Yunuslara qarşı münasibət dövlət maraqlarının şəxsi hikkəyə qurban verilməsidir
Mövcud hakimiyyətin hansı xislətə malik olduğu, dövlətin və millətin mənafeyini şəxsi maraqlara necə qurban verdiyi hamının bildiyi həqiqətdir. Illər ötdükcə hakimiyyətin yalanları, talanları şəffaf şəkildə görünür və hakimiyyət bu qədər ifşadan sonra da öz “missiya”sından əl çəkmir. Amma bir həqiqət də var ki, hakimiyyət bütün cinayətlərini, anti-milli addımlarını “milli dəyər”, “dövlətçilik”, “vətənpərəvərlik” adı altında edib. Eyni zamanda vicdanlı insanların şərlənməsinə, rəqiblərin sıradan çıxarılmasına, müstəqil mətbuatın susdurulmasına da “vətənə xidmət” libası geyindirilib.
Hətta 8 milyard vəsaitin xərclənməsin hesabına ərsəyə gələn Avropa oyunlarını da “dövlətin imicinin yüksəldilməsi” kimi təqdim etməyə çalışdılar. Hansıki, Avropa oyunları Azərbaycan xalqına ağır zərbə vurdu, sosial-iqtisadi vəziyyətin gərginləşdiyi bir dövrdə büdcəni lüt vəziyyətə saldı. Üstəlik, Avropa liderləri oyunları boykot etdi və əsas mövzu ölkədəki siyasi məhbuslar, hakimiyyətin korrupsiya cinayətləri oldu.
Amma “utanmasan oynamağa nə var” prinsipi qüvvədədir və hakimiyyət hələ də “dövlətin imici” şüarı ilə davam edir.
Bütün bunları ona görə xatırlatdıq ki, 2 gün öncə Azərbaycan məhkəmləri adına yazılan ləkəni diqqətə gətirək. Bəli, 60 yaşlı xəstə qadın, bütün dünyanın tanıdığı hüquq müdafiəçisi, beynəlxalq mükafatlara layiq görülmüş Leyla Yunus 8 il 6 ay, həyat yoldaşı Arif Yunus isə 7 il həbs cəzasına məhkum edildi. Bu yazı yazılanda artıq dünyanın ən nüfuzlu dairələri bu məhkəmə biabırçılığına etiraz bildirmişdilər. Beynəlxalq təşkilatlar, hüquq müdafiə qurumları bu məhkəmə qərarını biabırçılıq, repressiya, hakimiyyətin utanmazlığı kimi qiymətləndirdi. Yəni, başqa vaxt dövlətin imicindən danışanlar, bir məhkəmə hökmü ilə dövlətin imicinə zərbə vurdular. Əliyev hakimiyyəti bir qadından qisas almağa görə bu boyda dövlətin imicini ayaqlar altına atdı. Dövlətin adından elan olunan məhkəmə hökmü dövlətin özünü çirkaba batırdı. Bəli, hakimiyət hikkəsinə görə, şəxsi maraqlar naminə dövlətin adını yenə də ən pis yerlərə gətirdi.
Bir daha aydın oldu ki, bu hakimiyyət üçün dövlətin imici qətiyyən önəmli deyil. Bütün dünyanın lənətləməsinə baxmayaraq YAP hakimiyyəti 60 yaşlı qadınla savaş apardı və xəstə bir qadına ən ağır cəza verməklə öz kimliyini ortaya qoydu. Jurnalist Xədicə Ismayıla qarşı da eyni ssenari hazırlanır. Bütün dünya hakimiyyəti bu biabırçı oyunlara son qoymağa çağırır. Hakimiyyət isə bu qadınları özünə ciddi rəqib görür, onların varlığından qorxuya düşür.
Hətta Leyla Yunusa qarşı irəli sürülən ittihamlar həqiqət olsaydı, yenə də bu ittihamlar Azərbaycanın imicinə zərər vurmazdı. Çünki, hər bir ölkədə cinayətkar olur və cinayətkarın cəzalandırılması da təbii dir. Amma indiki halda Əliyev hakimiyyəti xəstə bir qadından qisas alır, qanunu, hüququ ayaqlar altına atır. Bu isə dövlətə ağır zərbədir. Əliyevlər hakimiyyətinin sayəsində bu ölkəni korrupsiya yuvası, repressyalar diyarı kimi tanıyırlar.
Əslində saxta vətənpərvərlərdən, milli maraqlar altında şər-böhtan siyasəti yürüdənlərdən müsbət addımlar gözləmək əbəsdir. Bu hakimiyyətin missiyası dövlətin imicini ləkələmək, şəxsi büdcəni artırmaqdı.
Akif