
Avropa Şurasının baş katibi Yaqland Əliyevdən siyasi məhbusların iş materiallarını istəyir
Görkəmli hüquq müdafiəçisi Leyla Yunus və onun həyat yoldaşı, tarixçi alim Arif Yunusun uzunmüddətli azadlıqdan məhrum etmə cəzalarına məhkum edilməsi beynəlxalq birliyin və dünya ictimaiyyətinin kəskin etirazına səbəb olub. Beynəlxalq birlikdən gələn ilk etirazlar barədə ötən sayımızda xəbər vermişik. Avqustun 14-də isə daha yüksək səviyuyəli və sərt təpkilər yağmağa başlayıb.
ABŞ Dövlət Departamenti Yunuslara qarşı məhkəmə hökmünü onların fəaliyyətinə görə verilən cəza adlandırıb və Yunusları azad etməyə çağırıb.
Departamentinin mətbuat nümayəndəsi Con Kirbi bildirib ki, Azərbaycan məhkəməsinin insan haqqları fəalları Leyla və Arif Yunusu müvafiq olaraq səkkiz il yarım və yeddi il müddətinə azadlıqdan məhrum etmək qərarı Birləşmiş Ştatları dərindən narahat edir.
“Bu şəxslər artıq bir ildən çoxdur həbsxanada keçiriblər. Belə görünür ki, onlara qarşı irəli sürülən ittihamlar onların insan haqqları sahəsində gördükləri iş və bölgədə gərginliyin azalması üçün xalqlar arası konstruktiv proqramlarda iştirakları ilə bağlıdır. Məhkəmə prosesində buraxılmış pozuntular barədə xəbərlər və məhkumların səhəti bizi narahat edir. Biz Azərbaycan rəsmilərini Leyla və Arifi humanitar əsaslarla azadlığa büraxmağa çağırırıq. Beynəlxalq öhdəliklərinə uyğun olaraq bütün vətəndaşları üçün fundamental insan haqqlarının təmin olunması Azərbaycanın parlaq, firavan və sabit qələcəyi istiqamətində vacib addımdır”, – deyə Dövlət Departamentinin sözçüsü vurğulayıb.
***
ABŞ-ın nüfuzlu senatorlarından biri, Senatın Avropada Təhlükəsizlik və Əməkdaşlıq Komissiyasının (Helsinki komisiyası) həmsədri və Xarici Əlaqələr Komitəsi sədrinin müavini Ben Kardin də Leyla və Arif Yunus barədə çıxarılmış məhkəmə hökmü ilə bağlı bəyanat verib.
“Mən Leyla və Arif Yunus barəsində çıxarılmış hökmdən dərin narahatlıq keçirdiyimi bildirirəm. Onlar çox illər ərzində Azərbaycana dinc şəkildə demokratiyanın gətirilməsi üçün yorulmadan işləyiblər və elə həmin müddətdə də hökumətdən təqib görüblər. Biz bu gün onlara ağır həbsxana cəzasının verilməsini pisləyir və eyni zamanda onların başqalarına ilham olacaq güc və dözüm hisslərini alqışlayırıq”, – deyə Kardin bildirib.
Ben Kardin bəyanatının sonunda Azərbaycanda qanunun aliliyinin bərqərar olunması və Leyla və Arif Yunusun azad edilməsi üçün səylərini əsirgəməyəcəyini vəd edib.
***
ABŞ-ın BMT yanında daimi nümayəndəsi Samanta Pauer isə Twitter-dəki mikrobloqunda Yunusların barəsində çıxarılan hökmü “xəstə ər-arvada qarşı dəhşətli ədalətsizlik” adlandırıb.
***
Yunuslara qarşı hökmə Avropa Birliyindən də sərt etirazlar bildirilib. AB rəsmiləri də Yunusları azad etməyə çağırıb.
Birliyinin xarici siyasət və təhlükəsizlik üzrə ali komissarı, Avropa Komissiyasının vitse-prezidenti Federika Mogerini bəyanat yayaraq bildirib: “Avqustun 13-də Azərbaycanın iki görkəmli hüquq müdafiəçisi Leyla və Arif Yunus haqqında Bakı Ağır Cinayətlər Məhəkəməsi uzunmüddətli azadlıqdan məhrum etmə hökmü çıxarıb. Prosesi izləyən beynəlxalq müşahidəçilərin verdiyi məlumatlar məhkəmənin ciddi qanun pozuntuları ilə keçdiyini göstərir. Görünür ki, ittihamlar əslində onların hüquq müdafiə fəaliyyəti ilə bağlıdır. Yunuslar haqqında çıxarılmış bu hökmlər bir daha sübut edir ki, Azərbaycan hakimiyyəti insan hüquq və azadlıqları sahəsində üzərinə götürdüyü beynəlxalq öhdəliklərə əməl etmir. Biz Azərbaycan hakimiyyətini Leyla və Arif Yunusu azad etməyə, onların işini şəffaf və ədalətli şəkildə araşdırmağa çağırırıq”.
