
«İnsan alverilə məşğul olanların öz qurbanlarının başına açdığı oyunlar sizin Femidanın başına açdığınız oyunların yanında heç nədir»
Xədicə İsmayıl onun işi üzrə məhkəmə prosesinə sədrlik edən hakimə etiraz verdi
Araşdırmaçı jurnalist, “Azadlıq” radiosunun əməkdaşı Xədicə Ismayılın işilə bağlı Bakı Ağır Cinayətlər Məhkəməsində proses davam edir. Bu iş üzrə keçirilən dünənki məhkəmə iclası da tanınmış jurnalistin məhkəmənin və prokurorluğun ünvanına kəskin ittihamları ilə yadda salıb.
Iclas başlayan kimi Xədicə Ismayıl məhkəmə prosesinə sədrlik edən hakim Ramella Allahverdiyevaya etiraz verib. Jurnalist etirazını belə əsaslandırıb: “Ramella Allahverdiyevanın cinayət təqibində maraqlı olduğunu nəzərə alaraq, ona etiraz verirəm. Buna bir neçə əsasım var. Bunlardan birincisi odur ki, Ramella Allahverdiyeva məhkəmədə tərəflərin bərabərliyi prinsipini pozur. Mənə məhkəməyə qədər cinayət işinin materiallarının surətləri verilməmişdi. Mən məhkəmədə vəsatət qaldırandan sonra müəyyən sənədlərlərin surətləri verildi, ancaq onlar mənim vəsatətdə göstərdiyim sənədlərin çox cüzi bir hissəsi idi.
Ikincisi, Ramella Allahverdiyeva məhkəmədə təqsirləndirilən şəxs kimi məni hədələdi. Bildirdi ki, məni 15 ilə qədər həbs cəzası gözləyir. Mən məhkəmənin qapalı keçirilməsinə etiraz olaraq, dövlət ittihamçısının suallarını cavablandırmaqdan imtina etdim və bildirdim ki, məhkəmənin açıqlığı təmin olunandan sonra sualları cavablandıracağam. Həmin vaxt Ramella Allahverdiyeva mənə “bir az ciddi olun, sizi 15 ilə qədər həbs cəzası gözləyir” dedi. Sonradan isə Ramella Allahverdiyeva belə izah etdi ki, guya, bunu hədələmək yox, qanunvericiliyin izahı kontekstində bildirib. Halbuki, mən sualları cavablandırmaqdan imtina etdiyimə görə məhz hədələmək məqsədilə demişdi.
Daha bir əsasım odur ki, Şahvələd Namazov, Çingiz Sultansoy burada dindirilərkən onlar ittihamı təkzib edən sənədləri – “Azadlıq” radiosu ilə bağladıqları müqavilələri məhkəməyə təqdim etmək istədilər. Lakin məhkəmə həmin müqavilələri sübut kimi işə əlavə etməkdən imtina etdi.
Növbəti əsasım odur ki, indiyədək müdafiə tərəfin verdiyi vəsatətlərdən heç biri təmin edilməyib. Əlavə şəxs qismində dindirilməsini istədiyimiz şəxslər var idi. Lakin onların dindirilməsindən imtina edildi. Halbuki, onların ifadələri həqiqətin üzə çıxarılması baxımından çox əhəmiyyətli idi.
Tural Mustafayevin özünün 3 may 2015-ci il tarixdə “youtube” kanalına yerləşdirdiyi videomaterialın və 3 avqustda “Yeni Müsavat” qəzetinə verdiyi müsahibənin sübutlar siyahısına daxil edilməsini istədik. Məhkəmə bunu da eləmədi. Halbuki video-müraciətlə bağlı qaldırdığımız vəsatəti Tural Mustafayevin özü də müdafiə etmişdi.
Mənim müdafiəçilərim Tural Mustafayevin özünü zərərçəkmiş hesab etmədiyini nəzərə alaraq, onun zərərçəkmiş statusuna xitam verilməsinə dair vəsatət qaldırdı. O vəsatət də qəbul edilmədi.
Bundan başqa, vəkillərimlə görüşməyim üçün imkan yaradılmır. Hər gün məhkəmə prosesi keçirməklə, mənim faktiki vəkillərlə məsləhətləşmək hüququm pozulur. Məhkəmədə də vəkillərimlə konfedensial məsləhətləşməyim üçün şərait yaradılmır.
Bütün bunlar Ramella Allahverdiyevanın qərəzli olduğunu sübut edən dəlillərdir.
Istintaq təcridxanasında müxtəlif cinayətlərdə ittiham olunan adamlar saxlanılır. Onların arasında Cinayət Məcəlləsinin 144-cü maddəsilə ittiham olunanlar da var. Həmin maddədə insan alverinə görə məsuliyyət nəzərdə tutulub. Xalq arasında onlara “mama roza” deyilir. O qadınların öz qurbanlarının başına açdığı oyunlar Ramella Allahverdiyevanın Femidanın başına açdığı oyunların yanında heç nədir. Ramella Allahverdiyeva məhkəməni faktiki prokurorluğun kənizinə çevirib. Mən qanunun bu qədər ağ edilmiş şəkildə təhqir olunmasına baxmaq istəmirəm".
Vəkillər Fəxrəddin Mehdiyev və Fariz Namazlı etirazı müdafiə edib. Dövlət ittihamını müdafiə edən prokuror Ramazan Hadıyev isə Ramella Allahverdiyevaya etirazın əsassız olduğunu bildirib. Deyib ki, o, məhkəmə prosesi boyunca Allahverdiyevanın qərəzinin şahidi olmayıb: “Bu məhkəmə prosesi kifayət qədər aşkar şəkildə aparılır, təqsirləndirilən şəxsin özünə, müdafiə tərəfinə araşdırma prosesində iştirak imkanı yaradılır”.
