“İnqilabi çağırışlar etdiyimə görə tutulmuşam”

Cabbar Savalanlının məhkəməsində istintaq növbəti dəfə ifşa olundu

Narkotiklə şərlənərək Sumqayıt şəhər məhkəməsinin hökmü ilə 2 il yarım azadlıqdan məhrum edilən AXCP üzvü Cabbar Savalanlının apelyasiya şikayəti üzrə dünən növbəti məhkəmə iclası keçirildi. Hakim Lətifə Məmmədovanın sədrlik etdiyi iclasda dövlət ittihamını prokuror Tural Yusifov müdafiə edirdi. Hakim bu işdəki prokuror dəyişikliyini belə izah etdi ki, əvvəlki dövlət ittihamçısı Azər Osmanov Zəngilan rayonuna prokuror təyin edilib.

Dəmir iradə dəmir qəfəs arxasında

Cabbar məhkəmə zalına yüksək ovqatla daxil oldu. Yenə də Cabbara dəmir barmaqlıqlardan kənarda – vəkillərinin yanında əyləşməyə imkan vermədilər.

Ona qəzet vermirlər

Məhkəmə prosesi başlamamışdan əvvəl fürsət tapıb Cabbarla qısaca söhbətləşdik. O bildirdi ki, həbsxanada gününü mütaliə ilə keçirir. Saxlanma şəraitindən şikayəti olmasa da, Cabbar informasiya blokadasında olmasından narazılıq etdi. Onun sözlərinə görə istintaq təcridxanasına onun üçün gətirilən qəzetləri içəri buraxmırlar. Cabbar xahiş etdi ki, QHT-lər müvafiq qurumlar qarşısında onun qəzetlərlə təmin olunması məsələsini qaldırsınlar.

Hakimlər hələ də fotoaparatdan qorxur…

Məhkəmə iclası başlayan kimi, jurnalistlər heç olmasa, 5 dəqiqəlik fotoçəkiliş aparmaq üçün hakimdən icazə istədilər. Yenə də hakim çəkilişə “yox” dedi. Jurnalistlərlə yaranan qısa mübahisənin nəticəsi bu oldu ki, yalnız məhkəmə iclası başa çatandan sonra Cabbarın fotoşəklinin çəkilməsinə icazə verildi. Hakimlər bunu belə izah etdilər ki, məhkəmənin gedişi zamanı çəkilişin aparılması prosesə mane ola bilər.

Gəncləri qorxutmaq üçün…

Məhkəmə istintaqı Cabbarın dindirilməsilə başladı. Gənc fəal həbsini birbaşa siyasi fəaliyyətilə əlaqələndirdi: “Mən ”Facebook” şəbəkəsində fevralın 4-nə “Qəzəb günü” elan edərək, “Azadlıq” meydanına mitinq təyin etmişdim. Buna görə də gəncləri qorxutmaq üçün məni həbs etdilər”.

“İnqilabi çağırışlar etmişəm…”

Hakim Cabbardan “Facebook”da konkret olaraq hansı çağırışlar etdiyini soruşdu. Cabbarın cavabı belə oldu: “Inqilabi çağırışlar edirdim”.
Hakimin gülərək verdiyi növbəti sual belə oldu:
– Bilirsənmi ki, həmin çağırışa görə səni daha ağır maddə ilə cinayət məsuliyyətinə cəlb edə bilərdilər?
– Hə, bilirəm. Amma biz silahlı çevriliş etmək istəmirdik ki… Inqilab istəyirdik. Tutmaq istəyirdilərsə, elə buna görə tutaydılar da…
– Axı səndən başqa da “Facebook”da yazanlar var. Nəyə görə onları yox, məhz səni tutdular?
– Mən Sumqayıtda aktiv və sərt müxalifətçi mövqeyi nümayiş etdirən yeganə adam olduğumdan, məhz məni tutdular.

Xəsarətlər

Cabbar bir daha həbs olunduğu zaman Sumqayıt şəhər Polis Idarəsində üzləşdiyi işgəncələrdən söz açdı. Bildirdi ki, ona fiziki və psixoloji təzyiqlər edilib, 7-8 polis tərəfindən döyülüb. Hakim həmin xəsarətlərin izinin qalıb-qalmamasıyla maraqlandı. Cabbar dedi ki, fevralda baş vermiş döyülmənin izi təbii ki, indiyə qalmaz. Üstəlik, onu iz buraxmadan döyüblər.

