
Bakıda dəhşətli intihar hadisəsi baş verib. Səməd Vurğun küçəsi 73 ünvanında yerləşən “Bakı Mərkəzi Bazar” MMC-nin balıq sexi adlanan hissəsində 1979-cu il təvəllüdlü Imanova Xatirə Nadir qızı özünü yandırıb.
36 yaşlı qadın üstünə benzin tökərək özünə od vurub. Yaxınlıqdakı şəxslər ona kömək etmək və yanğını söndürmək istəsələr də, buna nail ola bilməyiblər. Xatirə Imanova bazardaca yanaraq ölüb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. (lent.az)
“Təzə bazar”ın satıcıları isə virtualaz.org saytına hadisənin yer puluna görə baş verdiyini deyiblər.
Bakı şəhər Prokurorluğunun hadisə ilə bağlı yaydığı məlumatda isə deyilir ki, avqustun 13-də saat 19:30-da paytaxtın Nəsimi rayonu, S.Vurğun küçəsi 73 saylı ünvanda yerləşən “Bakı Mərkəzi Bazar” MMC-yə məxsus bazarın ərazisində Bakı şəhər sakini, 1979-cu il təvəllüdlü Imanova Xatirə Nadir qızının üstünə neft məhlulu tökərək özünü yandırması və aldığı yanıq xəsarətlərindən orada vəfat etməsi faktına görə Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
Iş üzrə məhkəmə-tibb ekspertizası təyin edilib və digər zəruri istintaq hərəkətləri həyata keçirilir.
Istintaqla müəyyən edilib ki, Xatirə Imanova əvvəllər “Şəxsiyyətin isterik tipli pozuntusu özünü kəsmə və isterik tutmalar” diaqnozu ilə Bakı şəhəri Baş Səhiyyə Idarəsinin 2 H-li Klinik Psixiatriya Xəstəxanasında stasionar müalicə alıb. Hazırda ölümün səbəblərinin müəyyənləşdirilməsi istiqamətində istintaq tədbirləri davam etdirilir.
***
Hadisə sosial mediada ciddi əks-səda doğurub. AXCP sədri Əli Kərimli də özünün facebook səhifəsində hadisəyə münasibət bildirib. O, gənc qadının öz həyatına niyə qəsd etdiyini ürək ağrısı ilə soruşub: “Ey çarəsiz, yazıq soydaşım, niyə özünə və ailənə bu zülmü etdin? Məgər sizlərin canınıza qıyıb, özünüzü asmağınız, yandırmağınız səlahiyyət sahiblərini narahat edir? İnsanların hər gün faciə yaşadığı bu ölkədə intiharlar da, əsgər ölümləri də adiləşib, statistikaya çevrilib. Nəinki hakimiyyəti, heç toplumu da artıq ciddi silkələmir soydaşlarımızın bu dəhşətli faciələri. İnsanlar bir-birinin probleminə də, faciəsinə də biganələşib. Azərbaycan hakimiyyəti böyük bir kütləni toplu şəkildə çıxılmazlığa sürükləyir. Allah özü bu millətə kömək olsun. Pisliklərlə mübarizə aparmağa güc və qüvvət versin”.
***
Qeyd edək ki, son günlər Azərbaycanda intiharların sayı artmaqdadır. Səbəbi isə ağır sosial vəziyyətdir. Məlumat üçün deyək ki, son 4 ayda Azərbaycanda kredit borcuna görə 4 intihar baş verib. Iyulun 8-də Bərdə şəhərində 23 yaşlı, bir uşaq atası özünü körpüdən asıb. Səbəb kredit borcu göstərilib.
Iyunun 5-də isə banka 17 min manat borcu olan Əliyar Şıxıyev özünü yaşadığı binanın beşinci mərtəbəsindən atıb.
Ötən ay daha bir intihar hadisəsi Oğuz rayonunda baş verib. 53 yaşlı Məhəmməd Hüseynov Beynəlxalq Banka borca görə özünü öldürüb.
Aprelin 6-da isə Imişli sakini, 52 yaşlı Rəşid Zalov bir neçə bankdan götürdüyü kredit borcunu qaytara bilmədiyi üçün özünü asıb.
Bir neçə gün əvvəl isə Səbail rayonunun B.Sərdərov küçəsi, ev 5 ünvanında 1986-cı il təvəllüdlü Babayeva Gülnar Alim qızı özünü asaraq intihar edib.
Ilkin araşdırmalar nəticəsində məlum olub ki, Gülnar Babayeva intihar etməzdən əvvəl ailəsinə məktub yazıb. O, məktubunda qeyd edib ki, ailəsinin maddi çətinlikləri və körpə övladının xəstəliyinə görə həyatına qəsd edir. Gənc ana ağır xəstəliyə düçar olan övladına kömək edə bilmədiyi üçün özünü günahkar hiss etdiyini qeyd edib.