Qeyd edək ki, bu iş üzrə məhkəmə prosesini Ramella Allahverdiyevanın sədrliyilə, Novruz Kərimov və Tamilla Nəsrullayevadan ibarət hakimlər heyəti aparır. Yalnız sədrlik edənə etiraz edildiyinə görə o, məhkəmə zalında qalıb, digər iki hakim isə etirazla bağlı qərar qəbul etmək üçün müşavirəyə gedib. Müşavirədən qayıdan hakimlər etirazın təmin edilmədiyini elan edib. Bu haqda qərarda da göstərilib ki, 15 il məsələsi qanunvericiliyin izahı kontekstində deyilib.
Xədicə Ismayıl bu məsələyə etiraz edib: “Dediklərinizdən belə başa düşdüm ki, məhkəmə iclas protokolları saxtalaşdırılıb. Çünki siz 15 il məsələsini başqa kontekstdə demişdiniz. Amma protokola başqa cür yazmısız…”
Hakim Ramella Allahverdiyeva:
– O cümlə ittiham aktı elan olunandan sonra deyilib. Sizdən özünüzü təqsirli bilib-bilmədiyinizi soruşdum, ardınca da ittihamlar üzrə nə qədər cəza nəzərdə tutulduğu haqda məlumat verildi.
Xədicə Ismayıl:
– Xeyr, siz doğru demirsiz. Bu cür məsələlərə görə biz prosesin audio və video yazısının aparılmasını istəyirdik, imkan vermədiniz. Siz protokolu saxtalaşdırırsız. Buna görə də mən katibə etiraz edirəm, həmçinin protokolların nəzərdən keçirilməsinə şərait yaradılmasını istəyirəm.
Hakim Ramella Allahverdiyeva:
– Məhkəmənin yekun qərarından sonra üç gün ərzində protokolla tanış olub, qeydlərinizi edə bilərsiz.
Xədicə Ismayıl:
– Siz 15 il məsələsində səhv etmisiz, indi də bu səhvi ört-basdır eləmək üçün cinayətə yol verirsiz.
Hakim Novruz Kərimov:
– Qanuna görə, məhkəmə prosesi bir protokolla başa çatır. Yəni, məhkəmə iclasları təxirə salınanda da protokol bağlanmır. O, yekunda bağlanır və tanış olmaq üçün verilir. 15 il məsələsinə gəlincə, sizi hansı cəzanın gözlədiyini izah etmək, qanuna görə, hakimin vəzifəsidir.
Xədicə Ismayıl:
– Qanunda protokolun saxtalaşdırılmasına icazə verən maddə yoxdur.
Xədicə Ismayılın bu vəsatəti də təmin olunmayıb.
Daha sonra vəkil Fariz Namazlı “Azadlıq” radiosunun səlahiyyətli nümayəndəsi Adil Ismayılovun şahid kimi dindirilməsi barədə vəsatət qaldırıb. Vəkil bu vəsatətini Xədicə Ismayıla qarşı ittihamların “Azadlıq” radiosu ilə bağlı olmasıyla əsaslandırıb.
Xədicə Ismayıl da vəsatəti müdafiə edib: “Məsələn, məni ”Azadlıq" radiosunun lisenziyasız yayımında günahlandırırlar. Halbuki, radionun yayımı, lisenziya məsələsilə radionun Bakı bürosu yox, baş ofis məşğul olub. Radionun nümayəndəsi gəlsin, bu barədə suallara cavab versin. Bəlkə gəlib deyəcək ki, Xədicə özü ötürücü qurğu rolunu oynayıb, telepatiya yolu ilə yayımlayıb".
Bu vəsatət də təmin olunmayıb.
Vəkil Fariz Namazov həmçinin Milli Teleradio Şurası, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin vaxtilə “Azadlıq” radiosuna verdiyi lisenziyalarla bağlı sənədləri məhkəməyə təqdim edərək, onların sübutlar siyahısına daxil edilməsini istəyib. Ittiham aktında yazılanların əksinə olaraq, həmin sənədlərdən məlum olur ki, radionun FM tezliyində 1 yanvar 2009-cu ilədək yayımı qanuni olub. “Radionun yerli FM tezliyində yayımlanması ilə bağlı lisenziyanın müddəti 2008-ci ilin sentyabrında qüvvədən düşüb. Sorğumuz əsasında aldığımız sənədlərdə isə bunun tam əksi göstərilir”.
Xədicə Ismayıl vəsatəti müdafiə edərək deyib: “Əgər siz bizim sənədlərin mötəbərliyinə inanmırsınızsa, onda zəhmət olmasa, özünüz həmin qurumlara sorğu göndərib cavab alın”.
Bu vəsatət də təmin olunmayıb.
Daha sonra Xədicə Ismayıl növbəti vəsatətləri hazırlamaq üçün vəkillərilə görüşüb məsləhətləşməyə ehtiyacı olduğunu bildirib və hakimdən bunun üçün bir gün vaxt istəyib: “Söhbət 15-ə qədər vəsatətdən gedir. Ittihamda adı keçən bəzi şəxslərin əlavə şahid kimi dindirilməsini istəyirəm. Ancaq indidən onların adını çəkmək niyyətində deyiləm. Çünki prokurorluq həmin şəxslərə təzyiq edə bilərlər”.
Məhkəmə prosesi avqustun 18-nə qədər təxirə salınıb.
Aytən



