Məhəmməd Talıblı: «Ayrılan vəsait o qədər azdır ki, bunu sadəcə, kəsmək də mümkün olmur»
Ölkə başçısı Ilham Əliyev Cəlilabad rayonuna səfəri çərçivəsində Alar-Təzəkənd-Üçtəpə-Əliqasımlı-Cəfərxanlı avtomobil yolunun açılışında sakinlərlə görüşü zamanı bildirib ki, hökumət heç bir sosial layihəni ixtisar etməyib: “Qeyri-neft sektorumuz 9 faizdən çox artıb. Bu da ən yüksək göstəricidir. Baxmayaraq ki, bizim iqtisadiyyatımızın bir hissəsi neftlə, qazla bağlıdır və qiymətlər kəskin şəkildə aşağı düşüb və hələ düşməyə davam edir, biz heç bir sosial layihəni ixtisar etməmişik, əksinə, sosial-iqtisadi infrastruktur layihələri icra edilir”.
Dünya bazarında neftin qiymətinin ucuzlaşması ilə ölkənin iqtisadi gəlirlərinin sürətlə aşağı düşməsi müxtəlif sektorların fəaliyyətində ciddi problemlərə yol açdı.
Təkcə tikinti sektorunun 30 faizindən çoxunda iş dayandı. Bundan başqa, əhaliyə verilən kreditlərin həcmi azaldı. Eyni zamanda, ipoteka xərclərində də ixtisarlar baş verdi. Bütün bunlar isə əhalinin onsuz da aşağı olan sosial güzəranını daha da pisləşdirdi.
Belə bir vəziyyətdə dövlət başçısının bu cür çıxışını şərh edən iqtisadçı ekspert Məhəmməd Talıblı deyir ki, il ərzində nəzərdə tutulmuş sosial proqramların icrasında, ola bilsin ki, heç bir layihə təxirə salınmayıb. Bunun da bir neçə səbəbi var: “Əvvəla, ”Büdcə sistemi haqqında" qanunun tələblərinə görə, müdafiə olunmuş xərclərin təxirə salınması qadağandır. Yəni, pensiyalar, müavinətlər, əməkhaqqılar və bu qəbildən olan sosial xərclər təxirə salına bilməz. Bunu qanunvericilik qadağan edir".
Ekspertin sözlərinə görə, bizdə sosial proqramların payı ümumi xərcləmələrdə bir o qədər yüksək deyil ki, onu da təxirə salıb xərcləməyək: “Məsələn, dövlət büdcəsinin sosial xərcləri ümumi büdcə xərclərinin 24 faizini təşkil edir. Demək olar ki, hər 4 manatın biri sosial xərclərə aiddir. Qonşu Gürcüstanda, o cümlədən Pribaltika respublikalarında bu göstərici bizdən yüksəkdir. Avropa Birliyinə daxil olan ölkələrin əksəriyyətində bu rəqəm 40-60 faizin üzərində olur. Sosial xərclərin xüsusi çəkisi ümumi büdcə xərclərinin yarısından çoxunu təşkil edirsə, belə büdcəyə sosialyönümlü dövlət büdcəsi deyilir. Biz belə ölkələrdən deyilik”.
Ekspert qeyd edir ki, sosial xərclər dövlət büdcəsində əsasən özündə 4 elementi birləşdirir: təhsil, səhiyyə, sosial müdafiə və təminat xərcləri, mədəniyyət və incəsənət xərcləri: “Bizdə idman tədbirləri daha da prioritet hesab olunan sahədir. Amma o sahəyə sərf olunan bu qədər xərclərin büdcədə payı böyük görünmür. Çünki həmin tədbirlər üçün xərclər sosial xərclərdə yox, investisiya xərclərində ”oturur". Əslində, kütləvi tədbirlərə, idman komplekslərinə və onların saxlanma xərclərinə kifayət qədər vəsaitlər xərclənir. Amma ünvanlı olaraq, müəllimlərin və həkimlərin əməkhaqqı xərclərinə, pensiya və müavinət xərclərinə bir o qədər qayğı yoxdur. Qarabağ döyüşlərində həlak olan və yaralananların ailə üzvlərinə, 14 min şəhid ailəsinə edilən 36 manat həcmində müavinət sadəcə, biabırçılıqdır".
Prezident təqaüdçüsü olan əməkdar artistin bu sosial qrupdan 3 dəfə çox müavinət aldığını xatırladan ekspertin sözlərinə görə, ola bilsin ki, dövlət gəlirlərinin azalması fonunda sosial proqramlar “kəsilməyib”, amma ayrılan vəsait o qədər azdır ki, bunu sadəcə, kəsmək də mümkün olmur: “Bu baxımdan demək olar ki, heç bir investisiya layihəsi ixtisara salınmayıb. Digər tərəfdən, sosial proqramlardan gələn gəlirlər vətəndaşların minimum istehlak büdcəsinə bir çox hallarda adekvat olmur. Ölkədə vətəndaşlar əldə etdikləri ailə büdcələrinin 72 faizini istehlak xərclərinə yönəldir, yerdə qalanını kommunal və digər xərclərə. Ona görə də sosial gəlirlərin artırılması mənbələri həm də sosial ödəmələrə vəsaitləri artırmaqdadır. Eyni zamanda, inhisarçılıq hesabına bazarlarda bahalaşmaya görə daha çox vəsait ödəyəcək kanallarını qapamaqdadır. Sosial xərclərin az olması isə Insan Inkişafı Indeksininin (BMT) aşağı düşməsinin əsas səbəbidir. Yəni, bu göstəricinin pisləşməsində 3 indikatordan 2-si məhz sosial təyinatlıdır. Təhsilin səviyyəsi və orta ömür müddəti. Biz ölkədə Insan Inkişafı Indeksinin səviyyəsini yüksəltmək istəyiriksə, mütləq sosial xərclərimizdə əhəmiyyətli artımlara getməli və onların səmərəsini yüksəltməliyik”.
Emil