Məhkəmənin azad etdiyi şəxsi “bandotdel” buraxmaqdan imtina etmişdi; İndiki iyrənc repressiyaları anlatmaq üçün tarix kitablarına salınacaq hadisə
Xalqın 90 faizinin dəstəyini qazandığını iddia edən Əliyev mənimlə belə qadağan olunmuş “priyom”larla mübarizə aparır
Bir neçə ay öncə “Azadlıq” qəzetində hətta Azərbaycan üçün də qeyri-adi olan bir hadisə haqqında yazı getmişdi. Məhkəmədə hakimin azad etdiyi şəxsi “Bandotdel” sərbəst buraxmayıb, yenidən həbs edib aparmışdı. Həmin hadisənin “qəhrəmanlarından” yazacam.
İndiki iyrənc repressiyaları anlatmaq üçün gələcəkdə tarix kitablarına salınacaq, yazarların, ssenaristlərin bu dövrü anlatacaq bədii əsərlərində istifadə edə biləcəyi ibratamiz hadisədir.
İsa Qurbanov əvvəllər AMİP-in üzvü olub. Orta təbəqə sayılacaq iş adamı olub, AXCP-yə sonradan qoşulub. Partiyaya qoşulandan sonra siyasi fəaliyyətində işgüzar, aktiv olub. Sumqayıt cəbhəçiləri növbəti konfransa qədər onu özlərinə sədr əvəzi seçmişdilər. 2014-cü ilin sonlarında AXCP və Milli Şura olaraq “Siyasi məhbuslara azadlıq!” tələbilə mitinqlərə başladıqdan sonra AXCP-yə qarşı silsilə sifarişli həbslərə başlanıldı. Bir neçə ayın ərzində AXCP sədr müavini Seymur Həzi, Rəyasət Heyətinin üzvü Asif Yusifli başda olmaqla 17 nəfər AXCP fəalı həbs olundu. 10 nəfəri 20-30 sutkalıq inzibati həbslərlə qurtarsa da, 7 nəfərə qarşı cinayət işi başlandı. Həmin 7 nəfərdən biri İsa Qurbanov idi.
Biz ailəsinin istəyilə İsa Qurbanovun həbsini ictimailəşdirmədik. Ailəsi ümid edirdi ki, İsa bəy cəbhəçi kimi təqdim edilməsə, onu Azərbaycansayağı üsullarla həbsdən azad etdirə bilərlər. Bizi isə ilk növbədə şərlənərək həbs olunan İsa Qurbanovun həbsdən azad edilməsi maraqlandırırdı. Ona görə də özünün və ailəsinin sözündən kənara çıxıb, İsa bəyin həbsi, başına gətirilənlər barədə danışmırdıq. İnsafən, İsa bəyin ailəsi, yaxınları da onu azad etdirməyə çox yaxın idilər…
İndi sizə bu ilin 8 aprelində “Azadlıq” qəzetində getmiş, əvvəldə anons etdiyim “Məhkəmə zalından azad edildi, "bandotdel" tutub apardı” adlı yazının bir hissəsini təqdim edirəm: “Azərbaycan hüquq-mühafizə sistemində görünməmiş hadisə baş verib. Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi məhkəmə tərəfindən həbsdən azad edilmiş şəxsi sərbəst buraxmaqdan imtina edib.
Bu barədə AzNews.az-a həmin şəxsin vəkili Telman İbrahimov məlumat verib. Onun sözlərinə görə, müdafiə etdiyi Əliyev Emin Fərail oğlunun məhkəmə zalından azadlığa buraxılması barədə qərar qəbul edilib. Lakin ona müəyyən sənədlərə qol çəkdiriləcəyi deyilərək, təcili şəkildə məhkəmə zalından çıxarılıb və yenidən saxlanıldığı təcridxanaya aparılıb.”
Yazıda bəhs olunan Əliyev Emin AXCP Sumqayıt təşkilatının sədr əvəzi İsa Qurbanovla birlikdə, eyni iş üzrə şərlənərək həbs olunmuş şəxs idi. Əgər o azad olunsaydı, İsa bəyin də azad ediləcəyi real idi. Amma yazıdan gördüyünüz kimi, “yuxarılar” məhkəmənin “özbaşınalığından” xəbər tutan kimi, məhkəmə hökmünün ziddinə olaraq, göstəriş verib, Emin bəyi “bandotdel”ə qaytarıblar. Daha ətraflı buradan oxuya bilərsiniz. http://www.azadliq.info/cmyyt/298-cmyyt/64195-mhkm-zalndan-azad-edildi-qbandotdelq-tutub-apard.html
Bununla da, rejim İsa bəyə mesaj verdi ki, hansısa dolayı yollarla bu tələdən çıxa bilməyəcək. Nə olsun ki, onun şəkli “Azadlıq” qəzetində siyasi məhbuslar sırasında getmir, əsas odur ki, onu tutanlar onun cəbhəçi olduğunu, elə buna görə də tutduqlarını unutmayıblar. O gündən sonra İsa Qurbanovun qarşısında iki yol qalırdı. Ya digər cəbhəçilər və başqa siyasi məhbuslar kimi ona verilmiş haqsız cəzanı səbrlə çəkərək, mübarizəni davam etdirmək, ya da təslim olmaq, mübarizədən imtina etmək bahasına nisbi azadlığa tez qovuşmaq. Hamının iradəsi, mübarizə əzmi, əqidəsinə bağlılıq dərəcəsi eyni deyil. İsa bəy də siyasi fəaliyyətdən imtina etmək bahasına da olsa, azadlığa qovuşmaq istədi. Hökumətin siyasi məhbuslardan aldığı əfv və ya üzv olduqları partiyalardan imtina ərizələrinin çapı üzrə ixtisaslaşmış sayt və qəzetlər artıq bu ilin mayın 21-də İsa Qurbanovun AXCP üzvlüyündən imtinası haqda ərizəsini qələbə raportu kimi təntənə və sevinclə təqdim etdilər. Biz heç bir reaksiya vermədik. Nə deyəcəkdik ki? Adamı girov götürüblər, incidiblər, o da bir həddə qədər dözüb, sonra dözməyib. Hamı qəhrəman olası deyil ki. Hətta əvvəlki illərdə partiyamızdakı fəaliyyətinə, sıradan biri olmayıb mübarizəni seçdiyinə görə içimizdə İsa bəyə minnətdarlıq hissi də var. O da rejimin qurbanlarından biridir.
