Xəstə səhiyyənin “Şöhrət”i

Yaxud, doğum günü hədiyyəsinə çevrilən ordenlər

Azərbaycanda fəxri adların hansı meyarlar əsasında verildiyi heç kimə sirr deyil. Məsələn, bu ölkədə səsi olmayan xeyli müğənni var ki, “xalq artisti” adına layiq görülüb. Amma səsi olan və uzun illlər həqiqi sənətə xidmət eləmiş şəxslər var ki, heç bir titulu yoxdur. Bəli, bu ölkədə karyera pilləkənini qalxmaq üçün, ən yüksək fəxri adları almaq üçün hökumətə beyət etməli, birinci şəxsi tərifləməli və  ölkənin bütün sahələrindəki cəhənnəmi “cənnət” kimi təqdim etməlisən.

Amma bu ölkədə 2 orden var ki, tükənməz sərvətə çevrilib. Söhbət “Şərəf” və “Şöhrət”dən gedir. Artıq bu ordenləri günaşırı verməyə başlayıblar. Daha dəqiq ifadə etsək “Şərəf” və “Şöhrət” doğum günü hədiyyəsinə çevrilib. Artıq hökumət komandasında “Şərəf”lənməyən, “Şöhrət” lənməyən adam qalmayıb.  Indi YAP-ı Yeni Şöhrətlilər (Şərəflilər) Partiyası da adlandırmaq olar.

Amma məsələnin daha unikal bir tərəfi var. Hansı sahədə problem baş verirsə, hansı şəxsin haqqında mənfi fikir formalaşırsa ölkə başçısı həmin şəxsə “Şərəf” və ya “Şöhrət” geyindirir. Sanki, bu ordenlər neqativləri gizlətmək qabiliyyətinə malikdi.

Naxçıvanda fərqli fikrə, azad sahibkarlığa, müxalifət mövqeli insanlara hansı münasibətin olduğu məlum faktdır. Hətta QHT nümayəndələri, müstəqil jurnalistlər dəflərlə zorakılığa məruz qalıblar, fəaliyyətlərinə imkan verilməyib. Bənənyar hadisələri isə dünya mətbuatına da yol tapmışdı. Həmin vaxt insanların döyülmüş, həbs edilmişi. Bunun ardınca Naxçıvanda Turac Zeynalovun başına gətirilən dəhşətlər  ortaya çıxdı, məlum oldu ki, dövlətin güc strukturları quldurluqla məşğul olur. Amma bütün bunlara baxmayaraq  Vasif Talıbova “Şərəf” ordeni verildi.

Bakı meri Hacıbala Abutalıbov “Azərbaycanda bir nəfər kişi var, o da cənab prezidentdir” söylədi. Merin bu fikirləri cəmiyyətdə ikrahla qarşılandı və bir məmura yaraşmayan  hərəkət kimi qiymətləndirildi. Amma ölkə başçısı Hacıbala müəllimi də “Şərəf”ləndirdi.

Mayın 19-da Binəqədi rayonunda faciəli yanğın baş verdi və nəticədə 15 nəfər insan həyatını itirdi. Bu hadisənin istintaqı hələ də yekunlaşmayıb və əsl cinayətkarlar azadlıqda gəzir. Üstəlik, bu hadisəyə görə əsas məsuliyyət FHN-in üzərinə düşür. Amma ölkə başçısı bu hadisədən sonra Kəmaləddin Heydərova da “Şöhrət” ordeni verdi.

Bu siyahını uzatmaq da olar və bu sadaladıqlarımız hələ abırlı personaclardı. Cəmiyyətdə heç bir nüfuzu olmayan,  insanların nifrətlə xarıtladığı xeyli adamlar var ki,  ölkə başçısı tərəfindən ən yüksək fərxri adlarla mükafatlandırılıb.

