Hippokratın “Semaşko”da ölümü

elnurastanbeyli@gmail.com
 
Demək artıqdır ki, Azərbaycan kimi üçüncü dərəcəli ölkələrdə rəsmi statistika yalanın bir növüdür, “pripiska”nın leqallaşmasıdır, obrazlı desək, rəqəmlərlə rəqsdir. O, bir qayda olaraq, şişirtmə üzərində qurulur, saxta inkişaf, mifik yüksəliş görüntüsü yaratmaqla ilə məşğul olur.
 
Corc Oruell özünün məşhur “1984" roman-antiutopiyasında bizim kimi ölkələrin əcaib idarəetmə normaları ilə bərabər, saxtakarlıq üzərində qurulmuş statistika təcrübəsini çox gözəl ifadə edib. Yeri gəlmişkən, Oruellin bu əsəri sanki günümüz Azərbaycandakı bütün siyasi-ictimai, mənəvi eybəcərliklər haqqındadır, son illərdə başımıza gələnlərin – gətirilənlərin bütün kodları həmin əsərdə məharətlə açılır.
 
Ortada Corc Oruell nümunəsi varkən bizim hətta müxalifət başbilənlərimiz belə, oturub saray ədəbiyyatını vəsf etməklə, onun ”görkəmli" nümayəndələrinin yubileylərinə təbriklər yazıb tost söyləməklə məşğuldurlar. Bundan sonra hələ bir camaata azad, çağdaş gələcək də vəd edirlər. Necə ürəkbulandıran mənzərədir! Adam yanğısını və qəzəbini ifadə etməyə ədəbli bir söz də tapa bilmir. 
 
Nə isə, mövzudan uzaqlaşmayaq. “Statistika öz ilkin halında da dəyişdirilmiş halında olduğu kimi uydurmadan başqa bir şey deyil” – yazır Oruell, sonra isə izah edir: “Bir şey bəllidir: hər rüb kağızda astronomik sayda ayaqqabı istehsal edilir, halbuki Okeaniya əhalisinin yarısı ayaqyalın gəzir”.
Tanış mənzərədir, elə deyilmi? Əlavə sözə necə, ehtiyac qalırmı?!
 
***
Dünənsə oxudum ki, Dövlət Statistika Komitəsinə, xalq içindəki adı ilə desək, “Statkom”a təzə sədr təyin olunub, ixtisası isə… həkim imiş! Bunadək o, Bakı rayonlarından birinin icra başçısı işləyirmiş, görünür, oranı gülüstana çevirdiyi üçün belə etimad göstərilib. Əslində “Statkom”a ixtisasca həkimin sədr təyin olunması xeyli simvolikdir, rəsmi statistika ağır xəstədir, onun ciddi müalicəyə ehtiyacı var.
 
Amma yapçıların idarəetmə təfəkkürü ilə bu mümkündürmü? Əlbəttə, əsla! Bu Sistem yalansız və saxtakarlıqsız mövcud ola bilməz. Həqiqət onun gözlərinin düşmənidir, o bütün varlığı ilə düzgünlüyə, dürüstlüyə qarşıdır. O, yalnız rəqəmləri şişirdərək (məsələn, guya 1 milyondan çox iş yerinin açıldığı barədə deyilənləri götürək), yaxud azaldaraq (məsələn, guya yoxsulluğun 5 faizdən də aşağı düşdüyü haqda söylənilənləri xatırlayaq) inkişaf görüntüsü yaradır, bu görüntünün arxasında isə iş dalınca ölkədən baş götürüb gedən, kredit bataqlığında boğulan, çarəni intiharlarda axtaran milyonlarla insanın bədbəxt taleyi, rəzil həyatı gizlədilir.  
 
Lap məşhur aforizmdə deyildiyi kimi: “Statistika ilə bikini oxşardır – ikisi də lazım olanı örtür, lazım olmayanı ortaya qoyur”. Azərbaycanda onillər boyudur rəsmi statistikanın iş prinsipi budur, bunsuz “analoqu olmayan inkişaf” çılpaq görünərdi.
 
***
Əslinə baxsan, hətta yapçılar lap istəsələr belə, “Statkom”a ixtisasca həkimin sədr təyin edilməsi yenə də rəsmi statistikanın yalan, saxtakarlıq, “pripiska” xəstəliyindən sağalmasına kömək etməzdi. Ölkə səhiyyəsinin durumu göz önündədir, o, sağaltmaqla deyil, öldürməklə məşğuldur. YAP rejimi bizim leksikonumuza “ağ xalatlı cəlladlar”, “həkim terroru” kimi söz birləşmələri gətiribsə, daha nədən danışırıq?
 
Sadəlövh camaat isə təəccüblənir ki, belə vəziyyətdə Oqtay Şirəliyevə “Şöhrət” ordeni verilməsi nə qədər doğrudur? Axı başqa necə olmalıdır? Onun sayəsində bu saat bizim xəstələrin şöhrəti Irandan, Israildən, Almaniyadan, Türkiyədən, bir sözlə, dünyanın dörd tərəfindən gəlirsə, bəs “Şöhrət” ordenini kim almalıdır?
 
Bu saat Azərbaycan dünyaya neft və xəstə ixrac edən ölkədir, hazırda dünya bizi “qara qızıl”la bərabər həm də qulaq ağrısından şikayətlənib amma ürəyindən əməliyyat olunan, sonra da həyata qaytarılmaq üçün başqa ölkələrə müalicəyə aparılan xəstələrlə tanıyır. Yaxşı, belədə “Şöhrət” ordenini Oqtay Şirəliyev almayıb kim almalıdır? Hippokrat?! Bəlkə Ibn Sina, ya da Sklifosovski?!     
 
Oqtay müəllim şübhəsiz, onların hamısını döyər. Sonra da apartdırar “Semaşko”ya, bircəciyi də oradan salamat çıxmaz.