“Ailəmin başına pislik gətirəcəklərini dedilər”

Gənc fəal məhkəmə zalında ilk dəfə başqa bir açıqlama da verdi. Izah elədi ki, saxlandığı gün öz əleyhinə ifadəyə imzanı heç də fiziki təzyiqlərə görə, atmayıb. Onu ailəsi və yaxınlarıyla hədələyiblər: “Mənə dedilər ki, imza atmasan ailənə, yaxınlarına problem yaradacağıq. Məni həm də hədələdilər ki, bu haqda məhkəmədə nəsə desəm, yenə problem olacaq. Birinci məhkəmədə bunu demədim, indi deməyə məcburam”.

Ekspertlər: “Cabbar narkoman deyil”

Cabbarın ifadəsindən sonra məhkəməyə dəvət edilən ekspertlər Faiq Isgəndərov, Könül Səfərova dindirildilər. Hər iki ekspert bildirdi ki, Cabbar Savalanlı narkoman deyil, narkomaniyadan əziyyət çəkmir, onun verdiyi analizlərin heç birində narkotik aşkarlanmayıb.
Cabbarın vəkili Əsabəli Mustafayev bir neçə dəfə sual verdi ki, adam narkoman olmadığı halda, ekspertlər hansı səbəbdən onun profilaktik qaydada narkoloji dispanserdə qeydiyyata alınmasını tövsiyə ediblər və rəydə “Cabbarın keçmişdə narkotik qəbul etməsinin istisna olunmadığını” yazıblar.
Ekspertlərin dediklərindən belə anlaşıldı ki, onlar kimin üstündən narkotik çıxırsa, belə rəy yazırlar.
“Bəs, elə bir hal mümkündürmü ki, adamın üstündən narkotik çıxır, ancaq analizlərində heç bir narkotik əlamətləri tapılmır və bu zaman onun haqqında rəydə ”keçmişdə narkotik qəbul etməsi istina olunur” yazılsın?”, – deyə hakim də ekspertdən soruşdu. Ekspert suala “hə” cavabı verdi.
Vəkil Əsabəli Mustafayev də bu yerdə replika ilə “bu ”hə” korrupsiyanın nəticəsi kimi ortaya çıxır” söylədi.

Hal şahidləri, yoxsa “işverənlər”?

Daha sonra məhkəmə ötən iclasda müdafiə tərəfin verdiyi vəsatətə uyğun olaraq, Vüsal Əliyev adlı şəxsin tutulma protokolunu nəzərdən keçirdilər. Bu addım da ona görə atıldı ki, həm Vüsal Əliyevin, həm Cabbar Savalanlının işində eyni adam – Rəhim Şıxəliyev hal şahidliyi edib. Hər iki işdə də adları çəkilən şəxslərin üzərindən narkotik çıxdığını göstərib. Ən maraqlısı odur ki, iki hal şahidliyi arasında zaman çox qısa – cəmi 40 dəqiqə olub.
Vəkil Anar Qasımov bildirdi ki, bu qədər qısa vaxtda hal şahidinin bir yerdən başqa yerə gedib yenidən şahidlik etməsi xeyli şübhə doğurur. Buna görə də həmin adam və bu protokolları tərtib edən əməliyyatçılar məhkəməyə gəlib izahat verməlidirlər.
Anar Qasımovun daha bir tələbi məhkəməyə yalan ifadə verən hal şahidlərinin cinayət məsuliyyətinə cəlb edilməsi barədə oldu. O bildirdi ki, hal şahidləri Rəhim Şıxaliyev və Məhərrəm Ismayılov birinci instansiya məhkəməsində ilk dəfə hal şahidliyi etdiklərini, Cabbar tutulan gün başqa heç bir işdə şahidlik etmədiklərini desələr də, faktlar onların yalan danışdığını sübut edir. Vəkil bu hal şahidlərinin məhkəmədə dindirilməsi barədə də vəsatət verdi.
Məhkəmə müdafiə tərəfin vəsatətini qismən təmin etdi. Beləliklə, iyulun 19-da keçiriləcək növbəti məhkəmə iclasında əməliyyatçılar dindiriləcək.

Natiq Güləhmədoğlu