ABŞ-la anlaşma barəsində iqtidaröynlü medianın yaydığı məlumatların əsassız olduğu təsdiqləndi
Bir müddət əvvəl hakimiyyətin nəzarətində media orqanları ABŞ-la Azərbaycan hakimiyyəti arasında anlaşma əldə edildiyi barədə məlumatlar dərc edirdi. Lakin “Azadlıq” bu məlumatların əsassız olduğunu, sadəcə cəmiyyətdə ABŞ-ın demokratiya dəyərləri müdafiə etməsinə inamsızlıq yaratmağa xidmət etdiyini yazmışdı.
Yazdıqlarımız təsdiqini tapmaqdadır. ABŞ-la Azərbaycan hakimiyyəti arasında anlaşma olması barədə məlumatların üzərindən heç bir ay keçməmiş dövlət qəzeti “Azərbaycan” Qərbi tənqid atəşinə tutub. Qəzetin dünənki sayında ABŞ-ın nüfuzlu “The Washington Post” və Böyük Britaniyanın məşhur nəşri “The Guardian” qəzetlərində hakimiyyət barədə dərc olunan tənqidi materiallar Vaşinqton və Londonun sifarişi kimi dəyərləndirilib. Qəzet iddia edir ki, ABŞ-la Azərbaycan hakimiyyəti barışıbmış. Amma qarşı tərəfin siyasi maraqları bu anlaşmanın pozulmasını səbəb olub. “Azərbaycan” yazır: “Ancaq həmişə olduğu kimi, bu dəfə də ”siyasi maraqlar" centlmen razılaşmasına üstün gəldi. Avqustun
1-dən 12-nə kimi rəsmi Vaşinqtonun ruporlarından biri olan “The Washington Post” Azərbaycana qarşı üst-üstə 6 material verdi. Azərbaycanda idarəçilik sistemini bayağı tənqiddən tutmuş Bakıya səfər edən konqresmenlərin diskreditasiyasına kimi etik normalara zidd ittihamlarla dolu belə materialları anti-Azərbaycan kampaniyasının növbəti dalğası kimi qəbul etməmək mümkün deyil. Üstəlik, “The Washington Post” ətrafı media da Azərbaycanı mümkün qədər qara rəngdə təsvir etmək fürsətindən yetərincə yararlanır. Digər tərəfdən də ABŞ- Böyük Britaniya “müştərək” QHT-ləri və mediası da yavaş-yavaş “əzələ nümayişini” intensivləşdirirlər.
Hesab etmək olar ki, ABŞ və Britaniyada baş verən bəzi biabırçılıqları xatırlatmaqla anti-Azərbaycan kampaniyası həvəskarlarının yaddaşlarını təzələməyin vaxtı artıq çatıb. Elə Qərb mediasının yazdığına əsasən, Barak Obamanın prezident seçilməsindən sonra ABŞ-da xüsusi xidmət orqanlarının “daxildə düşmən axtarışı” daha da artıb. 2011-ci ilin noyabrında Nyu-Yorkda iqtisadi və sosial ədalətsizliyə qarşı “Uoll striti zəbt et” adlı hərəkata qoşulan yüzlərlə insan həbs olunub. Bu ad altında Los-Anceles, Vaşinqton, Filadelfiya, Çikaqo, Sietl və başqa şəhərlərdə keçirilən aksiyalarda öz peşə borcunu yerinə yetirən curnalistlər də ABŞ polisi tərəfindən həbs edilib, zorakılıqlara məruz qalıblar…
…Qeyd edək ki, Avropa Oyunları dövründə Azərbaycanı hədəfə götürən Britaniya KIV-ləri arasında “The Guardian” nəşri xüsusi canfəşanlıqla seçilmişdi. Bu ilin may-iyun ayları ərzində Azərbaycan haqqında 40 tənqidi məqalə verən qəzet onların 23-nü 4 gün ərzində dərc edərək “kampaniyaçılıqda” az qala Ginnes rekorduna imza atmışdı. Əslində, Azərbaycanın ən qatı reket nəşrləri belə bu “fövqəladə bacarığa” qibtə edə bilərlər. Düzdür, Britaniyada “The Guardian” idarəolunmaz nəşr kimi tanınır. Amma Wikileaks materiallarını yaydıqdan, xüsusilə 2010-cu ildə kraliçanın şəxsi həyatına müdaxilə etdikdən sonra qısa zamanda bu qəzet də ram edildi. Həmin vaxt təzyiqlərlə barışmayan “News of the World” nəşrinin isə həm fəaliyyəti dayandırıldı, həm də rəhbərləri həbs olundu. Üstəlik, elə həmin il Kral Xartiyasının qəbul olunması ilə Britaniyada media üzərində dövlət nəzarəti quruldu, “Guardian” kimi nəşrlər isə 1 milyon funta qədər cərimə olunmaq təhlükəsi ilə üzləşdilər. Medianı susdurmaq və yeri gələndə idarə etmək üçün bundan yaxşı metod düşünüb tapmaq çətindir.
“Guardian” və onun kimilərinin idarə edilməsi həm də onu deməyə əsas verir ki, son günlər Britaniya nəşrlərinin Azərbaycana qarşı fəallaşmasının arxasında bəzi rəsmi izləri axtarmaq lazımdır. Eləcə də “Amnistey International”, “Transparency International” və digər bu kimi qurumların canfəşanlığı da Londondan istiqamətləndirilən anti-Azərbaycan demarşının işartılarıdır".