemi hakiminin şəxsi müstəqilliyi ola bilməz. Şəxsi müstəqilliyi olmayan hakimin daxili inamı məhkəmə qərarında maddiləşə bilməz. Məhkəmə qərarında maddiləşməyən daxili inamın isə varlığı ilə yoxluğunun fərqi yoxdur. Belədə hakim şəxsiyyətinin ikiləşməsi baş verir – hakim içindəki inamın cəlladına çevrilir. Bu həmin cəllad idi ki, Leyla xanım onu bir sualından tutaraq ifşa elədi: “Bəli, mən sözümü qurtardım, cəllad, hökmünü verə bilərsən”.
Belə məhkəmə sisteminin mantiyasına bürünmək bir şəxsiyyət və əxlaq məsələsidi.
“Yalnız zəif təbiətli insanlar tabe olur və unudurlar, güclülər isə çarpışır, hər şeyə qadir taleyi bərabər olmayan döyüşə çağırırlar”. Hakimiyyətin cibindən boylanan siyasətçilərdən, hüquqçulardan və hüquq müdafiəçilərindən fərqli olaraq Leyla xanım, Intiqam, Ilqar hər şeyə qadir hakimiyyətlə döyüşə getdilər və şah qanunlarının hökmran olduğu məhkəmələrin hökmləri ilə üz-üzə qaldılar. Onlar gözəl bilirlər ki, “zəiflərə mərhəmət yoxdur”.
“Cahanda hər hökmü bir zaman verir…”


