
Bu qədər ədalətsizlyi, bu qədər insafsızlığı, daşürəkliliyi necə edə bilirlər?
Özünü asaraq intihar etmiş Səbail rayon sakini, 29 yaşlı ananın faciəsi insanı dəhşətə gətirir. Dünəndən bu acının təsiri altındayam. Gülnar Babayeva intihar etməzdən əvvəl ailəsinə məktub yazıb. O, məktubunda qeyd edib ki, ailəsinin maddi çətinlikləri və körpə övladının xəstəliyinə görə həyatına qəsd edir. Gənc ana ağır xəstəliyə düçar olan övladına kömək edə bilmədiyi üçün özünü günahkar hiss etdiyini qeyd edib.
Dostlar, indi hansı zamandır? Niyə bu varlı ölkənin gənc anası övladını müalicə etdirmək üçün heç bir imkana malik olmasın? Bu ölkənin sərvətləri bütün dünyaya səpələnmirmi? Bu ölkədən oğurlanmış milyardlar Dubaydakı villalardan Panamadakı ofşor şirkətlərə qədər bütün dünya boyu şəxsi hesablara, mülklərə yatırılmayıbmı? Hakimiyyətdə qala bilmələri üçün diktatorlara aşağı faizlə kredit verilməyibmi? Bir qrup adamın ambisiyalarını təmin etməkdən ötrü Gülnarların boğazından kəsilən pullar Parisdən Budapeştə qədər muzeylərə, heykəllərə, parklara xərclənmirmi? Dünya qarşısında pulunun çoxluğu ilə öyünən rejim elə bu yaxınlarda milyardlarla manatı Avropa Oyunları adlı 2 həftəlik şouya xərcləmədimi? Bu qədər ədalətsizlyi, bu qədər insafsızlığı, daşürəkliliyi necə edə bilirlər?
Bəs bizlər bu dəhşətli haqsızlığa necə dözürük?
Mən şəxsən bir azərbaycanlı kimi o ananın ruhu qarşısında utanıram, əzab çəkirəm – ölkəmizin bu günə düşməsinə, ölkəmizi hələ də xilas edə bilmədiyimizə, bu dəhşətli insan faciələrinə millət olaraq biganə qala bildiyimizə görə…


