Senator Ben Kardin Leyla və Arif Yunusun azadlığı üçün səylərini əsirgəməyəcəyini bəyan etdi
ABŞ-ın nüfuzlu senatorlarından biri, Senatın Xarici Əlaqələr Komitəsi sədrinin müavini Ben Kardin Azərbaycanda vətəndaş cəmiyyəti fəalları Leyla və Arif Yunus barədə çıxarılmış məhkəmə hökmü ilə bağlı bəyanat verib.
Senatın yaydığı mətbuat məlumatında bildirilir ki, senator Kardin bu yaxınlarda Azərbaycan prezidenti İlham Əliyevi insan haqları pozuntularının dayandırılmasına, mətbuat azadlığına hörmət edilməsinə və Azadlıq Radiosu Bakı bürosunun təkrar açılmasına çağırıb.
“Mən Leyla və Arif Yunus barəsində çıxarılmış hökmdən dərin narahatlıq keçirdiyimi bildirirəm. Onlar çox illər ərzində Azərbaycana dinc şəkildə demokratiyanın gətirilməsi üçün yorulmadan işləyiblər və elə həmin müddətdə də hökumətdən təqib görüblər. Biz bu gün onlara ağır həbsxana cəzasının verilməsini pisləyir və eyni zamanda onların başqalarına ilham olacaq güc və dözüm hisslərini alqışlayırıq”, – deyə Kardin bildirib.
Ben Kardin bəyanatının sonunda Azərbaycanda qanunun aliliyinin bərqərar olunması və Leyla və Arif Yunusun azad edilməsi üçün səylərini əsirgəməyəcəyini vəd edib.
Senator Kardin həm də Senatın Avropada Təhlükəsizlik və Əməkdaşlıq Komissiyasının (Helsinki komisiyası) həmsədridir (azadliq.org).