Iki gün öncə isə Ilham Əliyev daha bir “Şöhrət” in sahibini tapdı. Bu dəfə “Şöhrət” ordeni səhiyyənin inkişafındakı xidmətlərinə görə Səhiyyə Naziri Oqtay Şirəliyevə verildi.  Nə deyirik, halal xoşu olsun, dalı bol olsun, sağlığına qismət.

Amma Azərbaycan səhiyyəsinin vəziyyəti o qədər ağırdı ki, onun inkişafından danışmaq və buna görə mükafat vermək absurdun zirvəsini fəth etməkdi. Təsədüfi deyil ki, Oqtay Şirəliyevə “Şöhrət” ordeni verilməsi xəbəri cəmiyyətdə ironiya ilə qarşılandı. Sosial şəbəkələrdə bu hadisə ilə bağlı karikaturalar çəkildi, 1000-lərlə statuslar yazıldı, lətifələr qoşuldu və.s

Çünki, bu gün ölkə əhalisinin böyük əksəriyəti xəsətliklə mübarizə aparır. Elə bir ailə tapmaq olmaz ki, xəstəxana və apteklə ünsiyyəti olmasın. Bu ünsiyyətdən sonra isə əhali Irana, Gürcüstana, Rusiyaya və digər ölkələrə üz tuturlar. Demək olar ki, ölkə vətəndaşı ölkə səhiyyəsinə etibar etmir. Hansısa analizin cavabından əmin olmaq üçün həmin analizi başqa ölkələrə göndərirlər. Yaxud, 3-4 həkimin qəbuluna düşürlər ki, xəstəliyin diaqnozundan əmin olsunlar. Yəni, Azərbaycan səhiyyəsi keyfiyyətsiz dərmanların, bahalı müalicənin, yalan diqanozların əsarətindədir. Adamlar həkimə müraciət etməkdən qorxurlar. 

Bugünlərdə ölkə başçısı müşavirə keçirdi və açıq şəkildə etiraf etdi ki, dərmanlar keyfiyyətsizdi, həddindən artıq baha qiymətə satılır, həkimlər xəstələri əməkdaşlıq etdikləri apteklərə göndərirlər və.s sonra da məlum oldu ki, bu ölkədə 7 manatlıq dərmanı 61 manata satırlar.

Son günlərin ən səs-küylü, ürək ağrıdan hadisəsi jurnalist Rasim Əliyevin ölümü oldu. Cəmiyyət də bu hadisə ilə bağlı da fərqli münasibət ortaya çıxdı. Yəni, onu vəhşicəsinə döyənlərin cəzalandırılması tələb edilsə də, onun həyatını xilas edə bilmədiyinə görə səhiyyə qınanıldı. Məlum oldu ki, Rasim Əliyevi çox gec əməliyyata götürüblər, ilkin diaqnozlar dəqiq olmayıb və.s yəni, prezidentin nəzarətə götürdüyü bu işdə də məsuliyyətin bir hissəsi səhiyyənin üzərinə düşür.

Bu qədər neqativin “at oynatdığı” səhiyyədə hansı inkişafdan  danışmaq olar? Əgər bu inkişaf həqiqətən də mövcuddursa,  nazirlər niyə müalicə üçün Avropaya üz tutur?  Niyə hökumət özü ölkə səhiyyəsinə etimad göstərmir?

Göründüyü kimi baş verənlər vətəndaşı ələ salmaq, absurdların miqyasını genişləndirməkdi. Bu gün Səhiyyə nazirinə ancaq keyfiyyətli dərman hədiyyə etmək olar. Çünki, səhiyyəmiz ağır xəstədir. Bu xəstəlik isə “Şərəf” və “Şöhrət”lə deyil, ciddi islahatlarla sağala bilər. 

Bir sözlə, bu “Şöhrət” ordeni ancaq doğum günü hədiyyəsi ola bilər. Səhiyyəmizin isə yalnız xəstəliyi inkişaf edir.  Xəstəliyə görə isə təbrik etmək etik davranış deyil. 

İlham