Avropa Parlamentinin insan hüquqları üzrə alt komitəsi də Leyla və Arif Yunusların dərhal azadlığa buraxılmasını tələb edib. Yelena Valençianonun alt komitənin adından verdiyi bəyanatda Avropa parlamenti qanuni hüquq fəaliyyətlərinə görə Leyla və Arif Yunusların barəsində sərt hökm çıxarılmasını dərin narahatlıqla pisləyib və hakimiyyəti Yunuslar cütlüyünü dərhal azadlığa buraxmağa çağırıb, çünki belə hökm onlar üçün ölüm hökmünə bərabərdir.
***
Avropa Şurasının baş katibi Torbörn Yaqland da Leyla Yunus və Arif Yunusa qarşı məhkəmə hokum ilə bağlı bəyanatla çıxış edib. Bəyanatı onun adından mətbuat nümayəndəsi yayıb.
Bəyanatda deyilir ki, baş katib Azərbaycan hakimiyyətindən siyasi məhbusların məhkəməsi barədə məlumatlar və onlara qarşı ittihamları təsdiqləyən sübutlar tələb edir.
Azərbaycanın məhkəmə sistemində hamıya bəlli olan sistematik çatışmazlıqları, bu ölkədə hüquq müdafiəçilərinə, curnalistlərə qarşı hücumları və bütün bunların ölkədə söz azadlığına ciddi zərbə vurduğunu nəzərə alan baş katib hesab edir ki, bu işlərə son nəticədə Avropa Insan Haqları Məhkəməsində baxılmalıdır.
***
Böyük Britaniyanın Xarici İşlər Nazirliyi hökmlə bağlı yaydığı bəyanatda onun siyasi motivli olduğunu, prosesdə xarici diplomatların iştirakına əngəllər yaradıldığını bildirib. Bəyanatda həmçinin Leyla və Arif Yunusun səhhətlərinin narahtlıq doğurduğu qeyd olunub.
“Biz Azərbaycanda insan haqlarının pis vəziyyəti barədə narahatlığımızı bildiririk və gələcəkdə də bu sahədə baş verən hadisələri izləməkdə davam edəcəyik” – deyə bəyanatda vurğulanır.
Bəyanat Azərbaycanı üzərinə götürdüyü öhdəliklərə, habelə qanunun aliliyinə hörmət etməyə və insan haqları ilə bağlı vəziyyətin yaxşılaşdırılması üçün konkret addımlar atmağa çağırır.
Britaniya XİN-in bəyanatında həmçinin Azərbaycanın vətəndaş cəmiyyətinin başqa görkəmli nümayəndələrinin – jurnalist Xədicə İsmayılovanın, insan haqları müdafiəçisi İntiqam Əliyevin və demokratiya kampaniyaçısı Rəsul Cəfərovun da məhbus edilməsi pislənir. Bəyanatda siyasətçi İlqar Məmmədovla həbsxanada pis rəftar edildiyindən narahatlıq ifadə olunur.
***
İşgəncələr Əleyhinə Ümumdünya Təşkilatı da hökmə qəti etirazını bildirib.
300-dən çıx beynəlxalq hüquq-müdafiə strukturunu birləşdirən İşgəncələr Əleyhinə Ümundünya Təşkilatı bildirib ki, bu sərt cəza Azərbaycanın ədalətli məhkəmə standartlarına məhəl qoymamasından xəbər verir.
“Yunusların məhkəməsinin belə sürətlə keçirilməsi dəhşət doğurur və prosesin keyfiyyəti haqda aydın təəssürat yaradır”, – təşkilatın bəyanatında deyilir.
Qurumun baş katibi Gerald Steyberk bildirib ki, Bakıda keçirilən məhkəmə prosesi ədalətli məhkəmə üzrə beynəlxalq hüquq standartlarının pozulduğunu nümayiş etdirib.
***
Yunuslar barəsində məhkəmə hökmü dünya mediasının da başlıca mövzusudur. “Financial Times” bununla bağlı “Azərbaycan insan haqları cütlüyünü həbsə atır” başlıqlı məqalə dərc edib.
Müəllif Cack Farchy yazır ki, məhkəmə ölkənin iki tanınmış insan haqları müdafiəçisini həbsə atıb və bu, hökumətin tənqidi səslərə hücumları silsiləsindən son addımdır.
