Milli Şura Leyla və Arif Yunus haqqında qanunsuz məhkəmə hökmü ilə bağlı bəyanat yayıb. Bəyanatda deyilir: Demokratik Qüvvələrin Milli Şurası Koordinasiya Mərkəzinin üzvü, tanınmış hüquq müdafiəçisi Leyla Yunus və onun həyat yoldaşı, konfiliktoloq Arif Yunus haqqında qondarma ittihamlarla açılmış cinayət işi ilə bağlı keçirilən qapalı məhkəmə şousu oxşar ssenari ilə başa çatıb. Hakimiyyətin siyasi sifarişi əsasında Bakı Ağır Cinayətlər Məhkəməsinin ədalətsiz qərarı ilə Leyla Yunus 8,5 il, Arif Yunus isə 7 il azadlıqdan məhrum edilib. Hər iki şəxsin məhkəmə prosesi açıq elan olunsa da öncədən planlaşdırıldığı kimi qapalı keçirilmiş, Azərbaycanda fəaliyyət göstərən ictimai- siyasi təşkilatların nümayəndələri, media təmsilçiləri, hüquq müdafiəçiləri məhkəməyə buraxılmayıblar.
Bu da onunla bağlı olub ki, adı çəkilən şəxslərə qarşı irəli sürülən ittihamlar o qədər külünc və absurd olub ki, hakimiyyət həmin ittihamların sübuta yetirilmə mümkünsüzlüyünü, eyni zamanda bumeranq təsirini nəzərə alaraq ictimaiyyət nümayəndələrinin iştirakı və şahidliyi olmadan, məhkəməni cəmiyyətdən gizlin şəkildə qapalı və tələm- tələsik keçirməyə məcbur oldu.
Milli Şura hesab edir ki, Yunuslar ailəsi haqqında çıxarılan məhkəmə qərarı heç bir dəlil və sübuta söykənməyən, başdan- ayağa ədalətsiz və absurd qərardır. Hakimiyyət bu qərarla insan hüquq və azadlıqlarının müdafiəsi ilə məşğul olan hər iki şəxsdən qisas almaq istəyini bir daha nümayiş etdirdi. Xüsusən, Azərbaycanda siyasi məhbusların hüquqlarının müdafiə edilməsi, onların azadlığa çıxması, siyasi məhbus probleminin ictimai problem kimi yerli və beynəlxalq səviyyədə status qazanmasında Leyla Yunusun misilsiz xidmətləri olub. Leyla xanım bütün fəaliyyətində siyasi baxışlarına görə təqib və təzyiqlərə məruz qalan, qanunsuz həbs edilən şəxslərin həmişə yanında olub, onları hakimiyyətin repressiyalarından qorumağa çalışıb.
Məhz onun bu sahədə apardığı sistemli və ardıcıl fəaliyyət nəticəsində yerli və beynəlxalq ictimaiyyətin dəstəyi ilə hakimiyyətin ictimai- siyasi fəallara divan tutma siyasəti ifşa olunub, yüzlərlə siyasi məhbus azadlığa çıxıb. Nufuzlu beynəlxalq təşkilatlar və ölkələr Leyla xanımın insan haqları sahəsində prinsipial və fədakar fəaliyyətinə görə dəfələrlə onu müxtəlif mükafatlarla, orden və medallarla təltif ediblər.
Milli Şura hesab edir ki, Leyla və Arif Yunus haqqında məhkəmənin çıxardığı amansız və ağır cəza ədalətsiz olmaqla yanaşı hər iki şəxsin həbsxana divarları arasında fiziki məhvinə hesablanıb. Çünki hər iki şəxsin səhhətində həyatı təhlükə daşıyan çox ciddi xəstəliklər mövcuddur. Onların bu xəstəliklə nəinki həbsxana şəraitində, hətta səhiyyə sistemi iflic olmuş Azərbaycanda nisbi azadlıqda yaşaması onların sağlamlığı və taleyi baxımdan təhlükəlidir.
Milli Şura bir daha Leyla və Arif Yunus haqqında Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı absurd və ədalətsiz qərarı pisiləyir, onlar başda olmaqla bütün siyasi məhbusların qeyd- şərtsiz azadlığa buraxılmasını tələb edir.
14 avqust 2015- ci il, Bakı şəhəri