Amma çox təəssüf ki, yenə alınmadı, İsa Qurbanovdan əl çəkmədilər, onu azad etmədilər. Anlatdılar ki, partiyadan istefa vermək azdır, təslim olursansa, axıra qədər biz deyəni etməlisən, hökumətin yanında durub, əvvəl olduğun düşərgəyə şər, böhtan deməlisən. İsa Qurbanov da ondan istəniləni etdi. Bugünlərdə azad mətbuat adına qara ləkə olan qəzet və saytlar girov götürülmüş İsa Qurbanovun İlham Əliyevə məcburən yazdığı müraciəti iyrənc bir sevinclə “Əli Kərimlinin yaxın adamı türmədən prezidentə müraciət etdi” başlığı ilə təqdim etdilər.
İsa Qurbanov İlham Əliyevə son müraciətində azdlığa çıxmaq üçün ondan istənilən hər şeyi etdi. Keçmiş əqidə yoldaşlarını təhqir edib, yamanladı. YAP-a keçdiyini bəyan etdi. Bütün bunlardan sonra indi nə istəyirsiniz? Adamı azad edin, getsin ailəsinin yanına, öz ömrünü yaşasın.
Rejimin məcburiyyətlə əzib alçaltdığı adamlara bizim heç vaxt kinimiz, acığımız ola bilməz. Tam əksinə, İsa bəyi də, bu yolu keçməyə məcbur edilmiş digərlərini də əmin edirəm ki, onların da sındırılmış talelərinin məsuliyyətini bu oğru yığınından tələb edəcəyik.
Bu acı tarixçə iki şeyi çox aydın şəkildə göstərir.
Əvvəla, rejim öz siyasi rəqibləri ilə gerçəkdən də düşmən kimi davranır. Rejim hər dəfə olmazın təzyiqi, zoru ilə siyasi məhbuslara yalvarıcı mətnlər yazdıranda, sizi bilmirəm, şəxsən mən erməni əsirliyində zor və işgəncə ilə Azərbaycan bayrağını tapdalamağa, erməni bayrağını öpməyə məcbur edilən əsirlərimizi xatırlayıram. Eyni hərəkətlər olmasa da, eyni mahiyyətli hərəkətlər deyilmi? O başqa məsələ ki, erməni əsirliyində də ölməyi alçalmaqdan üstün tutan və şərəflə ölən qəhrəmanlarımız, rejim əsirliyində də hər cür məhrumiyyətə mərdliklə sinə gərən qəhrəmanlarımız var. Mənim hiddətim və nifrətim hər iki halda təslim olanlara deyil (mən onlara sadəcə acıyıram), əsir və girovlarla qeyri-insani rəftara yol verənlərədir.
İkincisi, hakimiyyət şəxsimə qarşı, sədri olduğum partiyaya qarşı mübarizəsində sivil dünyada qadağan olunan təzyiq vasitələrindən istifadə edir. Adamları sadəcə pulla satın almağa, əqidələrindən döndərməyə çalışmırlar, bu tətbiq olunan vasitələrin ən “sivili”dir. Adamların özlərini, övladlarını, qardaşlarını, başqa yaxınlarını şərləyib tutacaqları, uzun müddət həbsdə saxlayacaqları ilə hədələyirlər. Hədə təsir etməyəndə isə hədələri reallaşdırırlar. Bəli, xalqın 90 faizinin dəstəyini qazandığını iddia edən İlham Əliyev mənimlə belə qadağan olunmuş “priyom”larla mübarizə aparır.
Amma İlham Əliyev fərqində deyil ki, siyasi rəqibə qarşı belə qadağan olunmuş “priyom”lardan istifadə həm də siyasi cəhətdən zəifliyin, azad, bərabərhüquqlu rəqabətə, qaydalar çərçivəsində yarışa hazır olmamağın etirafıdır. Nə olsun ki, hamı danışa bilmir, insanlar hər şeyi görür axı.