Avqustun 13-də məhkəmə Leyla Yunusa 8 il yarım, Arif Yunusa isə 7 il həbs cəzası kəsib. Onlar dələduzluq və vergidən yayınma kimi ittihamlarla təqsirli biliniblər. “Yunusların məhkəməsini insan haqları qrupları və Qərb dövlətləri siyasi motivli adlandırıb. Bu məhkəmə Azərbaycanda narazılara daha geniş təzyiq kampaniyasının bir hissəsidir. Müşahidəçilər təzyiqlərin 2011-ci ilin ”ərəb baharı"ndan sonra başlamasına, ötən il sürətlənməsinə diqqət çəkir", – müəllif yazır.
Yazıda ötən il ölkədə 30-dan çox fəalın ya saxlanması, ya da məhkum olunmasından, AzadlıqRadiosunun Bakı bürosunun, eləcə də ATƏT-in Bakı ofisinin bağlanmasından bəhs olunur: “Bu təzyiqlər Orta Asiya və Qafqazın bir sıra ölkələrində artan paranoyya ilə eyni vaxta təsadüf edir. Belə ki, bu ölkələr Ukraynada 2014-cü ildə Viktor Yanukovych-in devrilməsinə gətirmiş kütləvi etirazların təkrarlana biləcəyindən narahatdırlar. Azərbaycan prezidenti Ilham Əliyev, Rusiyada olduğu kimi, QHT-lərə xarici yardımı məhdudlaşdırıb. Hökumət rəsmiləri də Moskvanın antiqərb ritorikasını qəbul edib”.
Leyla Yunusun vəkili Elçin Qəmbərov “FT”yə deyib ki, cütlük məhkəmə qərarından Avropa Insan Hüquqları Məhkəməsinə şikayət göndərəcək, ancaq buraxılmağa ümidləri çox azdır. “Hökumətimiz ”rəngli inqilab"dan qorxur, ona görə vətəndaş cəmiyyətini neytrallaşdırmaq istəyirlər", – deyə vəkil bildirib.
“Azərbaycan ədalətə rişxənd edir”. Bunu isə “The Guardian” qəzetində “Human Rights Watch” hüquq-müdafiə təşkilatının Rusiya üzrə proqram direktoru Tanya Lokşina yazır. “Hökm oxunanda məhkəmə zalında idim və hakim hökmü oxuyanda ağlıma gələn ilk fikir bu oldu ki, bu, əslində ölüm hökmüdür. O qədər xəstə və zəifdirlər ki, həbsxanada yeddi il onların axırına çıxacaq”, – müəllif yazır.
Tanya Lokşina Leyla Yunusu beynəlxalq konfranslardan tanıdığını, ancaq şüşə qəfəsdə oturan qadının əldən düşmüş, solğun və sarımtıl rəngdə olduğunu qeyd edir: “Əri Arifi görə bilmədim, o, otura bilmirdi. Hökmün oxunduğu 90 dəqiqə ərzində skamyada uzanıb başını həyat yoldaşının dizinin üstünə qoymuşdu? Məhkəmə zalı dolu və havasız idi, kondisioner avqustun qızmar istisinə tab gətirmirdi. Leyla Yunus ərini yelləyir, ona tərəf əyilib qulağına nəsə pıçıldayırdı. O, açıq-aşkar məhkəməyə fikir vermirdi, fikri-zikri ərinin yanında idi. Hökm oxunub bitəndən sonra məni çağırdı, ”Arifin vəziyyəti çox ağırdır. Səhhəti o qədər pisləşib ki, nə baş verdiyini də anlamır" dedi".
Hakimiyyətin Yunusları barmaqlıqlar arxasına salmaq, məhv etmək üçün hansı texniki və hüquqi bəhanələr gətirməsindən asılı olmayaraq, məhkəmə zalına bircə nəzər bunun siyasi məhkəmə, müttəhimlərin də əslində müstəqil tənqidçilərə qarşı repressiya kampaniyasının qurbanları olmasına şübhə yeri qoymur".
“The Guardian” həmçinin “Amnesty International” təşkilatının mövqeyini dərc edib. Qurumun Azərbaycan üzrə kampaniya koordinatoru Levan Asatiani deyib: “Leyla və Arif Yunus vicdan məhbuslarıdır, dərhal və qeyd-şərtsiz buraxılmalıdırlar. Məhkəmə sistemi bir daha özünü ifşa etdi ki, prezident Ilham Əliyevin əlində narazıları və recimin tənqidçilərini susdurmaq üçün həyasız alətdir. Onun hökumətinin insan haqlarına münasibəti, sadəcə, sarsıdıcıdır”.



