Dövlətin vəsaitini talan edənlər niyə cəzalandırılmır?
Azərbaycan hakimiyyətinin ölkəni uçuruma apardığı açıq şəkildə görünür. Yanlış iqtisadi siyasət hər gün Azərbaycanın itirməsi ilə nəticələnir. Dəqiq hesablama aparılsa, məlum olar ki, 10 milyardlarla vəsait heç bir xeyir gətirməyən, ölkənin gələcəyi üçün zəmanət olmayan işlərə sərf olunub. Amma bu milyardların taleyinə görə heç kim məsuliyyət daşımır, heç kimdən bu pulların hesabatını soran yoxdu.
Məsələ burasındadır ki, bu qədər milyardları talan edən hökumət özünü dövlət büdcəsinin qoruyucu mələyi kimi göstərməyə çalışır. Ölkənin tanınmış hüquq müdafiəçilərini “vergidən yayınma” ittihamı ilə həbs edib büdcə təəssübkeşi kimi görünməyə çalışırlar. Amma məlum olur ki, ölkənin ən böyük dövlət strukturlarının 100 milyonlarla vergi borcu var. Yəni insanlardan 5-10 manatın hesabını sorub, buna görə ağır cəzalar təbiq edənlərin özləri dövlətə külli miqdarda ziyan vururlar.
Bir müddət əvvəl məlum oldu ki, Neft Şirkətinin 100 milyonlarla vəsaiti Rusiyada daşınmaz əmlak şəklində saxlanılır. Ancaq Rusiyada ciddi böhran yarandı və Azərbaycanın milyonlarla vəsaiti öz dəyərini itirdi. Ancaq bu itkilərə görə cavabdeh olan şəxslər var. Bu adamlara dövlətin vəsaiti etibar edilib və onlar da şəxsi maraqların təminatı üçün vəasiti Rusiyaya yatırıblar. Təkcə bir ticarət mərkəzinin satışından neft fondu 44 milyon dollar pul itirdi.
Bu da azmış kimi bugünlərdə növbəti zərbəni Çindən aldıq. Son iki gündə Azərbaycanın Dövlət Neft Fondu Çinin həyata keçirdiyi devalvasiyaya görə, nisbi olaraq 17,4 milyon dollar itirib. Bir müddət əvvəl Neft Fondu Çində istiqrazlara 3 milyard yuan yatırmaq üçün icazə aldığını açıqlamışdı. Çin Mərkəzi Bankı son iki gündə yuanı dollar qarşısında cəmi 3.48 faiz ucuzlaşdırıb. Srağagün ölkədə 1.86%-lik, dünən isə 1.62%-lik devalvasiya həyata keçirilib. Təsəvvür edin ki, 1.86 faizlik devalvasiya Azərbaycana 17 milyon ziyan vurdu.
Halbuki Neft Fondunun bu addımını mütəxəssislər etirazla qarşılamışdı. Iqtisadçı ekspertlər bildirmişdi ki, Çin valyutası ilə ehtiyatları sığortalamaq səhv addımdı. Həm də Çinin belə bir devalvasiya ilə üz-üzə qalacağı bəlli idi. Amma Azərbaycan hakimiyyəti heç bir etiraza məhəl qoymadı və ölkənin milyonlarını Çin yuanına çevirdi. Bundan sonra daha nə qədər zərər ediləcəyi bəlli deyil.
Göründüyü kimi, hakimiyyət xalq və dövlət qarşısında heç bir məsuliyyət daşımaq fikrində deyil. Ancaq buna görə xalqa izahat verilməli, məsuliyyət daşıyanlar cəzalandırılmalıdır. Heç kimi dinləmədən Azərbaycanın sərvətlərini havaya səpələmək dövləti cinayətdir. Hakimiyyət hazırda dövləti cinayətlə məşğuldu və bütün dünya bunu görür.
Hakimiyyətin dövlətə son “töhfə”si isə manatı yuanla əritməkdən ibartədir.
İlham


