“Binə”də pul üstündə adam öldürdülər (FOTO)

Valyutadəyişmə məntəqəsinə silahlı basqın edənlər işçini güllələyib, sonra pulu götürüb aradan çıxıblar

 

 

 

Bakıda daha bir silahlı basqın olub. Bu barədə APA-ya Qaradağ Rayon Polis Idarəsindən bildirilib. Hadisə Lökbatan qəsəbəsində yerləşən “Binə” Ticarət Mərkəzində qeydə alınıb. Maskalı şəxslər ticarət mərkəzindəki valyutadəyişmə məntəqəsinə silahlı basqın edərək oranın işçisi Əli adlı şəxsi güllələyiblər. Sonra isə basqınçılar məntəqədən pulu götürərək hadisə yerindən qaçıblar.
Silahlı basqıya məruz qalan şəxs isə dünyasını dəyişib.
Hazırda hadisə yerində Bakı Şəhər Baş Polis Idarəsinin və Qaradağ Rayon Polis Idarəsinin əməkdaşları araşdırma aparır.
Azərbaycan DIN “Binə” Ticarət Mərkəzində ölümlə nəticələnən silahlı basqına münasibət bildirib.
Nazirliyin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov APA-ya deyib ki, hadisə bu gün səhər saat 09.30 radələrində baş verib. “Binə” Ticarət Mərkəzində fəaliyyət göstərən valyutadəyişmə məntəqələrindən birinə iki maskalı şəxs basqın edib. Onların açdığı atəş nəticəsində məntəqədə olan bir nəfər güllə yarası alıb. Yaralı xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Basqınçılar hadisə yerindən qaçıblar.
Hazırda Qaradağ Rayon Polis Idarəsi və rayon Prokurorluğunun əməkdaşlarından ibarət əməliyyat qrupu hadisə yerində araşdırma aparır. Cinayəti törədən şəxslərin müəyyən edilərək tutulması istiqamətində tədbirlər davam etdirilir.
Qeyd edək ki, silahlı basqın zamanı öldürülən şəxs Naxçıvan sakini, 25 yaşlı Əli Əliyevdir.

Cinayətin baş vermə səbəblərini araşdıran Qaradağ rayon Prokurorluğunun müstəntiqi Hamlet Məmmədov APA-ya açıqlamasında bildirib ki, hadisəni törədən şəxslərin iki nəfər olub: “Ehtimal olunur ki, onlar valyutadəyişmə məntəqəsinin işçisi Əli Əliyevi evdən çıxandan izləyiblər. Ə. Əliyev məntəqəyə çatıb qapını açan kimi üzü maskalı iki nəfər ona arxadan atəş açaraq əlindəki torbanı alaraq hadisə yerindən qaçıb. Maraqlısı bundadır ki, quldurluq edən şəxslər hadisəni törədib qaçarkən ərazidə xeyli sayda adam olub, lakin qorxudan heç kim həmin şəxslərə mane ola bilməyib”.
Müstəntiq qeyd edib ki, hadisə ərazidəki təhlükəsizlik kameralarına düşüb. Təhlükəsizlik kameralarındakı qeydlərə baxdıqdan sonra quldurluq edən şəxslərin hansı istiqamətdə qaçdığını və ya hansısa avtomobildən istifadə edib-etmədikləri müəyyənləşdirmək mümkün olacaq.
H. Məmmədov, həmçinin bildirib ki, basqına məruz qalan valyutadəyişmə məntəqəsindəki seyf boş olub. Məlumata görə, gecə həmin seyfdə pul saxlanılmayıb. Basqınçıların götürdüyü pul isə Ə. Əliyev özü ilə gətirib. Bundan başqa, məntəqədəki stolun siyirməsində təxminən 300 manata yaxın pul olub və həmin pula toxunulmayıb. Basqınçıların nə qədər pul apardığı isə hələlik məlum deyil.
Baş vermiş hadisə ilə bağlı cinayət işi başlanıb, əməliyyat istintaq tədbirləri davam etdirilir.